Dünya xəbərləri
ABŞ Mərkəzi Kəsfiyyat İdarəsinin direktoru Moskvanı xəbərdar edib
Bu yaxınlarda Moskvada səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Rusiya rəhbərliyinə ABŞ-ın Ukrayna sərhədi yaxınlığında qoşunların hərəkətinə diqqətlə yanaşması barədə xəbərdarlıq edib.
CNN-in xəbərinə görə, Vaşinqton Rusiyanın hərəkətlərinin motivlərini anlamağa çalışır.
Məlumatda deyilir ki, Rusiyanın yüksək rütbəli məmurları ilə görüşlərdə MKİ direktoru Rusiyaya və onun istənilən hücum əməliyyatları keçirmək niyyəti barədə xəbərdarlıq edib.
CNN həmsöhbətlərinin dediyinə görə, Rusiyadakı görüşlərdən sonra Berns Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edərək onu ABŞ-ın dəstəyinə inandırıb.
Noyabrın 4-də Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Kiyevə göndərilib. Pentaqonun sözçüsü Con Kirbi cümə günü hərbi mənbələrə istinadən bildirib ki, Ukrayna sərhədlərinə nisbi yaxınlıqda cəmləşən rus qoşunlarının sayı “qeyri-adi” görünür.
Bütün xəbərləri izləyin
ABŞ Rusiya xarici işlər nazirinin müavininə viza verməyib
ABŞ Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimova Nyu-Yorkda BMT tədbirlərində iştirak etmək üçün viza verməyib. TASS agentliyi xəbəri Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqinova istinadla yayıb.
"Rusiya Federasiyasının BMT çərçivəsində keçirilən tədbirlərə göndərdiyi nümayəndələrlə bağlı bütün viza müraciətlərinin nə vaxtsa tam təmin olunduğunu xatırlamıram", – o deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, viza məsələsi ABŞ hakimiyyəti ilə müzakirə olunacaq. Onun sözlərinə görə, bu addım BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkənin öhdəliklərini pozur.
Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Sentyabrın 23-də onun Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır.
Sentyabrın 22-də Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın görüşəcəyi gözlənilir. Danışıqların əsas mövzusunun "enerji atəşkəsi" adlı razılaşmanın mümkünlüyü olacağı bildirilir.
Tramp son vaxtlar Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri məsələsinə dəfələrlə toxunub, bu hücumların dünya bazarında dizel yanacağının bahalaşmasına səbəb olduğunu bildirib. Zelenski bir gün əvvəl bəyan edib ki, Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələri dayandırarsa, Ukrayna da analoji deeskalasiya addımları atmağa hazırdır.
Türkiyədə məktəb yaxınlığında atəş açılıb, 8 şagird yaralanıb
Sentyabrın 22-də Türkiyənin qərbindəki Manisa vilayətində bir şagird oxuduğu məktəbin qarşısında atəş açaraq azı səkkiz şagirdi yaralayıb. Bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Yerli valilik hücum edən şəxsin saxlanıldığını bildirib.
İnternetdə yayılan foto və videolarda əli tüfəngli bir şəxsin məktəbin yaxınlığındakı küçə ilə getdiyi, daha sonra isə həmin küçədən geriyə qaçdığı görünür.
Hücumun motivi hələlik bəlli deyil.
Apreldə Türkiyə məktəblərində iki silahlı atışma insan itkisi ilə nəticələnib. Bundan sonra rəsmilər 2026-2027-ci tədris ili üçün yeni təhlükəsizlik tədbirləri tətbiq ediblər. Silahlara nəzarətin də sərtləşdirildiyi bildirilib.
Əvvəllər Türkiyədə bu cür hücumlar geniş yayılmamışdı.
Vitse-prezident Cövdət Yılmaz bildirib ki, daxili işlər naziri Mustafa Çiftçi və təhsil naziri Yusuf Tekin araşdırma aparmaq üçün Manisaya yollanıblar.
Rusiya Kiyev, Dnepr və Krivoy Roqa zərbələr endirib, ölənlər var
Sentyabrın 22-nə keçən gecə Rusiya qoşunları Ukraynaya ballistik, gəmi əleyhinə və qanadlı raketlərlə və dronlarla hücum edib. Ukrayna zərbələrin əsasən Dnepropetrovsk, Kirovoqrad və Poltava vilayətlərinə yönəldiyini bildirib.
Son məlumatlara görə, Dnepr şəhərində dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja anbarlara və bir müəssisəyə ziyan dəydiyini bildirib. Krivoy Roq və Pavloqradda da müəssisələr zərər görüb.
Kiyevdə Rusiyanın hücumu nəticəsində anbarlarda yanğın baş verib. Dnepr rayonunda beşmərtəbəli yaşayış binasına ziyan dəyib, sakinlər təxliyə olunub.
Poltava vilayətində sənaye müəssisəsi və kritik infrastruktur obyekti hədəf götürülüb.
Rusiya Müdafiə Nazirliyi Kiyev şəhərində, Dnepropetrovsk, Poltava və Odessa vilayətlərində metallurgiya və kimya sənayesi, yanacaq-energetika və hərbi-sənaye komplekslərinə aid müəssisələrin, liman infrastrukturu obyektlərinin, eləcə də dəniz gəmilərinin vurulduğunu bildirib.
Polşa sentyabrın 21-də axşam saatlarında Rusiyanın hücumu ilə əlaqədar qırıcı təyyarələrini havaya qaldırıb. Latviyada yerləşən NATO qırıcıları da havaya qalxıb. Bu ölkələrin hava məkanının pozulması barədə məlumat verilməyib. Sonradan həyəcan siqnalı ləğv edilib.
Paşinyan da Nyu-Yorka gedib
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-yə işgüzar səfərə yola düşüb. O, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
Hökumətin yaydığı məlumata görə, Paşinyan BMT-nin baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşlər keçirəcək. Digər görüşlərin konkret olaraq kimlərlə planlaşdırıldığı isə hələlik açıqlanmayıb.
Xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl AzadlıqRadiosunun erməni xidmətinə BMT Baş Assambleyasının iclası çərçivəsində azərbaycanlı həmkarı, xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyini, ancaq hələlik yekun razılaşma əldə olunmadığını bildirib. Mirzoyanın sözlərinə görə, bu görüş tərəflərin iş cədvəllərindən asılıdır.
Mirzoyan və Bayramov sonuncu dəfə sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonu işğal edilmişdi. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində öz suverenliyini tam bərpa edib.
Ötən il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələrinə dair birgə bəyannamə də imzaladılar. Bu bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunacaq. TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) adlanan bu tranzit xətti Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını tam qoruyub saxlayacaq.
Paraflanan mətndə tərəflər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyini xüsusi vurğulayırlar.
BMT Ukrayna müharibəsində azı min seksual zorakılıq faktını sənədləşdirib
Rusiyanın Ukraynada genişmiqyaslı təcavüzkar müharibəyə başlamasından bəri mülki şəxslərə və hərbi əsirlərə qarşı azı 1004 seksual zorakılıq faktı qeydə alınıb. Bunu BMT-nin İnsan Hüquqları Ali Komissarlığı sentyabrın 18-də yayımladığı hesabatında bildirir. Real say bundan xeyli yuxarı ola bilər, çünki monitorinq qrupu yalnız Ukraynanın nəzarətindəki ərazilərdə araşdırma apara bilib və yalnız başlarına gələnləri danışmağa cəsarət edən zərərçəkənlərlə görüşüb.
Hesabatda seksual zorakılıq dedikdə zorlama, seksual xarakterli digər zorakı hərəkətlər, məcburi soyundurma, cinsiyyət orqanlarına xəsarət yetirilməsi və işgəncə verilməsi, həmçinin zorlama cəhdləri ilə hədə-qorxular nəzərdə tutulur.
Sənədləşdirilmiş halların 89 faizində seksual zorakılığı Rusiya hərbçiləri və güc strukturları – Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Penitensiar Xidmətin əməkdaşları törədiblər. Qalan 11 faiz hallar üçün isə Ukrayna hərbçiləri, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və penitensiar sistemin əməkdaşları məsuliyyət daşıyıblar.
Zorakılığın qurbanları arasında həm mülki şəxslər, həm də hərbi əsirlər olub.
Monitorinq qrupu həm Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərlə, həm də əsirlikdən qayıtmış keçmiş ukraynalı hərbi əsirlərlə müsahibələr aparıb. Rusiya hakimiyyəti isə BMT nümayəndələrinin işğal altındakı ərazilərə girişinə icazə verməyib.
Zorakılıq qurbanlarının dörddə üçü kişilərdir. Onların əksəriyyəti əsirlikdə və ya məcburi saxlanma yerlərində zorakılığa məruz qalıb. Əsirlikdə və ya həbsxanada olmayan qurbanlar arasında isə qadın və qızlar çoxluq təşkil edir. Ən yaşlı qurbanın 82 yaşı olub, ən kiçiyi isə dörd yaşlı qızdır. Üç qadın zorlama nəticəsində uşaq dünyaya gətirib.
Zelenski Nyu-Yorkda Trampla görüşəcək
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefonla danışıb. O, X sosial şəbəkəsindəki rəsmi hesabında bu haqda yazıb.
“Vacib söhbət oldu, bir çox mövzunu müzakirə etdik”, – Zelenski bildirib.
O, həmçinin iki prezidentin Nyu-Yorkda şəxsən görüşməklə bağlı razılığa gəldiyini açıqlayıb.
“Bu görüş çox şeyi dəyişə bilər”, – Ukrayna prezidenti vurğulayıb.
“Gərginliyin azaldılması və təhlükəsizliyin əsas məsələləri – enerji və ərzaq təhlükəsizliyi, insanların həyatının qorunması ilə bağlı ideyalarımız var. Biz Amerika komandası ilə birlikdə işləyirik, gerçəkdən ciddi addımlar atmağa hazırıq”, – Zelenski yazıb.
Zelenski Trampa Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan “Lindsi Qrem qanun layihəsi”ni imzaladığına görə təşəkkür edib.
Paylaşımda iki dövlət başçısının görüşünün dəqiq vaxtı göstərilməyib. Zelenski daha əvvəl sentyabrın 20-dən sonra Trampla görüşməyə ümid etdiyini bildirmişdi.
ABŞ prezidenti sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək. Onun həmin gün bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Almaniya seçkilər ərəfəsində Latviyaya qırıcılar göndərir
Almaniya gələn ay keçiriləcək parlament seçkiləri vaxtı Latviyanın hava məkanını qorumaq üçün bu ölkəyə "Eurofighter" qırıcıları göndərəcək. Məlumatı Almaniya Müdafiə Nazirliyi yayıb.
Latviya 3 oktyabr parlament seçkiləri ərəfəsində NATO müttəfiqlərindən əlavə dəstək istəyib.
"Son həftələr və aylar dronların Baltikyanı ölkələrin hava məkanını dəfələrlə pozması fonunda Latviya hökuməti parlament seçkilərinin təhlükəsiz keçirilməsi üçün alyansdakı tərəfdaşlarına müraciət edib, hava məkanının müdafiəsində dəstək istəyib", – məlumatda deyilir.
Almaniya Müdafiə Nazirliyi bildirir ki, ölkə "xüsusilə şərq cinahında daha həssas vəziyyətdə olan müttəfiqlərinə etibarlı dəstək göstərir" və bu çərçivədə Latviyaya dörd "Eurofighter" qırıcısı göndərəcək.
Bu il Latviyada dronlarla bağlı bir neçə insident baş verib. İyun və avqustda qırıcı təyyarələr ölkə üzərində dronları məhv edib.
Ukrayna dronların Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin fəaliyyəti nəticəsində Baltikyanı ölkələrin ərazisinə keçdiyini bildirib. Bununla belə, Litva və Estoniyanın xarici işlər nazirləri də Rusiyanı Ukrayna dronlarını qəsdən bu ölkələrə tərəf yönəltməkdə ittiham ediblər.
Beynəlxalq tribunal Haşim Taçiyə 25 il həbs cəzası kəsib
Sentyabrın 16-da Haaqa tribunalı Kosovo Azadlıq Ordusunun (KLA) keçmiş komandiri, sonradan Kosovo prezidenti olmuş Haşim Taçini müharibə cinayətlərində təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.
58 yaşlı Taçi qətl, işgəncə və təqib ittihamları ilə mühakimə olunurdu. O, 1998-1999-cu illər müharibəsində Serbiya qüvvələrinə qarşı döyüşmüş Kosovo Azadlıq Ordusunun digər üç keçmiş rəhbəri ilə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Kosovoda geniş ictimaiyyət onları milli qəhrəman sayır.
Məhkəmə hökmü oxumağa davam edir.
H.Taçi 2020-ci ildə barəsində ittiham irəli sürüldükdən sonra Kosovo prezidenti vəzifəsindən istefa verib. Həmin vaxtdan Niderlandın Haaqa şəhərində yerləşən Kosovo üzrə Xüsusi Məhkəmə Palatalarının təcridxanasında saxlanılır.
Kosovonun Serbiyadan ayrılması uğrunda müharibədə 10 mindən çox insan həlak olub, onların çoxu etnik albanlar idi. 1600-dən çox şəxs isə hələ də itkin düşmüş sayılır.
2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonu bir çox Qərb ölkələri tanıyıb. Serbiya və onun müttəfiqləri olan Rusiya ilə Çin isə bu addımı atmayıb.
Yanvar etirazlarına görə 100-dən çox şəxs edam təhlükəsi ilə üz-üzədir
İranda yanvar etirazları ilə əlaqədar azı 100 nəfərə ölüm hökmü çıxarılıb. Onların arasında beş qadın və ittiham olunduqları əməlləri törətdikləri vaxt yaşı 18-dən az olan azı beş nəfər var. Məlumatı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) yayıb.
Qurum bildirib ki, bu hallar İranın 31 vilayətindən 13-də qeydə alınıb və ölüm cəzası ilə üzləşə biləcək etirazçıların kiçik bir hissəsini əhatə edir. Rəsmi mənbələr 100 işdən beşi barədə məlumat yayıb.
Onların hamısına azı ilkin mərhələdə ölüm hökmü çıxarılıb, bəzilərinin hökmünü İranın Ali Məhkəməsi qüvvədə saxlayıb.
IHR-in direktoru Mahmud Əmiri-Müqəddəm deyir ki, İnqilab məhkəmələri etirazçıları minimum ədalətli məhkəmə standartlarına belə cavab verməyən proseslərdə ölüm cəzasına məhkum edib.
Təşkilatın məlumatına görə, etirazlarla bağlı işlər üzrə təqsirləndirilən şəxslərə adətən öz seçdikləri vəkillə təmin olunmaq imkanı verilmir, işgəncə və məcburi etiraflardan sistemli şəkildə istifadə olunur.
IHR bildirir ki, martın 18-dən bəri İranda 31 etirazçı edam edilib. Onlardan 29-u yanvar etirazları zamanı saxlanılıb, ikisi daha əvvəl keçirilmiş "Qadın, həyat, azadlıq" hərəkatı ilə əlaqəli olub.
Təşkilatın son məlumatlarına görə, 2026-cı ilin əvvəlindən İranda 561 nəfər edam edilib.
Rusiya dronları Nikopolda avtobusa hücum edib, 5 nəfər həlak olub
Rusiya qüvvələri sentyabrın 16-na keçən gecə Nikopolda marşrut avtobusuna dronlarla hücum edib. Bu haqda Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Qanja məlumat verib. Beş sərnişin həlak olub, yeddi nəfər yaralanıb.
Kiyevdən Nikolayevə gedən sərnişin qatarı da dron hücumuna məruz qalıb. Qatar briqadası və sərnişinlər təxliyə olunub, onların daşınması üçün avtobuslar ayrılıb.
Rusiya dronları ilk dəfə deyil sərnişin qatarlarına hücum edir. Sentyabrın 8-də Kiyev-Sumı və Dnepr-Zaporojye qatarları, Sumı vilayətində şəhərətrafı elektrik qatarı dron hücumuna məruz qalıb, bələdçi qadın həlak olub. Sentyabrın 9-da "Şahed" dronu Xarkov vilayətində sərnişin qatarını vurub, yeddi nəfər yaralanıb. Sentyabrın 13-də isə dronlar Ukraynanın qərbində dəmir yoluna hücum edib, Kiyev-Varşava qatarının lokomotivi dağılıb.
Rusiya dronları ötən gecə Kiyevə də hücum edib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Svyatoşinski rayonunda anbarlarda yanğın başlayıb. Hazırda yanğın söndürülür. Bir nəfər xəsarət alıb.
Ümumilikdə gecə ərzində Ukraynaya 80-ə yaxın Rusiya dronu ilə hücum gerçəkləşdirilib.
Almaniyada hərbi aerodromun yaxınlığına dron düşüb
Almaniyada Hannover yaxınlığındakı hərbi aerodromun ətrafına dron düşüb. Dronun qalıqları sentyabrın 14-də axşam saatlarında Aşağı Saksoniyadakı Ştaynhuder-Mer gölü ərazisində tapılıb. "Bild" nəşri və NDR teleradio şirkətinin məlumatına görə, polis dronun digər hissələrinin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı aparır.
Dronun kimə məxsus olduğu bəlli deyil. Ondan hansı məqsədlə istifadə edildiyi də hələlik müəyyənləşdirilməyib.
Hadisə yerindən bir kilometr aralıda Almaniyanın Vunstorf hərbi aviabazası yerləşir. Bazada Almaniya Hərbi Hava Qüvvələrinin A400M hərbi nəqliyyat təyyarələri yerləşdirilib.
Avqustun 4-dən 5-n keçən gecə Leypsiq hava limanında tapılan dronun Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı məlum olub. Amma dronun təyyarənin qanadına çırpılaraq yerə düşdüyü və detonatoru sıradan çıxdığı üçün partlamadığı bildirilir. Daha sonra həmin ərazidə daha iki dron aşkarlanmışdı.
Almaniya hakimiyyəti hadisədə Rusiyanın əli olduğunu bildirib. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib ki, dronun parametrləri, əvvəllər digər hibrid hücumlarda istifadə edilmiş bəzi komponentləri araşdırıldıqdan sonra bu qənaətə gəlinib.
Sentyabrın 1-də Almaniya hakimiyyəti Berlindəki "Rus Evi"ni və Rusiyanın ölkədəki sonuncu baş konsulluğunu bağlamaq qərarını açıqlayıb. Moskva isə cavabında Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun və Rusiyadakı Höte mədəniyyət mərkəzlərinin fəaliyyətinə razılığını geri götürüb.
Türkiyədə polis LGBT fəallarını kütləvi saxlayıb
Sentyabrın 12-13-də Türkiyə polisi onlarla LGBT fəallını saxlayıb. Reydlər İstanbul, Ankara, İzmir və Antalyada keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fəalların mənzillərində, LGBT təşkilatlarının ofislərində və gecə klublarında axtarış aparıblar.
Polisin məlumatına görə, İstanbulda 26, Ankarada 20 nəfər saxlanılıb. Ümumilikdə reydlər 12 vilayətdə keçirilib. LGBT hüquqlarını müdafiə edən "Kaos GL" assosiasiyası 50 nəfərin saxlandığını, onların içində öz əməkdaşlarının da olduğunu bildirir.
"Kaos GL"in iddiasına görə, axtarışlara assosiasiyanın saytında və sosial şəbəkələrdə yayımlanan, prokurorluğun ədəbsiz saydığı paylaşımlar səbəb olub. LGBT təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayt və sosial şəbəkə səhifəsi şənbə günü – sentyabrın 12-də bloklanıb. Yalnız fəalların səhifələrinə deyil, Boğaziçi Universitetinin LGBT Araşdırmaları Klubu, Cinsi Təhsil, Araşdırma və Tibb Assosiasiyası (CETAD) kimi elmi təşkilatların saytlarına da giriş məhdudlaşdırılıb.
Polis əməliyyatı hökumətin "Ailəm təhlükəsizdir" təşəbbüsü çərçivəsində keçirilir. Məqsədin doğum səviyyəsinin azalması ilə mübarizə aparmaq, uşaqları mənfi təsirlərdən qorumaq olduğu bildirilir. Türkiyənin ədliyyə naziri Ərkin Gülək bildirib ki, prokurorluq ölkənin 15 vilayətində araşdırma aparır.
Türkiyə İnsan Hüquqları Assosiasiyası hakimiyyətin addımlarını pisləyib. "Bu əməliyyatın əsl adı "Ailəm təhlükəsizdir" deyil; bu, dövlətin yönəltdiyi ayrıseçkilik, qorxutma siyasəti və vətəndaş cəmiyyətinin məhv edilməsidir", – assosiasiyanın nümayəndələri X sosial şəbəkəsində yazıblar.
Yeni Dehlidə BRICS sammiti keçirilir. Pezeşkian da gedib
İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də BRICS ölkələri sammitində iştirak üçün Hindistanın paytaxtı Yeni Dehliyə gedib. Yaxın Şərqdə şiddətlənən münaqişənin sammitin əsas mövzularından biri olacağı gözlənilir.
BRICS inkişaf edən böyük iqtisadiyyatları və inkişaf etməkdə olan ölkələri birləşdirir, adını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin baş hərflərindən götürüb. 2024-cü və 2025-ci illərdə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qoşulması ilə üzvlərinin sayı 5-dən 11-ə çatıb.
İRNA dövlət xəbər agentliyinin məlumatına görə, Pezeşkian 2024-cü ildə bu vəzifəyə başlayandan Hindistana ilk səfərini edir. Onun ölkənin baş naziri Narendra Modi ilə danışıqlar aparması planlaşdırılır.
BRICS liderlərinin ikigünlük sammiti sentyabrın 12-də başlayacaq. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.
2024-cü ildə BRICS-ə qoşulan İran münaqişədə tərəfdir. BƏƏ isə İranın raket hücumlarına məruz qalıb və Tehrana qarşı tədbirlər görüb.
BƏƏ hücumlardan sonra avqustda İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Sammitdə bu ölkəni Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın təmsil edəcəyi gözlənilir.
Zelenskinin təyyarəsi Moldovadan Osloya uçarkən 'az qala dronla toqquşub'
Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Kişinyovdan Osloya uçarkən "az qala dronla toqquşub". Bu barədə Norveçin baş naziri Yonas Störe jurnalistlərə danışıb. Məlumatı Norveçin NRK telekanalının saytı yayıb.
Zelenski Osloda Norveç kralı V Haraldın dəfninə qatılıb.
Ukrayna prezidenti Norveçə səfəri zamanı Störe və ölkənin maliyyə naziri, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ilə görüşüb. Störe NRK-ya müsahibəsində deyib ki, Zelenski təyyarəsinə yaranmış təhlükə barədə ona danışıb.
Zelenskinin ofisi Norveç telekanalının hadisə ilə bağlı suallarını cavablandırmayıb.
Moldovanın Müdafiə Nazirliyi isə sentyabrın 8-də bildirmişdi ki, Rusiyaya məxsus "Şahed" tipli dron ölkənin hava məkanına daxil olub və Mixaylenı Vek yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.
Ölkənin hava məkanı yerli vaxtla saat 16:20 radələrində pozulub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır
Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Macarıstanın xarici işlər naziri Anita Orbanın sentyabrın 8-də dediyinə görə, Rusiyanın Budapeştdəki səfirinə bildirilib ki, "Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına görə diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub".
Həmin şəxslərin adları və vəzifələri açıqlanmır. Orban vurğulayıb ki, onlara qarşı ölkəni tərk etmə tələbi "Macarıstanın təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədi daşıyır", Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Rusiyanın Avropa İttifaqı ilə münasibətləri pisləşib və blokun bir çox ölkəsi Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və Rusiyanın digər qurumlarını bağlayıb. Rusiya da oxşar addımlar atıb.
Viktor Orban hökuməti dövründə Macarıstan bu cür addımlardan çəkinirdi. Budapeştdən sonuncu dəfə 2018-ci ilin yazında rusiyalı diplomat çıxarılmışdı. Diplomatik nümayəndəliyin birdən-birə 10 əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş addımdır. Bu qərarın konkret nə ilə əlaqəli olduğu hələlik açıqlanmayıb.
Mayda Peter Madyarın rəhbərlik etdiyi hökumət hakimiyyətə gələndən Macarıstan Rusiyanı Ukraynaya zərbələrə görə tənqid etməyə və Aİ səviyyəsində sanksiya paketlərini bloklamaqdan imtina etməyə başlayıb. Ancaq Budapeşt hələ də Ukraynaya silah tədarük etmir.
Moskva Macarıstan hakimiyyətinin qərarını hələlik şərh etməyib.