Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 12:23

Almaniyada ölən azərbaycanlının ailəsi narahatdır


Bəxtiyar Ədalətli
Bəxtiyar Ədalətli

►“3 gündür səfirliyin telefonlarını dağıdırıq ki, “ölümüzü ölkəyə gətürməyə kömək eləyin”, veclərinə də deyil”

“Həyatda qalması üçün borca-xərcə girdik, ev-eşiyi satdıq, Almaniyaya göndərdik. Bu müddətədək orada qalması, müalicəsi xeyirxah insanların sayəsində baş tutub. 3 gündür ölüb, meyitini Bakıya gətirmək imkanımız yoxdur. Almaniyadakı Azərbaycan səfirliyinə müraciət olunub, ancaq səfirlik də bir iş görmür”.

2 GÜN ƏVVƏL DOĞUM GÜNÜYMÜŞ

Avqustun 23-də Bakı sakini 30 yaşlı Bəxtiyar Ədalətli Almaniyanın Germersheim şəhərində vəfat edib. Qardaşı Emil Ədalətlinin AzadlıqRadiosuna deməsinə görə, Bəxtiyar 3 il əvvəl Almaniyaya müalicəyə gedibmiş. Ölümündən iki gün əvvəl ailə üzvləri onu doğum günü münasibətilə virtual təbrik ediblər. Avqustun 23-də Bəxtiyarın Almaniyadakı tanışları ailəyə onun faciəli ölümünü xəbərləyiblər:

“Almaniya qəzetləri naməlum kişinin çayda boğulması xəbərini yayıblar. Sonradan kimliyi məlum olanda oradakı tanışlar bizə xəbər verdilər. Almaniya polisi ilə danışıqlar apardıq, ancaq məlum oldu ki, ailə üzvləri getməyincə və tanıtma keçirilməyincə meyiti verə bilməyəcəklər. Azərbaycan səfirliyinin konsulu Elşad Məcidovsa deyir, məsələdən təzə xəbər tutub. Halbuki, 3 gündür səfirliyin telefonlarını dağıdırıq”.

Buna da bax: 6 ayda 110 qadın intihar edib

SƏNƏDLƏŞDİRMƏ GƏLƏN HƏFTƏYƏ QALIB

Azərbaycanın Almaniya səfirliyindəki konsulu Elşad Məcidov ailəylə telefon əlaqəsi saxlayıb. Bildirib ki, növbəti günlər Almaniyanın rəsmi qurumlarında qeyri-iş günləri olduğundan Bəxtiyar Ədalətlinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşdirmə işləri növbəti həftənin əvvəli baş tutacaq.

Mərhumun ailəsi isə konsulu məsuliyyətsizlikdə suçlayır. Emil Ədalətlinin sözlərinə görə, hadisə baş verəndən bir gün sonra – avqustun 24-də Bəxtiyarın şəxsiyyəti müəyyən olunan kimi konsulluq məlumatlandırılıb. Ancaq konsulluq əməkdaşları məsələyə biganə yanaşıblar, hətta indiyədək konsulluqdan heç kəs nəşin saxlandığı Germersheim şəhərinə gedərək məsələylə yerindəcə maraqlanmayıb. Deyir, vaxtında məsələylə maraqlansaydılar, mərhumun nəşi çoxdan Bakıya gətirilərək dəfn olunmuşdu.

Elşad Məcidovun şikayətçi ailənin əlaqə saxladığı mobil telefonu söndürüldüyündən AzadlıqRadiosunin əməkdaşı, hələlik, məsələyə konsulluğun münasibətini öyrənə bilməyib.

XS
SM
MD
LG