Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 07:10

ABŞ hökuməti fəaliyyətinin dayandırılmasına başlayır


ABŞ Senatı, federal hökumət idarələrinin maliyyələşdirilməsinin davam etdirilməsi barədə qanunun qəbulu üçün kifayət qədər səs əldə edə bilməyib.

Bu o deməkdir ki, yanvarın 20-i səhər saatlarından etibarən ABŞ hökumətinin əhəmiyyətli sayda idarəsinin fəaliyyəti dayandırılmış hesab olunur.

Artıq Nümayəndələr Palatasından keçmiş bu qanun Senatda Vaşinqton vaxtı ilə gecəyarısınadək (19-20 yanvar) qəbul edilməliydi, lakin bu, baş verməyib.

Senat çoxluğunun başçısı Mitch McConnell qanunun qəbulu üçün səslərin çatmamasına baxmayaraq səsverməni açıq qoyub.

Qanun fevralın 16-dək olan ara müddətdə federal hökumətin müvəqqəti maliyyələşdirilməsinə imkan yaratmalıydı.

Bu qanunun Senatdan keçməsi üçün respublikaçılara 10 demokrat senatorun səsi lazım idi. Yalnız bu halda lazım olan 60 səsi təmin etmək olurdu.

Lakin demokratlar bu qanunla birlikdə, vaxtilə Birləşmiş Ştatlara valideynləri ilə gəlmiş və “Dreamers” adlanan yüz minlərlə sənədsiz miqrantın ölkədə qala bilməsi üçün qarantiyanın verilməsini tələb edirdilər.

Nəticədə heç bir tərəf mövqeyindən geri çəkilməyib.

Prezident Trump ötən həftə bu məsələ barədə hər iki partiya tərəfindən verilmiş təklifi rədd etmiş və bildirmişdi ki, o, bu problemin Meksika ilə sərhədin möhkəmləndirilməsi məsələsi ilə birlikdə ayrıca qanunvericilik aktına salınmasını istəyir.

Beləliklə, ABŞ hökumətinin son 5 ildə ilk dəfə baş vermiş dayanmasının ilk günü Donald Trump-ın prezidentliyinin birinci ildönümü gününə təsadüf edir.

Ağ Evdən az əvvəl verilmiş məlumatda bildirlir ki, demokratlar hökumətin işinin başlanmasına imkan yaratmayanadək onlarla miqrasiyaya dair heç bir danışıq aparılmayacaq.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Birləşmiş Ştatların hökuməti, fəaliyyətinin dayandırılması proseduru ilə üzləşə bilər. Bunun baş verməməsi üçün Senat ara müddətdə maliyyələşdirmə barədə qanun qəbul etməlidir.

Nümayəndələr Palatası yanvarın 18-də federal fondların daha bir ay müddətində buraxılmasına dair qanunvericilik aktını qəbul edib. Lakin bu aktın yanvarın 19-dan 20-ə keçən gecəyədək Senatda qəbul olunacağı naməlum qalır.

Ağ Evin büdcə direktoru Mick Mulvaney yanvarın 19-da deyib ki, hökumət fəaliyyətinin dayanması şansı 30 faizdən 50-50 faizədək olaraq qiymətləndirilir.

Hökumətin dayandırılması riski Konqresdəki əsas iki partiya arasında çoxsaylı fikir ixtilafları yarananda baş verir.

Bu arada bütün federal dövlət idarələrinə yanvarın 20-də baş verəcək hökumət fəaliyyətinin dayandırılmasına hazır olmaq göstərişi verilib.

Əgər vəsait qurtararsa federal idarələr işi dayandırmalı və işçiləri evə göndərməli olacaq. Lakin ictimai asayış və milli təhlükəsizliklə bağlı “zəruri xidmətlər” fəaliyyətini davam etdirəcək.

ABŞ-da “government shutdown” kimi tanınan hökumət fəaliyyətinin dayandırılması, Konqres hökumət əməliyyatlarının icrası üçün kifayət qədər vəsait buraxmayanda baş verir.

Bu isə o deməkdir ki, hökumət qulluqçuları “hökumət idarələrinin qapalı” olduğu müddətdə ödənişsiz məzuniyyətdə sayılırlar.

Məsələn 2013-cü ildə hökumət fəaliyyətinin dayandırlıması iki həftə davam edib.

Prezident Donald Trump növbəti tvitində hökumət fəaliyyətinin dayandırlmasını tənqid edib: “Hökumət fəaliyyətinin dayandırılması hərbiyyəmiz üçün dağıdıcı təsirə malikdir…Amma bu demokratların vecinə deyil!”

Hərçənd hökumətin qapalı olduğu müddətdə FTB və Daxili Təhlükəsizlik Nazirliyi kimi mühüm dövlət qurumlarının xidməti işi davam edir.

Bununla yanaşı hökumətin fəaliyyətsiz sayıldığı dövrdə hərbi qulluqçular maaş almaya bilərlər.

2013-cü ilin hökumət fəaliyyətsizliyi dövründə Daxili Vergi Xidməti əməkdaşlarının 90 faizini ödənişsiz məzuniyyətə buraxmışdı.

Bu müddət ərzində poçt və telefon xidmətlərinin işi adi günlərdə olduğu kimi davam edəcək.

XS
SM
MD
LG