Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Almaniyada gənc seçicilərin yarısı Merkel-i dəstəkləyir


A.Merkel
A.Merkel

Almaniyada ilk dəfə seçkiyə gedən seçicilərin, demək olar, yarısı kansler Angela Merkel-i dəstəkləyir. Forsa İnstitutunun aprelin 11-də açıqladığı rəy sorğusu belə bir nəticə ortaya qoyub. Merkel sentyabrda dördüncü müddətə seçilməyə namizədliyini verəcək.

Mühafizəkar Merkel-i bütün potensial seçicilərin 43 faizi dəstəkləyir. Sol-mərkəzçi Sosial Demokratlardan (SPD) kanslerliyə namizəd Martin Schulz-u dəstəkləyənlər 32 faizdir. Amma 18-21 yaşlılar arasında bu rəqəmlər 47-29 nisbətində dəyişir.

GƏNCLƏR MERKEL-İ TANIYIRLAR

«Gənclər böyüdükcə yanlarında gördükləri kansler Merkel-i tanıyırlar», – Forsa-nın rəhbəri Manfred Guellner «Reuters» xəbər agentliyinə deyib. Onun sözlərincə, rəy sorğusu göstərib ki, «özəlliklə gənclər bu qeyri-müəyyən dönəmdə sabitlik və davamlılıq istəyirlər».

Merkel Almaniyanın qapılarını bir milyondan çox qaçqının üzünə açanda, ölkə içində güclü tənqid olunmuşdu. Amma son aylar immiqrasiya siyasətini nisbətən sərtləşdirib.

Elə çərşənbə axşamı Merkel-in koalisiya hökumətindəki tərəfdaşı SPD onu tənqid edib. Çünki Merkel administrasiya rəhbəri Peter Altmaier-ə rəhbəri olduğu Xristian Demokratların (CDU) seçki proqramını hazırlamağı həvalə edib.

Martin Schulz
Martin Schulz

SPD-nin baş katibi Katarina Barley RND qəzetlər şəbəkəsinə deyib ki, koalisiya daxilində miqrant məsələlərini koordinasiya edən Altmaier-in təyinatı siyasi qaydaları pozur.

PARTİYALARIN YERİ

Forsa-nın rəy sorğusunda Merkel-in CDU partiyası və onun Bavariyadakı «qardaş partiyası» olan CSU-ya 36 faiz səs verilib. Bu da Avropa Parlamentinin keçmiş prezidenti Schulz-un SPD partiyasından 6 faiz çoxdur.

Forsa sorğunu «Stern» dərgisi və RTL yayımçısı üçün aparıb.

INSA təşkilatının «Bild» qəzeti üçün keçirdiyi sorğuda isə CDU/CSU 1.5 vahid fərqlə önə çıxıb. Qeyd edək ki, Almaniyada seçki sentyabrın 24-nə planlaşdırılır.

Forsa-nın sorğusunda immiqrasiyaya qarşı çıxan, son aylar dəstəyi azalmış Almaniya üçün Alternativ (AfD) partiyası 8 faizlə yerini möhkəmlədib. AfD-nin INSA-nın sorğusunda göstəricisi 10 faizdir.

Həm Merkel, həm də Schulz kiçik tərəfdaşlarla yeni hökumətlər quracaqlarına ümid edirlər. Amma bu iki sorğu onların partiyalarının yenə də böyük koalisiyada birləşməli olacağını göstərir.

XS
SM
MD
LG