Son 10 il ərzində ABŞ-da yaşayan müsəlmanların sayı bir milyona qədər artıb. Müsəlman əhalinin artımı bu sürətlə davam edərsə, 2040-cı ilədək müsəlmanlar hazırda Amerikanın ikinci ən böyük dini qrupu olan yəhudi əhalisini bu mövqedən sıxışdırıb çıxara bilər. Vaşinqtonda fəaliyyət göstərən müstəqil «Pew» Tədqiqat Mərkəzinin ən yeni araşdırmasında belə deyilir.
ABŞ-da dəqiq nə qədər müsəlman yaşadığı barədə detallı məlumat vermək çox çətindir. Çünki ABŞ Siyahıyaalma Bürosu insanlardan onların dini inancını soruşmur. Ancaq «Pew» Tədqiqat Mərkəzi özünün demoqrafik araşdırma və sorğu nəticələrinə əsaslanaraq, hazırda ABŞ əhalisinin 1.1 faizə qədərinin müsəlman olduğu qənaətinə gəlib.
Müsəlmanlar 8.1 milyon nəfərə çatacaq
2007-ci ildə Birləşmiş Ştatlar əhalisinin təxminən 2.35 milyon nəfəri müsəlman olub. Hazırda yəhudilər ABŞ-da ikinci ən böyük dini qrupdur. «Pew» Tədqiqat Mərkəzinin dəyərləndirməsinə görə, müsəlmanlar ölkənin yəhudi əhalisindən daha sürətlə artır. Buna görə də 2050-ci ilədək ABŞ-ın müsəlman əhalisi 8.1 milyona, başqa sözlə, ümumi ölkə əhalisinin 2.1 faizinə çatacaq. Bu, hazırkı faiz göstəricisinin iki misli deməkdir. «Pew» Tədqiqat Mərkəzi ABŞ-ın müsəlman əhalisinin hər il 100 min nəfərədək artdığını deyir. Ancaq bu artım dinini dəyişərək, islamı sonradan qəbul edən insanların hesabına baş vermir. Çünki tədqiqatın nəticələrinə görə, Amerikada islamı qəbul edən və onu tərk edən insanların sayı təqribən eynidir.
«Həqiqətən də, Amerikada yetkinlik yaşına çatmış hər 5 müsəlmandan 1-i fərqli dini ənənələrlə böyüyüb və islamı sonradan qəbul edib. Müsəlman kimi böyümüş insanların da təxminən bu qədəri daha özünü müsəlman saymır», – tədqiqatın yekun hesabatında deyilir.
Amerika müsəlmanlarının xeyli hissəsi ABŞ-a başqa ölkələrdən gəlib. «Pew» Tədqiqat Mərkəzinin başqa bir araşdırmasına görə, amerikalıların ABŞ müsəlmanlarının assimilyasiya istəyinə münasibəti fərqlidir. Onların yarısı ABŞ müsəlmanlarının assimilyasiya etmək istədiyini, digər yarısı isə bunun əksini düşünür. Ancaq amerikalıların əksəriyyəti hesab edir ki, çoxlu fərqli irqləri, etnik qrupları və millətləri təmsil edən çox sayda insanın ölkəyə gəlməsi ABŞ üçün müsbət haldır.
Nifrət cinayətləri də artır
Bütün bunlara baxmayaraq, müsəlman amerikalılara qarşı nifrət cinayətləri, onlara hücumlar ildən-ilə artmaqdadır. «Pew» Tədqiqat Mərkəzinin Federal Təhqiqat Bürosunun (FTB) statistikasından yararlanaraq apardığı başqa bir müstəqil araşdırmaya görə, 2016-cı ildə müsəlman amerikalılara hücumların sayı 2001-ci ildəkindən çox olub. 2001-ci il Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqona hücumların törədildiyi ildir.
2016-cı ildə müsəlmanları hədəfləyən nifrət cinayətlərinin sayı 307 olub. Bu, 2015-ci illə müqayisədə 19 faiz artım deməkdir. Buna baxmayaraq, Birləşmiş Ştatlarda törədilmiş nifrət cinayətlərinin ümumi sayına baxdıqda, onların arasında Amerika yəhudilərini hədəfə alan insidentlərin üstünlük təşkil etdiyini görürük.
«2016-cı ildə yəhudilərə qarşı 684 nifrət cinayəti insidenti qeydə alınıb. Bu, 2015-ci ildə törədilmiş cinayətlərin sayı (664) ilə müqayisədə cüzi artım deməkdir. Müqayisə üçün, 2016-cı ildə katoliklərə qarşı 62, protestantlara qarşı 15 nifrət cinayəti qeydə alınıb», – «Pew» Tədqiqat Mərkəzinin hesabatında deyilir.
Araşdırma mərkəzinin son hesabatında həmçinin deyilir ki, müsəlman əhali ölkənin fərqli yerləri arasında bərabər paylanmayıb. Paytaxt Vaşinqton kimi, bəzi böyük şəhərlərdə iri müsəlman icmaları mövcuddur. Bəzi ştatlarda, məsələn, Nyu-Cersidə yetkinlik yaşında olan müsəlmanların əhalinin ümumi sayına nisbəti ölkə göstəricisindən 2-3 dəfə artıqdır. Bəzi ştatlarda isə müsəlmanların sayı bundan qat-qat azdır.