Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:44

ABŞ Konqresinin liderləri büdcə barədə razılığa gəliblər


ABŞ Senatının hər iki partiyadan olan liderləri fevralın 7-də çox nadir həmrəylik nümayiş etdirərək iki illik büdcə artımı barəsində razılığa gəldiklərini elan ediblər.

Reuters agentliyi xəbər verir ki, yeni büdcə hökumət xərclərini daha 300 milyard dollar artıracaq, lakin eyni zamanda federal kəsiri genişləndirəcək.

Senatdakı respublikaçı və demokrat liderlərin bəyan etdikləri bu büdcə Nümayəndələr Palatasının spikeri Paul Ryan tərəfindən dəstəklənib, lakin bu palatadakı demokratların başçısı Nancy Pelosi onun əleyhinə çıxıb.

Konqres demokratlarının lideri Nancy Pelosi büdcə razılaşması əleyhinə 8 saatlıq çıxış edib
Konqres demokratlarının lideri Nancy Pelosi büdcə razılaşması əleyhinə 8 saatlıq çıxış edib

Qısa müddətli büdcənin qəbul edilməsi üçün son müddət fevralın 8-də qurtarır və hər iki palatada qızğın debatlar gözlənilir.

Səsvermənin nə vaxt keçiriləcəyi məlum deyil.

Reuters yazır ki, razılaşma Senatdakı hər iki partiyadan olan liderlər tərəfindən dəstəklənsə də, onun Nümayəndələr palatasında ciddi müqavimətlə qarşılanacağı düşünülür.

Əgər razılaşma qəbul edilərsə, iki illik büdcə imzalanmaq üçün respublikaçı prezident Donald Trump-a təqdim olunacaq.

Seçki kampaniyası ərzində hərbiyyəyə xərcləri artırmağı vəd etmiş Trump büdcə razılaşmasını alqışlayıb və dərhal da tvit yazıb: “Bugünkü Büdcə Razılaşması bizim böyük hərbiyyəmiz üçün çox mühümdür. Respublikaçılar və demokratlar hərbçilərimizi və bu Qanunu dəstəkləməlidirlər!”

Büdcə razılaşması hökumət xərclərinin “yuxarı həddini” qarşıdan gələn iki il ərzində 300 milyard dollar qaldıracaq.

Bu qalxımın 80 milyard dolları hərbiyyənin builki xərclərinə aiddir. Gələn il üçün bu rəqəmin 85 milyard dollar olacağı nəzərdə tutulub.

Qeyri-müdafiə xərcləri üçün maksimum hədd bu il və gələn il üçün müvafiq olaraq 63 milyard dollar və 68 milyard dollar olacaq.

Lakin razılaşma asanlıqla əldə olunmayıb. Nümayəndələr palatasında demokratların lideri Nancy Pelosi bu büdcə planının əleyhinə 8 saatlıq çıxış edib!

O deyib ki, bu razılaşma gənc miqrantların taleyi məsələsində iki partiyanın nümayəndələrini yaxınlaşdıra bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG