Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya ordusu – Bundesverə müddətli xidmətə çağırışın qismən bərpasını təklif edib.
İyunun 12-də hökumətin müdafiə komitəsi qarşısında etdiyi çıxışda nazir ölkənin müdafiə qabiliyyətinin artırılması üçün lazımi tədbirlərdən danışıb.
Pstoriusun təklifinə görə Almaniyanın kişi cinsindən olan və 18 yaşına çatmış bütün vətəndaşları sorğu anketlərini doldurmalıdırlar.
Bu anketlərdə onlar orduda xidmətə münasibətlərini və ya bu sahədə artıq əldə etmiş olduqları bilik və bacarıqları qeyd etməlidirlər.
Nazirin təklifinə görə qızlar üçün belə anketlərin doldurulması könüllü ola bilər.
400 mindən 40 minini seçmək
Pistorius düşünür ki, bu anketlərdə hərbi qulluğa maraq göstərənlərdən ən perspektivliləri və həvəsliləri seçilə bilər.
Təklifə görə belələrinə yarım il müddətində hərbi hazırlıq keçmək imkanı yaradılacaq.
Arzu edənlərin təlim müddətləri 17 ayadək artırıla bilər.
Tagesschau televiziya proqramı bildirib ki, əgər nazirin təklifi qəbul olunarsa, ildə 400 min potensial səfərbərə anket veriləcək və bunlardan 40 mini Bundesverin sıralarında qulluğa qəbul olunacaq.
Müharibəyə hazırlıq
Bu da qeyd olunur ki, Pistoriusun təklifindən məqsəd rezervistlərin, yəni səfərbərlik elan edilərsə orduya ilk növbədə çağırılacaq şəxslərin sayının artırılmasıdır.
Nazir habelə rezervistlər üçün müntəzəm hərbi toplanışların çağırılmasını təklif edib.
Hazırda Bundesverin sıralarında 180 min əsgər və zabit xidmət edir və ehtiyatda 60 min rezervist var.
Nazirlik rezervistlərin sayını daha 200 min nəfər artırmaq istəyir ki, müharibə olarsa cəbhəyə 470 min hərbi qulluqçunu göndərmək mümkün olsun.
Almaniya ordusunda icbari müddətli hərbi qulluq 2011-ci ildə ləğv edilib.
Pistorius bu addımı səhv kimi qiymətləndirib.