Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Almaniya rusiyalı hakerlərə görə seçki səddi qurur


Haker
Haker

Bu ilin martında və aprelində hakerlər Almaniyanın iki əsas siyasi partiyasına bağlı beyin mərkəzlərinin kompyuterlərinə girməyə çalışıblar. Bir il öncə isə fırıldaqçılar Latviyada saxta server yaradaraq alman deputatlara e-mail-lər göndəriblər. 2015-ci ildə cinayətkarlar Almaniya parlamentinin şəbəkəsinə girərək 16 GB-lıq informasiya oğurlamışdılar. Bu hücumlar «Pawn Storm» qrupuyla əlaqələndirilib, həmin qrupun da Rusiya kəşfiyyat agentliklərinə bağlılığı var. «Bloomberg» agentliyi yazır ki, bütün bunlar Kremlin sentyabrda keçiriləcək seçkiyə müdaxilə edə biləcəyini göstərir.

«MERKEL BUNA ÇOX CİDDİ YANAŞIR»

Rusiya prezidenti Vladimir Putin-in Avropada ən güclü tənqidçisi olan kansler Angela Merkel dördüncü müddətə seçilməyə çalışır.

«Rusiya tərəfdən seçkiyə təsir göstərmək cəhdlərinə dair dəlillər getdikcə çoxalır. Səsvermə öncəsi kiberhücumlarda sıçrayış gözləyirik», – Almaniyanın daxili kəşfiyyat agentliyi olan BfV-nin rəhbəri Hans-Georg Maassen deyir.

Rəy sorğuları Merkel-in solçu Sosial Demokratik Partiyasını (SPD) asanlıqla məğlub edəcəyini göstərir. Ancaq narahatlıq ondandır ki, Kreml ifrat sağçı «Almaniya üçün Alternativ» partiyasını gücləndirə, rusdilli 2.5 milyonluq seçicini Merkel-ə qarşı yönəldə bilər.

«Kibertəhlükəsizlik prioritet məsələdir və kansler Merkel buna çox ciddi yanaşır», – ölkənin aparıcı texnologiya təhlükəsizliyi agentliyi olan BSI-nin prezidenti Arne Schönbohm deyir.

12 MİN ƏSGƏR VƏ 1500 MÜLKİ İŞÇİ

«Bloomberg» yazır ki, Rusiyanın ötən il ABŞ-da, bu ilsə Fransada seçkiyə müdaxilə cəhdləriylə bağlı iddialardan sonra almanlar müdafiə xətti qurmağa başlayıblar.

Angela Merkel
Angela Merkel

Merkel-in Xristian Demokratik Birliyi (CDU) əks-haker zərbəsinə və hücum edən serverləri dağıtmağa imkan verən qanunun qəbuluna çağırır. BSI bu il, hüquqşünaslar və kodçular daxil, 180 nəfəri işə götürüb, səsvermə prosesinin qorunmasından ötrü seçki orqanına ekspertlər də təhkim edəcək. Agentlik hücumlardan sonra təmizləmə işlərini görəcək kibertəhlükəsizlik komandası yaradıb. Bu komanda hökumət agentliklərinin kompyuter sistemlərinin çökməsini əngəlləyəcək.

Mayda BSI Fransanın onlayn təhlükəsizlik agentliyi ilə danışıqlar aparıb, hücumların önlənməsiylə bağlı informasiya toplayıb. Axı, prezident Emmanuel Macron-un seçki kampaniyası da hücuma məruz qalmışdı.

Almaniyanın Təhsil Nazirliyi yeni kibertəhlükəsizlik məktəbini dəstəkləyir. Burada siyasətçilərə və IT rəsmilərinə haker hücumunu müəyyənləşdirmək və cavab vermək öyrədilir. Apreldə silahlı qüvvələrdə kibermüdafiə bölümü yaradılıb. Tezliklə bu bölümə 12 min əsgər və 1500 mülki şəxs cəlb olunacaq. Onların işi elektrik stansiyaları və xəstəxanalar kimi vacib infrastrukturu, həmçinin hərbi şəbəkələri qorumaqdır. Müdafiə Nazirliyi bu obyektlərə bu il 820 min dəfə hücum olunduğunu bildirir.

«GÜCLÜ AXIN GÖZLƏYİRİK»

«Ötən ilin sonundan kansler Merkel-ə hücumlar aşkarlamışıq və seçki yaxınlaşdıqca güclü axın gözləyirik», – Vaşinqtondakı Atlantik Şurasında rəqəmsal tədqiqat laboratoriyasının rəhbəri Maks Czuperski deyir.

Bu yaz kibertəhlükəsizlik konsultantı olan «Trend Micro Inc.» BSI-yə xəbərdarlıq edib ki, «Pawn Storm» qrupu iki beyin mərkəzini hədəfə alıb. Onlardan biri CDU-nun «Konrad Adenauer Stiftung», digəri SPD-nin «Friedrich Ebert Stiftung» təşkilatlarıdır. Bu qurumlarınkına oxşar internet domenləri qurulub və onlardan fişinq e-mail-lərlə hücumlar gerçəkləşdirilib. Beyin mərkəzləri heç bir informasiyanın oğurlanmadığını bildiriblər.

Rusiya dəfələrlə xarici hökumətlərə qarşı haker hücumlarında əli olmadığını bildirir. İyunun 1-də Almaniya seçkisinə mümkün müdaxiləylə bağlı suala cavabında prezident Vladimir Putin deyib ki, ölkəsi heç vaxt belə fəaliyyətlə «hökumət səviyyəsində» məşğul olmayıb. Ancaq o, «vətənpərvər beyinli» rusiyalıların özbaşına belə davrana biləcəyini də istisna etməyib.

XS
SM
MD
LG