Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:57

ABŞ və Rusiya Suriyada təyyarələrinin toqquşmaması üçün danışıblar


ABŞ kəşfiyyat peyklərinin çəkdiyi fotolarda Suriyada Rusiya hərbi texnikası görünür
ABŞ kəşfiyyat peyklərinin çəkdiyi fotolarda Suriyada Rusiya hərbi texnikası görünür

Rusiyanın Suriyaya qırıcı təyyarələr göndərməsindən sonra mürəkkəbləşən vəziyyət Amerika və Rusiya hərbiyyələrini danışıqlara gətirib

Reuters agentliyi ABŞ rəsmilərinə istinadən bildirib ki, Rusiyanın Suriyaya qırıcı təyyarələr göndərməsindən sonra mürəkkəbləşən vəziyyət Amerika və Rusiya hərbiyyələrini danışıqlara gətirib.

Xəbərdə deyilir ki, əməliyyatların aparıldığı hava məkanının çox kiçik olması Rusiya və ABŞ koalisiyası təyyarələrinin havada toqquşması ehtimallarını artırıb və buna görə də ABŞ müdafiə naziri Ash Carter rusiyalı həmkarı Sergei Shoygu-nun “söhbət etmək” çağırışına müsbət cavab verib.

Rusiya qırıcıları Suriyaya gəlib
Rusiya qırıcıları Suriyaya gəlib

ABŞ müdafiə rəsmiləri bildiriblər ki, belə hallarda, hərbçilərin təbirincə deyilsə “dekonfliksiya” üçün koordinasiya razılaşmasının əldə edilməsi zəruridir.

Pentaqon rəsmisi Peter Cook bildirib ki, iki nazir, Suriyada Rusiya və ABŞ koalisiyasının qeyri-iradi toqquşmaları ehtimalının aradan qaldırılması mexanizmini müzakirə ediblər.

Shoigu nə deyib?

Bu da vurğulanır ki, Moskva və Vaşinqton Assad-ın gələcəyini müxtəlif perspektivlərdə görürlər.

ABŞ dövlət katibi John Kerry deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə Suriyada “ortaq məxrəc” axtarır

Rusiya Assad rejiminin nəyin bahasına olursa olsun saxlanmasını istəyirsə, Vaşinqton Suriya münaqişəsinin həlli üçün keçid hökumətinin yaradılmasını daha münasib hesab edir.

Danışıqlar zamanı Sergei Shoigu bildirib ki, Rusiyanın Suriyadakı hərbi fəaliyyəti müdafiə xarakteri daşıyır.

O deyib ki, Rusiya Suriya hökuməti qarşısında öhdəliklərini yerinə yetirir, hərçənd bu öhdəliklərin nədən ibarət olduğunu açıqlamayıb.

ABŞ kəşfiyyatının təxminlərinə görə Rusiya Suriyada hərbi hava bazasını möhkəmləndirir və bu ölkəyə 500-dək dəniz piyadası göndərib. Bundan əvvəl Suriyaya T-90 tanklarının gətirildiyi xəbər verilmişdi.

ABŞ Moskva ilə “ortaq məxrəc” axtarır

Londonda olan ABŞ dövlət katibi John Kerry deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə Suriyada “ortaq məxrəc” axtarır.

Dövlət katibi bildirib ki, Suriya münaqişəsi həddən artıq uzanıb və ona münasibət məsələsinə yenidən baxılmasına ehtiyac var.

ABŞ və Rusiya müdafiə nazirləri arasında bundan əvvəlki təmaslar 2014-cü ildə Krımın ilhaqına qədər olmuşdu.

Mətbuat yazır ki, Vladimir Putinin Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasına şəxsən gəlməsi ən yüksək səviyyədə ABŞ-Rusiya danışıqlarının ola biləcəyini göstərir.

ABŞ Türkiyə ilə Rusiya arasında

ABŞ hazırda özünün İslam Dövləti adlanan təşkilata qarşı strategiyasını Türkiyə və Rusiyanın münasibətləri arasında qurmağa çalışır.

ABŞ-ın regiondakı ən böyük müttəfiqi Türkiyə Assadın dərhal getməsini istəyirsə də, ABŞ-ın ən böyük rəqibi Rusiya Suriya prezidentinin hakimiyyətdə saxlanmasına çalışır.

Nə Türkiyə təklikdə PKK-nın öhdəsindən gəlməyə, nə də Rusiya təklikdə Assad-ı hakimiyyətdə saxlamağa qadirdir

ABŞ hətta Türkiyə ilə birgə bəyanatlarında da PKK mövqelərinin indi vurulmasını təqdir edən bir cümlə də işlətməyib.

Bundan başqa ABŞ Suriyada hakimiyyət məsələsini, dəqiq deyilsə, “Assad-ın getməsi yox, keçid hökumətinin yaradlılması” şəklində qoyub.

Digər tərəfdən ABŞ Türkiyənin heç olmasa hansısa istəyinin təmin olunması üçün Suriyanın şimalında “təhlükəsiz zona” yaradılmasına qarşı çıxmayıb.

Bir sıra analitiklətin fikrincə, bütün bunlarla yanaşı Rusiya ilə Türkiyə arasında balanslı siyasət yürütməyə çalışan ABŞ əhəmiyyətli üstünlüyə malikdir.

Onların fikrincə, nə Türkiyə təklikdə PKK-nın öhdəsindən gəlməyə, nə də Rusiya təklikdə Assad-ı hakimiyyətdə saxlamağa qadirdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG