Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Rusiya ABŞ vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb


Paul Whelan
Paul Whelan

Rusiya Moskvada casusluq şübhəlisi kimi saxlanmış keçmiş ABŞ dəniz piyadasına qarşı rəsmi ittiham irəli sürüb. Amerikalının vəkilibu ittihamdan apellyasiya şikayəti verdiyini bildirib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) dekabrın 31-də bildirmişdi ki, Paul Whelan casusluq aktının icrası zamanı tutulub.

FTX bu “casusluq aktının” nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Müdafiə tərəfinin vəkili Vladimir Zherebenkov yanvarın 3-də deyib ki, o Whelan-ın məhkəməyədək zaminə buraxılması üçün vəsatət qaldırıb.

Zherebenkov deyib ki, 48 yaşlı Whelan “konstruktiv davranış nümayiş etdirir” və müstəntiqlər onunla “humanist və peşəkar bir təzdə davranırlar”.

Whelan təqsiri sübut olunarsa 20 ilədək həbsxana cəzası ilə üzləşə bilər.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Birləşmiş Ştatlar istefada olan dəniz piyadasının Moskvada casusluq ittihamıyla saxlanmasından dolayı Rusiyadan izahat tələb edir, onun həbsinin qanunsuz olduğu müəyyənləşərsə, dərhal buraxılmasını istəyir. Bunu ABŞ Dövlət katibi Mike Pompeo deyib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Rusiyadakı səfir Jon Huntsman yanvarın 2-də Moskvadakı təcridxanada Paul Whelan ilə görüşüb, onun ailəsiylə telefonla danışıb.

Birləşmiş Ştatlar Whelan ilə əlaqə yaradılmasının yubanmasından diplomatik kanallarla narahatlıq bildirmişdi, bunu departamentin sözçüsü bəyanatında deyib.

Rusiyalılara aydın şəkildə demişik ki, ittihamlar barədə daha çox informasiya alacağımızı… gözləyirik, saxlanması qanunsuzdursa, onun qayıtmasını tələb edəcəyik”, – Pompeo yanvarın 2-də deyib.

***

ABŞ Dövlət katibi Mike Pompeo deyir ki, Birləşmiş Ştatlar Rusiyada casusluqda şübhəli bilinərək saxlanmış amerikalıya konsulluq xidməti göstərməyə çalışır, onun saxlanması qanunsuzdursa, dərhal buraxılması tələb olunacaq.

Mike Pompeo Braziliyada
Mike Pompeo Braziliyada

Ümid edirik ki, bir neçə saat ərzində ona konsulluq xidməti əldə edəcəyik, daha çox məlumat almaq imkanımız olacaq”, – Braziliyada səfərdə olan Pompeo söyləyib.

***

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanmış ABŞ vətəndaşının ailəsi bildirir ki, o günahsızdır və Moskvaya toyda iştirak etmək üçün getmişdi.

Ailəsinin yanvarlın 1-də verdiyi məlumata görə ordudan tərxis edilmiş Paul Whelan-la son dəfə dekabrın 28-də əlaqədə olublar.

Ailənin verdiy bəyanatda deyilir ki, o səfərdə olanda da bu qədər müddətdə evlə əlaqəsiz olmurdu:

“Biz onun təhlükəsizliyindən və vəziyyətindən dərindən narahatıq. Onun günahsızlığı şübhəsizdir və biz inanırıq ki, onun hüquqlarına hörmət ediləcəkdir”.

Rusiya mediası yazır ki, təqsiri sübut olunarsa Whelan-ı 10 ildən 20 ilədək həbsxana cəzası gözləyə bilər.

David Whelan AzadlıqRadiosuna deyib ki, onun qardaşı texniki ehtiyat hissələrinin təchizatı ilə məşğul BorgWarner şirkəti ilə “mühafizəçi müqaviləsinə” malikdir.

Rusiyanın dövlət Rostec konqlomeratı 2013-cü ildə bildirirdi ki, onun Kamaz avtomobil zavodunun BorgWarnerTurboSystems kimi tanınan BorgWarner şirkəti ilə uzun illər əməkdaşlığı olub.

BorgWarner firmasından Paul Whelan-ın bu şirkətlə əlaqəsi və həbsinə dair hələlik şərh almaq mümkün olmayıb.

David Whelan AP agentliyinə deyib ki, qardaşı əvvəllər Rusiyada bir neçə dəfə olub və keçmiş əsgərlik yoldaşının rusiyalı qadınla toyunun təşkilində kömək edib.

O saxlandığı gün səhər toyun qonaqlarından bəzilərini Kreml muzeylərini gəzdirib, lakin dekabrın 28-də keçirilən toya gəlməyib.

David Whelan deyib ki, qardaşının toya gəlməməsi onun ailəsinin narahatlığına səbəb olub. Yaxınları düşünüblər ki, ola bilsin o avtomobil qəzasına düşüb və ya başına nə isə başqa bir iş gəlib.

David Whelan bunu da deyib ki, qardaşı əvvəllər Kelly Services şirkəti üçün işləyib. Bu şirkət beynəlxalq kadr axtarışı ilə məşğuldur və Moskvada ofisləri var. Qardaşı deyib ki, Whelan Rusiyada biznes səfərlərində olub və burada sosial mediada tanış olduğu şəxslərlə görüşüb.

Deyilənlərə görə, Paul Whelan-ın hətta Rusiyanın sosial platformalarından VKontakte saytında öz hesabı olub və burada mesajlarını bəsit ruscada yazırmış.

David Whelan deyib ki, qardaşı ABŞ dəniz piyadalarının sıralarında bir neçə dəfə İraqda yerləşdirilib və sonralar Miçiqanda yaşayıb.

Whelan-ın saxlanmasından bir gün əvvəl prezident Vladimir Putin ABŞ prezidenti Donald Trump-a Yeni il təbrikində yazırdı ki, Moskva Vaşinqtonla dialoqa hazır olaraq qalır.

ABŞ Dövlət Departamenti bildirib ki, “ABŞ vətəndaşının Rusiya hakimiyyət orqanları tərəfindən saxlanmasından xəbərdardır” və bu barədə Rusiya Xarici İşlər Nazirliyindən rəsmi bildiriş alıb. Dövlət Departamentinin bu barədə məlumatında deyilir:

“Rusiyanın Vyana Konvensiyası üzrə öhdəlikləri saxlanan şəxsə konsulla təmas verilməsini tələb edir. Biz belə bir təması istəmişik və Rusiya hakimiyyət orqanlarının cavabını gözləyirik”.

Rusiya ilə ABŞ arasında münasibətlər Suriya müharibəasi və Ukraynada münaqişə də daxil bir sıra beynəlxalq məsələlərə görə gərgin olaraq qalır.

Ötən noyabrın sonlarında Trump Ukrayna gəmilərinin və 24 Ukrayna dənizçisinin Moskva tərəfindən həbsinə etiraz olaraq Putinlə planlaşdırılan görüşünü qəfildən ləğv edib. İki prezident Argentinada keçirilən G20 sammitinin kuluarlarında görüşməli idi.

Whelan-ın saxlanmasından bir neçə həftə əvvəl Rusiya vətəndaşı olan qadın ABŞ məhkəməsi qarşısında Kreml üçün casusluq etdiyini boynuna almışdı.

Maria Butinanın ABŞ Milli Atıcılıq Assosiasiyası və Respublikaçı Partiya ilə əlaqəsi olan nüfuzlu rəsmilərin arasında lobbiçilik fəaliyyəti ilə məşğul olduğuna görə mühakimə edildiyi iddia olunur.

Kreml Butinanın Rusiya agenti olduğuna dair iddiaları rədd edir. Moskva onun azad olunması üçün sosial media kampaniyası aparır.

Keçmişdə Rusiyanın məhbus dəyiş-düyüşü etmək məqsədilə əcnəbiləri həbs etdiyi hallar olub.

Putin dekabrın 20-də özünün illik mətbuat konfransında demişdi ki, “Rusiya kimisə yalnız sonradan dəyişmək məqsədilə həbs etmir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG