Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:23

Almaniyanın bahalanan təhsili


Hannover Universiteti
Hannover Universiteti

Deutsche Welle yazır ki, Almaniyada yaşayış xərclərinin artması və 2016-cı ildən bəri Avropa Birliyindən gəlməyən tələbələrin təhsil haqqı ödəməli olması bu ölkədə oxuyan xarici tələbələr arasında ciddi narahatlıq yaradıb. Almaniya daim Avropa Birliyi xaricindən tələbələrin məmnuniyyətlə oxumaq istədiyi ölkə olub. Almaniya həm də hər kəsə pulsuz keyfiyyətli təhsil verməsi ilə öyünən ölkə olub. Ancaq xarici tələbələr narahatdırlar ki, qiymətlərin artması yalnız müəyyən bir qrupun bu imkanlardan yararlanmasına imkan verəcək və bundan sonra daha xarici tələbələr Almaniyanı seçməyəcəklər.

Hər semestrə 1500 avro

Qeyri-ingilisdilli ölkələr arasında xarici tələbələrin ən çox üstünlük verdiyi ölkə sayılan Almaniyanın ən cəlbedici tərəfləri daha yaxşı perspektivlər və təhsil haqlarının olmamasıdır. Ancaq 2016-cı ildən əvvəlki və sonrakı dövrün məlumatlarının müqayisəsi üzərində qurulmuş araşdırmanın nəticələrinə görə, tələbələrin bu məsələyə baxışı dəyişməkdədir.

«ABŞ kimi inkişaf etmiş ölkələrdən gələn tələbələr üçün təhsil haqqı problem olmayacaq. Ancaq inkişaf etməmiş ölkələrdən gələn tələbələr, əlbəttə ki, təhsil haqqını ödəməyə çətinlik çəkəcəklər», – Bonn Universitetində çalışan, özü Hindistandan olan kənd təsərrüfatı mütəxəssisi Varunseelan Murugaiyan deyir.

Almaniyanın 16 federal əyalətinin hər biri ali təhsil haqlarını müstəqil şəkildə müəyyən edir. Ölkənin cənub-şərqində yerləşən Baden-Vürtemberq əyaləti 2017-ci ildə AB xaricindən olan tələbələrin hər semestrə 1500 avro təhsil haqqı ödəməsini nəzərdə tutan qərar qəbul edib. Bunun nəticəsində Baden-Vürtemberq universitetlərinə AB xaricindən müraciət edən tələbələrin sayı 20%-ə yaxın düşüb. Məsələn, təhsil haqlarının tətbiqindən sonra Karlsrue Texnologiya İnstitutuna əvvəl Afrika qitəsindən 150 yeni tələbə gəlirdisə, indi cəmi 22 tələbə gəlir.

Digər tərəfdən, Frayburq Universitetində vəziyyət tamamilə fərqlidir. Universitetin akademik işlər üzrə vitse-prezidenti Juliane Besters-Dilger deyir ki, bu ali məktəb Asiya və Afrika ölkələrindən tələbələrin sayındakı artımın olduğu kimi qalacağını gözləyir.

Afrika və Asiyadan tələbələrin marağı azala bilər

Bununla yanaşı, yeni təhsil haqları və yaşayış xərclərinin artması Afrika və Asiyadan tələbələrin narahatlığına səbəb olan əsas amillərdir. Bu məsələlər onları rasizm və dil öyrənmək kimi amillərdən daha çox narahat edir. «Təhsil haqları universitetdə xarici tələbələrin sayını azalda bilər. Bu isə müxtəliflik səviyyəsinin düşməsinə yol aça bilər», – Bonn Universitetinin kənd təsərrüfatı fakültəsinin aspirantı Dereje Tamiru Demie deyir. Onun özü Efiopiyadandır.

Almaniya təbiət elmləri sahəsində ən qabaqcıl ölkələrdən biri sayılır. Lakin xarici tələbələr üçün təhsilin pullu olması Afrika və Asiyadan tələbələrin bu ölkəyə marağını azaldacaq. Oksford Universitetinin əslən Qanadan olan inkişaf iqtisadiyyatı mütəxəssisi Avenyo hesab edir ki, bu təhsil haqları uzunmüddətli perspektivdə Almaniyanın müxtəlifliyə diqqət verən, inklüziv təhsil sektoruna malik ölkə kimi dünya iqtisadiyyatındakı yerinə zərər vura bilər.

«Əlbəttə ki, daha yüksək qiymətlər tələbin azalmasına səbəb olacaq… Ancaq biz Afrika və Asiyanın inkişaf etməkdə olan ölkələrindən gələn tələbələrdən danışarkən anlamalıyıq ki, bu tələbələr qətiyyən yoxsul deyillər, onlar ölkələrinin orta, yaxud da zəngin təbəqəsindəndirlər», - Köln Universitetinin mətbuat katibi Frieda Berg Deutsche Welle-yə müsahibəsində deyib.

Berg əlavə edib ki, tələbələr artıq Almaniyaya giriş maneələrini aşa biliblərsə, deməli, «təhsil haqqını da aşa biləcəklər». O hesab edir ki, bu mənada, təhsil haqlarının tətbiqi o qədər də sərt nəticələrlə sonuclanmayacaq.

XS
SM
MD
LG