Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Almaniya da NATO-ya ABŞ qədər pul ödəyəcək


Almaniya 2021-ci ildən NATO büdcəsinə ödənişini ABŞ-ın ödənişinə uyğun şəkildə artıracaq.

NATO rəsmiləri ümid edirlər ki, bu qərar hərbi alyansın maliyyə xərcləri ətrafında bir müddətdir davam edən gərginliyə son qoyacaq.

Deutsche Welle (Alman dalğası) radiosu xəbər verir ki, Almaniya NATO büdcəsinə ödənişini 33 milyon avro (36 milyon dollar) artıracaq.

Beləliklə Almaniya 2021-ci ildən NATO-ya ödənişlərini alyans büdcəsinin 14.8 faizindən 16.35 faizinə qaldıracaq.

Eyni zamanda Birləşmiş Ştatların NATO büdcəsinə ödənişləri alyans büdcəsinin 22.1 faizindən 16.35 faizinə enəcək.

Bu isə o deməkdir ki, Berlin və Vaşinqton NATO büdcəsinə eyni məbləğdə ödəniş edəcəklər.

Alyansın büdcəsi, hərbi xərclərdən başqa həm də təşkilatın infrastrukturuna və Brüsseldəki qərargahının maliyyələşdirilməsinə xərclənir.

NATO-nun 70-ci ildönümünə həsr olunmuş London sammitinə bir həftə qalmış aslyansın 29 ölkəsi büdcəyə ödəniş qaydalarındakı dəyişikliyi qəbul edib.

Hazırkı razılaşmaya görə NATO-ya üzv olan hər bir ölkə onun büdcəsinə öz Ümumi Daxili Məhsulunun (ÜDM) 2 faizi qədərini ödəyir. Burda ABŞ istisnadır. Əgər ABŞ da öz ÜDM-nin 2 faizini ödəsə idi, bu bütünlükdə alyans xərclərinin yarısı demək olardı.

2019-cu ildə ABŞ NATO büdcəsinə 470 milyon avro ödəyib. NATO-nun ümumilikdə büdcəsi 2.12 milayrd avro (1.5 milyard dollar) təşkil edir. Almaniya eyni dövrdə 313 milyon avro ödəyib.

Yeni razılaşmaya görə Almaniyanın NATO büdcəsinə illik ödənişi 33 milyon avro artacaq, ABŞ isə 120 milyon avro qənaət edəcək.

NATO rəsmisi noyabrın 28-də AFP agentliyinə deyib ki, bütün üzvlər xərclərin bölüşdürülməsinin yeni qaydaları ilə razılaşıblar:

“Yeni formula görə əksər Avropa müttəfiqlərinə və Kanadaya aid ödənişlər artacaq, ABŞ-ın ödəniş payı isə azalacaq. Bu, alyans üzvlərinin təşkilata sadiqliyinin və daha ədalətli xərc bölüşdürülməsini dəstəkləməsinin təzahürüdür”.

Trump-ın giley-güzarı azalacaqmı?

NATO rəsmiləri ümid edirlər ki, yeni qaydalar NATO xərclərinin bölüşdürülməsi ətrafındakı gərginliyi, ilk növbədə ABŞ prezidenti Donald Trump-ın giley-güzarını azaldacaq.

Trump çoxdan bəri şikayətlənirdi ki, ABŞ başqa müttəfiqlərindən ədalətsizcəsinə daha çox pul ödəyir:

"Biz nə üçün Almaniyanı Rusiyadan müdafiıə etməliyik. Biz ABŞ olaraq böyük pullar ödəyirik ki, Almaniya və Fransanı qoruyaq. Amma Almaniya hər il Rusiyadan milyardlarla dollarlıq qaz alır və ondan asılı qalır! Bu bizim ölkəmizə və bizim vergiödəyənimizə münasibətdə ədalətsizlikdir”.

O bütün NATO üzvlərindən NATO-ya ödənişləri 2024-cü ilədək öz ÜDM-lərinin 2 faizinə çatdırmağı tələb etmişdi.

Yeni qaydalara baxmayaraq, Almaniya bu hədəfə yenə də çata bilməyəcək. Merkel noyabrın 27-də demişdi ki, Berlin NATO-ya ÜDM-in 2 faizinin ödənilməsi hədəfinə yalnız 2030-cu illərin əvvəllərində çatacaq.

İndilik ÜDM-in 2 faizi tələbinə NATO-nun 29 üzvündən yalnız 8-i əməl edir.

Bundan əvvəl CNN telekanalı iddia etmişdi ki, ABŞ yeni qaydalarla qənaət edəcəyi vəsaiti Ukrayna və Gürcüstana birbaşa hərbi yardım göstərilməsinə yönəldəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG