Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:58

Mertsin başı dərddə: AfD daha bir regionda seçkiləri qazandı

Almaniya kansleri Fridrix Merts
Almaniya kansleri Fridrix Merts

Almaniya kansleri Fridrix Merts bazar günü daha bir federal torpaqda keçirilən seçkilərdə ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasına uduzub. Merts Almaniyanın şimal-şərqi Meklenburq-Qərbi Pomeraniya regionundakı məğlubiyyəti "fəlakət" adlandırıb.

Onun Xristian-Demokrat İttifaqı (CDU) regional parlamentə düşmək üçün tələb olunan 5 faizlik baryeri tarixində ilk dəfə keçə bilməyib.

İfrat sağçı AfD birinci yeri tutub. Partiya parlament çoxluğu əldə etməkdən xeyli uzaq olsa da, bir ay ərzində artıq ikinci dəfədir ki, regional seçkilərdə qələbə qazanır. AfD bunu ölkə miqyasında hakimiyyətə gəlmək üçün partiyaya olan dəstəyin artmasının göstəricisi sayır.

Mertsin partiyası Berlində keçirilən digər seçkidə də çoxlu səs itirib. Ən çox mandat qazanan ifrat solçu "Sol Partiya"nın (Die Linke) koalisiya yaradaraq hakimiyyətə gəlməsi mümkündür. Bu partiya vaxtilə Şərqi Almaniyanı idarə etmiş Kommunist Partiyasının siyasi varisi sayılır.

Kreml sentyabrın 20-də bildirib ki, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının ölkənin şimal-şərqindəki regional seçkilərdə qələbə qazanması, əsasən, Berlinin Rusiyadan ucuz qaz almaqdan imtina etməsi ilə bağlıdır.

Regional hökumət başçıları görüşüblər

"Reuters" agentliyi Almaniya kanslerinin gələcəyinin sual altında olduğunu yazır. 20 sentyabr seçkilərinin nəticələri Merts üçün həlledici zərbə olmasa da, onun reytinqinin aşağı olması, islahatlarının populyarlıq qazanmaması və AfD-nin güclənməsi kanslerin siyasi gələcəyini sual altına qoyub.

Bir neçə mühafizəkar regional hökumət başçısı bazar günü mövcud vəziyyəti qiymətləndirmək üçün görüşüb. Onlar ötən həftə açıq məktubla Mertsə dəstək bildirmişdilər.

Görüş iştirakçılarından biri agentliyə deyib ki, bu addım heç də kanslerə qarşı üsyan, yaxud çevriliş olmayıb. Bununla belə, o əlavə edib: "Xristian Demokrat İttifaqının regional seçkilərdəki zəif nəticələrindən sonra kanslerin daha çox iş görməli olduğu barədə ümumi razılıq vardı".

Bazar günü seçkinin nəticələri açıqlanmağa başladıqdan bir neçə dəqiqə sonra Merts televiziya ilə çıxışında islahat proqramını davam etdirəcəyinə dair vəd verib. Onun sol-mərkəzçi koalisiya tərəfdaşı – Sosial Demokrat Partiyasının (SPD) üzvləri buna qarşı çıxıb, federal hökumətin pensiya islahatlarını kəskin tənqid edənlər olub.

AfD Almaniyadakı rəy sorğularında liderdir. Ancaq digər aparıcı partiyalar onunla əməkdaşlıqdan imtina etdiyinə görə indiyədək hakimiyyətə buraxılmayıb. "Siyasi sədd" adlanan bu siyasət AfD gücləndikcə daha çox müzakirə olunur. Partiya miqrasiya ilə bağlı sərt mövqe tutduğundan Almaniyada yaşayan bəzi miqrant mənşəli şəxslər öz gələcəklərini sorğulamağa başlayıblar.

XS
SM
MD
LG