Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Ağ Evin Rusiyada səfir vəzifəsinə namizədi ‘Moskva seçkiyə müdaxilə edib’ deyir


Jon Huntsman Senat dinləməsindən sonra
Jon Huntsman Senat dinləməsindən sonra

ABŞ-ın Rusiyadakı gələcək səfiri olmaq üçün Ağ Ev tərəfindən namizədliyi verilmiş şəxs deyib ki, Moskvanın ötənilki ABŞ seçkisinə müdaxilə etdiyinə “heç bir şübhə yoxdur”.

Jon Huntsman bu bəyanatı sentyabrın 19-da onun səfir vəzifəsinə namizədliyini təsdiq etməli olan Senatın Xarici Əlaqələr Komitəsində verib.

AzadlıqRadiosu yazır ki, keçmiş Yuta qubernatoru, habelə Çin və Sinqapurda ABŞ səfiri işləmiş Huntsman-ın namizədliyinin təsdiq ediləcəyi gözlənilir.

Ekspertlər onun bu dinləmədə dediklərini diqqətlə təhlil edirdilər, çünki gələcək ABŞ-Rusiya münasibətləri ilə məhz o yaxından məşğul olacaq.

Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddialar Trump Ağ Evə gələndən bəri onun prezidentliyi üzərinə kölgə salıb.

Prezidentin özü Rusiyanın seçkiyə müdaxiləsinə şübhə etdiyini bildirir.

ABŞ-ın Rusiyada gələcək səfiri olacaq şəxs Senat komitəsində deyib: “Heç bir şübhə yoxdur ki, təkrar edirəm, heç bir şübhə yoxdur ki, Rusiya hökuməti ötənilki ABŞ seçkisinə qarışıb. Bundan başqa Moskva bizim dost və müttəfiqlərimizin demokratik proseslərinə müdaxilə etməkdə davam edir”.

ABŞ-Rusiya münasibətləri Trump Ağ Evə gəlməzdən əvvəl də pisləşməkdə idi.

Kremli ABŞ Senatının Rusiyanı insan haqları pozuntularında ittiham edən 2012-ci il qanunu qəzənbləndirmişdi.

Bunun ardınca, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsi ona qarşı ABŞ və onun müttəfiqlərinin sanksiyaları ilə nəticələnib.

2016-cı ilin dekabrında Trump-ın sələfi – prezident Obama Rusiya təhlükəsizlik xidmətlərinin iki aparıcı qurumunu kibercasusluqda ittiham etmiş, Rusiya diplomatik missiyasını onun iki mülkündən çıxarmış və 35 Rusiya diplomatının ölkədən qovulmasına sərəncam vermişdi.

Bundan əvvəl ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyini bildirmişdilər.

Bunun ardınca Moskva ABŞ-ın Rusiyadakı diplomatik heyətinin kəskin şəkildə ixtisarını tələb etmişdi. ABŞ buna Rusiyanın San Fransiskodakı konsulluğunun və daha bir neçə diplomatik binanın müsadirəsi ilə cavab vermişdi.

Bu arada ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları möhkəmləndirən qanunlar qəbul edib.

Hazırda azı üç Konqres komitəsi və Ədliyyə Nazirliyinin xüsusi prokuroru Rusiya rəsmiləri ilə Trump-ın yaxın çevrəsi arasında iddia edilən əlaqələri araşdırır.

Huntsman senatorlara deyib ki, indi münasibətlər çox pisdir və bu ona 1986-cı ili xatırladır.

O deyib ki, səfir kimi təsdiq olunarsa, Rusiya rəsmilərindən onların hərəkətləri üçün hesabat istəyəcək.

Bununla yanaşı o deyib ki, Rusiya və ABŞ-ın əməkdaşlıq edəcəyi bir sıra sahələr var. Bunlardan ən əsas ikisi – İslam Dövləti təşkilatına qarşı müştərək mübarizə və birgə kosmik tədqiqatlardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG