Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Berlin Mariya Zaxarovanı “yalançılıqda” ittiham edib


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Rəsmi Berlin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı yalançılıqda ittiham edib.

Zaxarovanın bəyanatına görə, guya Almaniya kansleri Angela Merkel Moskvadan BMT baş katibi vəzifəsinə Bolqarıstandan olan yeni namizədi dəstəkləməsini rica edib.

Zaxarova bildirmişdi ki, Almaniya “Rusiya rəhbərliyi ilə söhbətdə Kremlin Bolqarıstandan irəli sürülmüş namizədin əvəzinə həmin ölkədən başqa namizədi dəstkləməsinin mümkünlüyündən söz salmaq istəyib”.

Bolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın namizədliyini ötən fevralda verib
Bolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın namizədliyini ötən fevralda verib

XİN sözçüsünün dediyinə görə, “bununla əlaqədar xanım Merkelə aydın və birmənalı şəkildə bildirilib ki, hər hansı ölkənin BMT baş katibliyi vəzifəsinə namizəd verməsi həmin ölkənin suveren qərarıdır”.

Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün bu bəyanatına cavab olaraq Almaniya XİN-in nümayəndəsi Martin Sheffer deyib ki, Zaxarova “yalan informasiya yayıb”.

Almaniya nümayəndəsi Zaxarovanın bəyanatının qeyri-dost hərəkət kimi qiymətləndirildiyini bildirib.

Bolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın BMT baş katibi vəzifəsinə namizədliyini hələ ötən fevralda vermişdi.

Reuters yazır ki BMT baş katibliyinə Kristalina Georgiyevanın namizədliyi qızğın müzakirə edilir
Reuters yazır ki BMT baş katibliyinə Kristalina Georgiyevanın namizədliyi qızğın müzakirə edilir

Lakin ötən həftə Bolqarıstan kütləvi-informasiya vasitələrində yayılmış məlumatlara görə Bokovanın əvəzinə Avropa İttifaqının Bolqarıstandan olan komissarı Kristalina Georgiyevanın namizədliyinin verilə biləcəyi bildirilirdi. Bu da qeyd olunurdu ki, Georgiyevanın namizədliyi böyük bir ehtimalla Merkel tərəfindən dəstəklənir.

Avropa Komissiyası və xanım Georgiyevanın ofisi bu şayiələr barədə şərh verməkdən imtina edib.

Reuters agentliyi xəbər verir ki, hazırda Bolqarıstanda Georgiyevanın namizədliyi məsələsi qızğın müzakirə olunur.

Hazırkı BMT baş katibi Ban Ki-moon-un 8 illik müddəti 2016-cı ilin 31 dekabrında başa çatır.

Yeni baş katibin seçilməsi həmin müddətdən əvvəl baş verməlidir.

Hələlik seçkiqabağı kampaniyanın lideri Portuqaliyanın keçmiş baş naziri Antonio Guterres-dir.

XS
SM
MD
LG