Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Sakit okeanda tapılmış sümüklər kimə məxsusdur


Amelia Earhart

Sakit okeanın cənubunda yerləşən bir adada tapılmış insan sümüklərinin 1937-ci ildə həmin ərazidə itkin düşmüş amerikalı aviasiya pioneri Amelia Earhart-a məxsus ola biləcəyi ehtimal edilir. Daha öncə həmin sümüklərin kişiyə aid olduğu güman edilirdi.

Tennessi Universitetinin professoru Richard Jantz müasir üsullarla sümüklərin ölçülərini təhlil edərək, onların dünya ətrafında uçuş həyata keçirən zaman itkin düşmüş Earhart-a məxsus ola biləcəyi qənaətinə gəlib. Həmin uçuşda Earhart-ı naviqator Fred Noonan müşayiət edirdi.

Versiyalar

Earhart-ın itkin düşməsi aviasiya tarixində ən böyük müəmmalardan biridir. On illər ərzində tarixçilər bu hadisəni araşdırıb, bu haqda kitablar yazılıb, filmlər çəkilib və çoxlu nəzəriyyələr yaranıb.

Ən yayğın versiyaya görə, yanacaq bitdiyindən 39 yaşlı Earhart və 44 yaşlı Noonan «Lockheed Electra» təyyarəsini Sakit okeandakı ucqar Haulend adası yaxınlığında atıblar.

Ən populyar nəzəriyyələrdən birində isə deyilir ki, Earhart və Noonan hazırda Nikumaroro adı ilə tanınan tənha Qardner adasına çırpılıb və onlar qısa müddət sağ qalıblar. Həmin ada Kiribati Respublikasının ərazisidir.

Britaniya Müstəmləkə Xidmətinin həmin adaya 1940-cı ildə gerçəkləşdirdiyi ekspedisiya zamanı insana məxsus bir kəllə sümüyü, sümüklər, qadın ayaqqabısının altlığının bir hissəsi, sekstant (naviqasiya aləti) qutusu və bir şüşə «Benedictine» likörü aşkarlanıb.

Tapılmış sümüklər 1941-ci ildə Fici adasına göndərilərək anatomiya professoru doktor David W.Hoodless tərəfindən tədqiq edilib. O, həmin sümüklərin cüssəli bir kişiyə məxsus olduğu qənaətinə gəlib.

Sümüklər hər mənada ona uyğun gəlir

R.Jantz cinsi, genetika və bədən quruluşunu müəyyən etməyə imkan verən «Fordisc» adlı kompüter proqramının köməyi ilə Hoodless-in ölçdüyü yeddi sümüyü yenidən təhlil edib. Ölçülərin dördü kəllə, digər üçü isə baldır, bazu və said sümüklərində aparılıb.

Sümükləri Earhart-ın fotolarındakı ölçülərlə tutuşduran və onun paltarlarını araşdıran alim onların böyük ehtimalla pilota məxsus olduğu qənaətinə gəlib.

«Əldə edilən nəticələr Nikumaroro sümüklərinin Amelia Earhart-a məxsus olması haqda qənaəti gücləndirir. Sümüklər ...hər mənada Earhart-a uyğun gəlir. Skelet qalıqlarının Amelia Earhart-a məxsus olmadığını sübut edən dəqiq dəlillər ortaya qoyulanadək sümüklərin ona məxsusluğu versiyası ən inandırıcı arqument olaraq qalacaq», – Jantz deyir.

4 min kilometrlik yola çıxdılar....

«XX əsrdə ekspertiza antropologiyası hələ yaxşı inkişaf etməmişdi. Dövrün antropoloqlarının araşdırmalar zamanı yol verdiyi səhvlərə dair çoxlu nümunələr var», – Jantz tapılan insan qalıqlarının daha öncəki ekspertizası haqda yazıb.

Sözügedən araşdırma ötən həftə Florida Universitetinin «Forensic Anthropology» jurnalında dərc edilib. Araşdırma Tarixi hava maşınlarının bərpası üzrə beynəlxalq qrupla (TIGHAR) birgə aparılıb.

1932-ci ildə Atlantik okeanını təyyarə ilə təkbaşına keçmiş ilk qadın kimi şöhrət qazanmış Earhart dünya ətrafında dövrə vurmuş ilk qadın olmaq iddiası ilə 1937-ci il mayın 20-də Kaliforniyanın Ouklend şəhərciyindən yola düşüb. O və onu müşayiət edən naviqator Noonan 1937-ci il iyulun 2-də Papua Yeni Qvineyanın Lae şəhərciyindən Haulend adasına qədər 4000 kilometrlik yola çıxdıqdan sonra itkin düşüblər. Onlar Haulend adasında yanacaq doldurmağı planlaşdırsalar da, bu onlara nəsib olmayıb. ABŞ ərazisi olan bu kiçicik adanın sahəsi cəmi 6.2 kvadrat kilometrdir.

XS
SM
MD
LG