Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:25

Klinton yenidən çətin durumda


ABŞ prezidentliyinə namizəd Hillary Clinton , 26 oktyabr 2016
ABŞ prezidentliyinə namizəd Hillary Clinton , 26 oktyabr 2016

FTB (ABŞ-ın Federal Təhqiqatlar Bürosu – FBI) bu yaxınlarda keçmiş konqresmen, Hillary Clinton-un ən yaxın köməkçilərindən birinin keçmiş əri Anthony Weiner-in seksual xarakterli mesajlar göndərməsi ilə bağlı araşdırma aparıb.

İndi də bu araşdırma zamanı aşkarlanmış elektron məktublarda (email) gizli məlumatların-olub-olmaması araşdırılır.

FTB direktoru James Comey Konqresə məktubunda təhqiqatın seçki gününə qədər başa çatacağına təminat verə bilmədiyini vurğulayıb.

Demokratların namizədi Hillary Clintonsa cümə günü bildirib ki, “Amerika xalqı bütün faktları dərhal öyrənməyə layiqdir”. O, FTB-ni faktları açıqlamağa çağırıb.

CLİNTON YENİDƏN ÇƏTİN DURUMDA

Comey “email”lər barədə detalları açıqlamayıb. Ancaq bildirib ki, onlar FTB-nin Clinton-un yaxın köməkçisi Huma Abedin-in keçmiş əri Anthony Weiner-in işi ilə bağlı araşdırmasının gedişində üzə çıxıb. Abedin bundan öncə Dövlət Departamentinin qərargah rəisi vəzifəsini tutub. O, indi də Clinton-un seçki kampaniyasında əsas fiqurlardan biridir. Bu ilin əvvəlində Weiner-in 2011, 2013 və 2016-cı illərdə ayrı-ayrı qadınlara seksual xarakterli mesajlar (özünün çılpaq şəkillərini) göndərməsi üzə çıxandan sonra cütlük ayrılıb.

James Comey
James Comey

Nyu York və Şimali Karolinanın federal qurumları hətta Weiner-lə 15 yaşlı qızın yazışmasını araşdırırlar.

Bu faktların prezident seçkilərindən cəmi iki həftə öncə üzə çıxması Clinton-un seçki kampaniyasını yenidən çətin duruma sala bilər. Bundan öncə Hillary Clinton-la bağlı daha bir “email” qalmaqalı yaşanmışdı. FTB həmin işlə bağlı araşdırmanı iyulda yekunlaşdırmışdı. Bu qalmaqal Clinton-un Nyu Yorkdakı evinin zirzəmisindəki serverdən yararlanaraq dövlət əhəmiyyətli gizli mesajlar göndərməsi ilə bağlı idi. Qeyd edilir ki, bu növ gizli mesajlar şəxsi serverdən göndərilə bilməz.

Clinton cümə günü jurnalistlərə açıqlamasında bildirib ki, "FTB direktorunun özü bu məktubların əhəmiyyəti barədə bir şey bilmədiyini deyir. Əminəm ki, onların tərkibi iyulda gəlinmiş nəticəyə təsir etməyəcək".

FTB ƏNƏNƏNİ POZUR

FTB rəhbərinin haqqında danışdığı elektron məktubların məzmunu, müəllifləri, yaxud da iyulda tamamlanmış istintaqla bağlılığı barədə heç nə bəlli deyil.

Clinton kampaniyasının tərəfdarları FTB direktorunu tərəfkeşlikdə ittiham ediblər.

Dianne Feinstein
Dianne Feinstein

Comey FTB işçilərinə göndərdiyi daxili mesajda belə yazıb:

"Əlbəttə, adətən, biz Konqresə apardığımız təhqiqatlar barədə məlumat vermirik. Ancaq bu halda, mən ...bundan əvvəl təhqiqatı başa çatdırdığımızı deməyimi nəzərə alaraq, bunu etməyi özümə borc bilirəm".

ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü, demokrat Dianne Feinstein deyib ki, Comey-in məktubu bir çox sualları cavabsız qoyub:

"FTB tarixən, seçkilərin nəticələrinə təsir etməməkdən ötrü seçki günü ərəfəsində ehtiyatlı davranması ilə seçilib. Bu gün onun bu ənənəni pozması narahatlıq doğurur".

TRUMP FÜRSƏTİ QAÇIRMAYIB

Konqresin Nümayəndələr Palatasının respublikaçı spikeri Paul Ryan deyib ki, Clinton yalnız özünü günahlandırmalıdır.

"Ona dövlətimizin bəzi ən mühüm sirləri etibar edilib. O, son dərəcə gizli məlumatla ehtiyatsız davranmaqla bu etimada xəyanət edib. Mən bir daha Milli Kəşfiyyat Direktorunu, bu məsələ tamamilə həll olunana qədər xanım Clinton-un bütün gizli yazışmalarını saxlamağa çağırıram", deyə o bildirib.

Respublikaçıların namizədi Donald Trump Nyu Hempşir ştatında tərəfdarları qarşısında çıxışında Comey-in məktubundan Clinton-u tənqid etmək üçün yararlanıb.

"Biz onun öz cinayətkar planını Ağ Evə aparmasına imkan verməməliyik. Bəlkə də, nəhayət, ədalət qalib gələcək," – Trump deyib.

Respublikaçılar partiyasından prezidentliyə namizədliyini verməzdən öncə Trump Clinton-un prezidentliyə və senatorluğa namizədlik kampaniyalarını dəstəkləyib. Nyu Yorklu milyarderin keçmiş konqresmen, demokrat Weiner-in də seçki kampaniyalarına azı 4 min 300 dollar ianə verdiyi bəllidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG