Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

'Amazon' şirkəti Holokostu unutmayanların tənqidinə tuş gəlib


Amazon
Amazon

CNN iki Holokostu yadetmə təşkilatının «Amazon» şirkətini ciddi tənqid atəşinə tutduğunu bildirib. Həmin təşkilatlar şirkətin saytlarında olan bəzi kitab və filmlərin təhlükəli və antisemit məzmunlu olduğunu deyir.

Ausşvits Memorialı və Holokost Tədris Fondu «Amazon» şirkətini Julius Streicher-in kitablarını satmaqdan çəkinməyə çağırıb. Streicher nasist partiyasının üzvü və nasist dönəmində çap olunan antisemit «Der Stürmer» (Hücumçu) qəzetinin təsisçisi və naşiri olub. Ausşvits Memorialı eyni zamanda şirkəti «Amazon Prime»ın «Hunters» (Ovçular) adlı yeni serialında həbs düşərgələrinin yanlış təsvirinə görə tənqid edib.

«Siz hər hansı tənqidi şərh və ya kontekst olmadan nəşr olunmuş dəhşətli antisemit nasist təbliğatı satmaqla qazanc əldə etmək qərarına gələndə yadda saxlamalısınız ki, o sözlər təkcə Holokosta yox, antisemitizmdən ilhamlanmış bir çox başqa nifrət cinayətlərinə də yol açıb», - Ausşvits Memorialı Twitter-də yazıb.

Nifrət ritorikasının reklamı?

Streicher-in bir neçə kitabı hələ də «Amazon»da satışdadır. Onların arasında uşaqlar üçün olanları da var. «Amazon» hətta «Prime» üzvləri üçün pulsuz çatdırılma da təklif edir. Üstəlik, bu kitabları «Amazon»a məxsus müstəqil nəşriyyat platforması olan «CreateSpace» çap edib.

Holokost Tədris Fondunun şirkətə ötən ayın sonlarında yazdığı açıq məktubda isə belə deyilir: ««Amazon» kimi hörmətli naşirlərin irqçi, yaxud istənilən formada, o cümlədən Avropa tarixinin ən qaranlıq dövrünə aid nifrət ritorikasını reklam edən məhsullar ortaya qoyması narahatlıq doğurur».

Ausşvits Memorialı fevralın sonunda Twitter-də «Amazon»u Al Pacino-nun da rol aldığı «Hunters» serialına görə sərt tənqid edib. «Amazon»a məxsus «Prime» striminq xidmətinin yayımladığı bu serialda Ausşvitsdə «insan şahmatı» oyununda insanların bir-birini öldürməyə məcbur edildiyi səhnə var.

«Qurbanlara sayqımızı göstəririk»

«Ausşvits, sağ qalmış qurbanların dediyi kimi, dəhşətli ağrı və iztirabla dolu olub. @huntersonprime üçün qondarma oyun uydurmaq təkcə təhlükəli səfehlik və karikatura deyil. Bu, həm də gələcək inkarçıları həvəsləndirir. Biz faktların dəqiqliyini qorumaqla qurbanlara sayqımızı göstəririk», - Ausşvits Memorialı Twitter-də belə yazıb.

«Hunters» serialının yaradıcısı və icraçı prodüseri David Weil deyib ki, Ausşvitsi bədiiləşdirilmiş şəkildə göstərmək bilərəkdən edilib: ««Hunters» qəhrəmanları, əsasən, xəyal gücünə dayanan dramatik serial olsa da, real hadisələrdən ilhamlanıb. Ancaq sənədli film də deyil. Onu sənədli film kimi çəkmək niyyətimiz olmayıb. Bu serialı yaradarkən məndən ötrü ən önəmli şey Holokost haqqında hekayəni real insanın həyat təcrübəsindən yararlanmadan çatdırmaq olub».

Nənəsinin Ausşvits məhbusu olduğunu deyən Weil qondarma «insan şahmatı» oyununu real travma aktını əks etdirmək istəmədiyi üçün yaratdığını bildirib.

Tək bir həbs düşərgəsində 1 milyon 100 min insan öldürülüb

Yanvarın 22-də Ausşvits nasist ölüm düşərgəsinin azad edilməsinin 75-ci ildönümü qeyd olunub. Bu münasibətlə dünya liderləri Qüdsdə toplaşıblar.

Polşada yerləşən Ausşvits ölüm düşərgəsində 1.1 milyon insan öldürülüb. Bundan xeyli çox insan düşərgədə məhbus kimi saxlanılıb. İlk düşərgənin ərazisi bütün məhbuslara yetmədiyindən, yaxınlıqda Ausşvits-Birkenau düşərgəsi də salınıb.

Nasist həbs düşərgələri, o sıradan Ausşvits haqqında bədii və publisistik kitablar yazılıb, filmlər çəkilib.

Son illərdə ABŞ-ın Pensilvaniya, Nyu-Cersi, Nyu-York ştatlarında, İtaliya, Almaniya kimi Avropa ölkələrində yəhudilərin hücumlara məruz qalması, dünyada antisemitizmin güclənməsi bu məsələni daha da aktuallaşdırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG