Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:34

Ədəbiyyat üzrə alternativ Nobel mükafatı təqdim edilə bilər


Nobel mükafatının medalları
Nobel mükafatının medalları

İsveç Akademiyasının bu il ədəbiyyat üzrə ənənəvi Nobel mükafatını ləğv etməsindən sonra Yeni Akademiya ona paralel mükafat təsis etməyi planlaşdırır. Mükafatın oktyabrda təqdim ediləcəyi gözlənilir.

Məlum olduğu kimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatlarını seçən İsveç Akademiyası bu il heç kimə mükafat təqdim etməyəcək. Ancaq İsveçin bir qrup mədəniyyət xadimi bir araya gələrək, dünyanın ən nüfuzlu ədəbiyyat mükafatının yeni versiyasını ortaya qoymağı qərar alıblar. Onlar bu addımı İsveç Akademiyasında baş qaldırmış və hələ də davam edən qalmaqala etiraz əlaməti olaraq atırlar.

2018-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı bu ilin mayında ləğv edilib. Buna səbəb şairə və yazıçı Katarina Frostensonun həyat yoldaşı Jean-Claude Arnault-nun ətrafında cərəyan edən seks qalmaqalıdır.

Frostenson İsveç Akademiyasının və ədəbiyyat üzrə Nobel mükafatının münsiflər heyətinin üzvüdür. İyun ayında Arnault-ya qarşı zorlama ittihamı irəli sürülüb, ancaq onun özü bütün ittihamları rədd edir.

“İctimai etimadın azalması”

İsveç Akademiyasının patriarxal strukturu haqda diskussiyaya və İsveç mediasında elm adamları arasında mübahisələrə yol açan qalmaqalın gedişində Akademiyanın bir neçə üzvü istefa verib, builki Nobel mükafatı isə “Akademiyanın hazırda kiçilməsi və ictimai etimadın azalması səbəbindən" təxirə salınıb.

Baş verən xoşagəlməz hadisələr fonunda 100-dən çox isveçli yazıçı, aktyor, jurnalist və digər mədəniyyət xadimləri bir araya gələrək Yeni Akademiyanı formalaşdırıb.

Bu qurum payızda, Nobel mükafatlarının, adətən, təqdim olunduğu vaxtda öz alternativ mükafatını təqdim edəcək.

“Biz Yeni Akademiyanı ondan ötrü təsis etmişik ki, insanlara ədəbiyyat və ümumiyyətlə mədəniyyətin hər hansı üstünlük, qərəz, təkəbbür və seksizm olmadan, demokratiya, şəffaflıq, rəğbət və hörməti təbliğ etdiyini xatırladaq", - qurumun təsisçiləri öz bəyanatlarında bildiriblər.

“Yeni Akademiya buna o qədər önəm verir ki…”

“İnsani dəyərlərin get-gedə daha çox sorğulandığı zamanda ədəbiyyat susqunluq və əsarət mədəniyyətlərinin qarşısını almaq üçün hətta hər zamankından daha önəmli əks qüvvəyə çevrilir. Yeni Akademiya buna o qədər önəm verir ki, dünyanın ən böyük ədəbiyyat mükafatının 2018-ci ildə təqdim edilməli olduğuna inanır", - sənəddə daha sonra belə deyilir.

Yeni Akademiya İsveçin bütün kitabxanaçılarını müəlliflərin namizədliyini irəli sürməyə dəvət edir.

Namizədlər dünyanın istənilən yerindən ola bilər. Əsas şərt onların, ən azı, iki kitab yazmış olması, kitablardan, azı, birinin son 10 il ərzində dərc edilməsidir.

Yeni Akademiya "dünyadakı insanların" hekayəsini danışmış yazarı axtarır. Mükafatın bu cəhəti Nobel mükafatından fərqlidir. Belə ki, Nobel mükafatı Alfred Nobelin təbirincə desək, "ideal quruluşda yaradılmış ən qeyri-adi əsərə" görə təqdim olunur.

Qalib oktyabrda açıqlanacaq

Nominasiyalar təqdim olunduqdan sonra Yeni Akademiya dörd ən populyar namizədi ictimai səsverməyə, daha sonra münsiflər heyəti qarşısına çıxaracaq.

Redaktor Ann Pålsson-un rəhbərlik etdiyi, Qotenburq Universitetinin professoru Lisbeth Larsson və kitabxanaçı Gunilla Sandinin də daxil olduğu münsiflər heyəti yekun qalibi oktyabrda açıqlayacaq.

“Bu mükafatı təqdim etməklə biz öz etirazımızı nümayiş etdiririk. Biz insanlara göstərmək istəyirik ki, ciddi mədəni əsər məcburiyyət dili, nizamsızlıq və təhqir kontekstində ortaya çıxarılmalı deyil", - yeni qurum öz bəyanatında bildirib.

Dekabrın 11-də, yəni laureatın rəsmi mərasimdə öz mükafatı ilə təqdim olunduğu gün Yeni Akademiya buraxılacaq.

Hazırda İsveç Akademiyasının 2019-cu il üçün bir deyil, iki Nobel mükafatı laureatı elan edəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG