Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:55

ABŞ İranla razılaşmaya qayıtmaq istədiyini deyir


Entoni Blinken
Entoni Blinken

Birləşmiş Ştatlar bildirib ki, Vaşinqton 2015-ci ildə İranla imzalanmış sazişin öhdəliklərinə tamamilə qayıtmaq əzmindədir, amma Tehranın da eyni addımı atmasını istəyir.

Bundan az əvvəl İran BMT-nin nüvə müfəttişlərini özünün nüvə obyektlərinə buraxmayacağı ilə hədələmişdi.

ABŞ dövlət katibi Entoni Blinken BMT-nin Tərksilah Konfransında etdiyi çıxışında bildirib ki, Vaşinqton Donald Trampın 2018-ci ildə çıxdığı razılaşmaya qayıtmağa hazırdır.

Blinken deyib ki, ABŞ 2015-ci il sazişinin gücləndirilməsinə tərəfdardır.

ABŞ nüvə razılaşmasına İranın ballistik raket proqramının əlavə edilməsini istəyir.

Tehran bildirir ki, onun raket proqramının nüvə proqramı ilə heç bir əlaqəsi yoxdur.

Almaniya İranı saziş öhdəliklərinə qayıtmağa çağırır

Almaniyanın xarici işlər naziri Heiko Maas İranı 2015-ci il nüvə sazişinin şərtlərinə əməl etməyə çağırıb.

Nazir bildirib ki, bu, ilk növbədə Tehranın öz marağında olan məsələdir.

Fevralın 22-də Cenevrədə BMT-nin egidası altında keçirilən Tərksilah Konfransında etdiyi çıxışda Maas xatırladıb ki, ABŞ-ın yeni prezidenti Co Bayden ölkəsinin nüvə sazişinə qayıtmağa hazır olduğunu deyib.

Maas bildirib ki, İran bu sazişə bundan da artıq ziyan dəymədən öhdəliklərinə əməl etməyə başlamalıdır.

Almaniya xarici işlər naziri bildirib ki, onun ölkəsi İranın 2015-ci il nüvə sazişinin şərtlərinə tam və şəffaf şəkildə əməl etməsini gözləyir.

Beynəlxalq Atom Energetikası Agentliyinin rəhbəri RafaeL Qrossi fevralın 21-də Tehrana səfərdən qayıdıb.

Tehran sanksiyaların qaldırılmasını istəyir

İran fevralın 22-də Qrossinin səfərinin uğurlu olması barədə məlumat yayıb.

Tehran bildirib ki, nüvə məntəqələrində keçirilmiş təftişdən sonra tərəflər arasında “əhəmiyyətli razılaşma” əldə edilib.

Dünyanın 6 gücü və Tehran arasında 2015-ci ildə bağlanmış nüvə sazişi 2018-ci ildə keçmiş ABŞ prezidenti Donald Tramp öz ölkəsini birtərəfli qaydada bu razılaşmadan çıxardıqdan sonra çətinliklə üzləşib.

ABŞ-ın sazişdən çıxması ilə avtomatik olaraq Vaşinqtonun Tehran üzərinə sanksiyaları bərpa olunub.

Hazırda Tehran bu sanksiyaların qaldırılmasını tələb edir.

ABŞ-ın yeni prezidenti Co Bayden İranın ilk addım atmasını və saziş üzrə öhdəliklərinə qayıtmasını istəyir.

Bu arada mühafizəkarların çoxluğa malik olduğu İran parlamenti BMT atom gözətçisinin ölkənin nüvə obyektlərinə təftişlərinin fevralın 23-dən dayandırılması barədə qərar qəbul edib.

Qrossi bildirib ki, Tehrana səfəri zamanı İranla müvəqqəti razılaşma əldə olunub.

Müvəqqəti razılaşma

Bu razılaşmaya əsasən Tehran BMT nüvə müfəttişlərinin ölkəyə səfərlərinin davam etməsinə daha üç ay imkan yaradacaq.

Amma bu müddət ərzində müfəttişlər qeyri-nüvə məntəqələrinə baş çəkə bilməyəcəklər.

Qrossi bunu da bildirib ki, müvəqqəti razılaşma Beynəlxalq Atom Energetikası Agentliyinə “monitorinq və müəyyənləşdimə işini zəruri dərəcədə davam etdirmək” imkanı verir.

İran XİN-in sözçüsü Səid Xatibzadə fevralın 22-də deyib ki, danışıqlarda “əhəmiyyətli diplomatik və son dərəcə mühüm texniki nailliyyət” əldə etmək mümkün olub.

Xatibzadə bunu da deyib ki, bu razılaşma habelə parlamentin qəbul etdiyi qanuna tamamilə uyğundur.

Əldə olunmuş müvəqqəti razılaşmaya əsasən İran “könüllü şəffaflıq tədbirlərini” dayandıracaq.

Bununla da İranda nüvə obyekti olmasından şübhələr olan hərbi obyektlərin təftişinə fasilə veriləcək.

Beynəlxalq Atom Enerhetikası Agentliyi bildirib ki, Tehran növbəti üç ay ərzində sözü gedən məkanlar barədə məlumatların qeydiyyatını aparacaq.

Bu isə o deməkdir ki, sözü gedən məntəqələrdə kameraların işi davam edəcək.

Razılaşmaya əsasən ABŞ sanksiyalarının qaldırılması təqdirində bu kameraların videoyazısı silinəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG