Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Altyazılar təkcə eşitmə əngəlli insanlar üçün deyil


Çox insan filmlərə subtitrlərlə baxmağa üstünlük verir.
Çox insan filmlərə subtitrlərlə baxmağa üstünlük verir.

The Guardian

Dünyada eşitmə problemi olmayan çox-çox sayda insan filmlərə subtitrlərlə - altyazılarla baxmağa üstünlük verir. Görəsən niyə?

Altyazılar bir zamanlar, əsasən, eşitmə əngəlli insanlar və xarici dildə olan filmləri anlamaq üçün nəzərdə tutulsa da, indi vizual medianın ayrılmaz parçasına çevrilməkdədir. Bu il jurnalist Sean Neumann «The Outline» saytına yazdığı məqalədə «Taxt-tac oyunları» (Game of Thrones) serialına altyazıların yardımıyla baxdığını bildirib. O, filmin hər epizodundakı geniş informasiyanı məhz altyazıdan yararlanaraq mənimsəyib («Dayan görüm, Lord Mormont kim idi? O, Ser Mormontdan fərqlidir ki?»).

Altyazılı videolar sosial mediada da normaya çevrilib

Çox sayda yeniyetmə və gənc altyazıların onlara eyni zamanda bir neçə işlə məşğul olmağa kömək etdiyini söyləyib. Bəzi televiziya şoularının səs baxımından elə ürəkaçan olmaması da altyazıların önəmini artırıb.

Britaniya hökumətinin hələ 2006-cı ildə apardığı araşdırma göstərib ki, altyazılardan yararlanan 7.5 milyon televiziya tamaşaçısından yalnız 1.5 milyonunun eşitmə problemi var.

Hazırda Facebook videolarının 85 faizinin səssiz, yəni altyazıyla izləndiyi bildirilir.

«The New York Times» yazarı Amanda Hess auditoriyanın diqqətini görüntüylə deyil, mətnlə çəkmək kontekstində belə yazıb: «Viral video çəkənlər 100 il öncə səssiz kinonu idarə edən bəzi üsulları yenidən həyata qaytarırlar». («Viral» anlayışı, əslində, yaxşı anlamda işlənmir və səhiyyə sahəsində, özəlliklə kompüter platformalarında yayılan arzulanmaz virusları nəzərdə tutur. Ancaq marketinq – bazarlama aləmində müsbət, tələb edilən bir davranışa işarə edir – red.)

Maraqlıdır ki, altyazılar özəlliklə uşaqlar arasında populyardır. Yeni «Tots» (Turn on the Subtitles – altyazıları qoşun) təşəbbüsünün həmtəsisçisi Henry Warren proqram istehsalçılarını ibtidai sinif şagirdlərini nəzərə alaraq altyazı əlavə etməyə çağırır. Hindistanlı alim Brij Kotharidən ilham alan Warren və biznes tərəfdaşı Oli Barrett altyazıların uşaqların savadına, xüsusən oxuma bacarığına ciddi təsir göstərdiyini deyirlər.

Warren «Tots» təşəbbüsünün rolunu Britaniya Milli Savadlılıq Fondu kimi akademik qurumlarla iri teleradio yayım şirkətləri arasındakı boşluğu doldurmaqda görür. Təşəbbüs 6-10 yaşlı uşaqlara ünvanlanan proqramlarda altyazıları normaya çevirməyi hədəfləyib.

Eşitmə problemli insanlar nə düşünürlər?

İsveçdə yaşayan 39 yaşlı Anna Gryszkiewicz eşitmə qabiliyyətini 20 yaşlarında itirib. O, altyazıların bu qədər populyarlaşmasını, əsasən, müsbət irəliləyiş kimi görür: «Bu gün altyazıları tapmaq, yaxud onların əlavə olunmasını xahiş etmək 15 il öncəylə müqayisədə xeyli asanlaşıb». Onun sözlərinə görə, günümüzün eşitmə əngəllilərinin şərait baxımından çox böyük üstünlüyü var.

Ancaq iri texnologiya şirkətlərinin tətbiq etdiyi altyazıların keyfiyyəti ilə bağlı narahatlıq da mövcuddur. YouTube çox vaxt qarışıq, kompüterin yaratdığı altyazılardan istifadə edir. Gryszkiewicz texnologiyaya, məsələn, avtomatik altyazılara həddindən artıq inamın olmasından narahatlığını gizlətmir:

«Mən mühəndisəm və texnologiyanı sevirəm, ancaq biz itirilmiş eşitmə qabiliyyətinin sosial aspektlərini unuda bilmərik. Dil, kommunikasiya və sosial ünsiyyət mürəkkəb şeylərdir. Eşitmə qabiliyyətini itirməyin və ya kar olmağın effekti eşidə bilən insanların təsəvvür etdiyindən fərqlidir. Çox vaxt bunun kommunikasiyaya təsiri yetərincə dəyərləndirilmir.

Mən anlayıram ki, keyfiyyətli altyazı… bahadır və bunun ucuz başa gəlməsi üçün texnologiyaya üz tutmaq səbəbsiz deyil. Ancaq ümid edirəm ki, hansı növ əlçatanlığın faydalı, hansının faydasız olduğu haqda bizim də fikrimiz nəzərə alınacaq».

«Belə bir dəyişiklik olarsa…»

Deafinitely Girly adlı Twitter hesabının eyni adla tanınmağa üstünlük verən sahibəsi deyir: «Altyazılardan yararlanan insanlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Altyazılar bütün striminq xidmətlərində və kino nümayişlərinin, heç olmasa, yarısında məcburi sayılsa, çox yaxşı olar». Belə bir dəyişiklik baş verərsə, o, hər həftəsonu normal eşitmə qabiliyyətli həyat yoldaşıyla birgə yeni filmlərə baxa bilər: ​

«Bəzən karlıq son dərəcə təcridli olur. Sosial media videolarında zarafatları qaçırırsan, viral kliplərin heç bir mənası olmur və sən canlı tvitlənmiş ən son xəbərləri izləyə bilmirsən. Altyazıların universallaşması bu durumu xeyli dəyişərdi».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG