Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:29

ABŞ daha Merkel-in 'dostu' deyil


D.Trump və A.Merkel
D.Trump və A.Merkel

Almaniya kansleri Angela Merkel-in seçki kampaniyasında Birləşmiş Ştatlarla münasibətlər haqda «dost» sözü daha işlənmir.

«Reuters» agentliyi yazır ki, dörd il öncə Merkel-in Xristian-Demokratik İttifaqı Partiyası (CDU) və Bavariyadakı «qardaş» Xristian-Sosial İttifaqı Partiyası (CSU) Birləşmiş Ştatları Almaniyanın Avropadan kənarda «ən vacib dostu» adlandırırdı.

DAHA DOSTLUQDAN DANIŞMIRLAR

2013-cü il proqramında Vaşinqtonla «dostluq» Almaniyanın beynəlxalq münasibətlərinin əsas sütunu sayılırdı və ticarət baryerlərinin qaldırılması yoluyla transatlantik iqtisadi əlaqələrin möhkəmləndirilməsindən söz açılırdı.

Ancaq builki seçki proqramına «dost» və «dostluq» sözləri salınmayıb. «Yaxşı və xoşbəxt yaşadığımız Almaniya uğrunda» adlanan proqramı Merkel və CSU lideri Horst Seehofer bazar ertəsi açıqlayıb. Almaniyada parlament seçkiləri sentyabrın 24-də keçiriləcək.

İndi Birləşmiş Ştatlar Almaniyanın Avropadan kənarda «ən vacib tərəfdaşı» adlandırılır. Agentlik CDU rəsmilərindən bu dəyişiklik haqda açıqlama ala bilməyib.

Amma məqalədə qeyd olunur ki, bu ifadə dəyişikliyi ABŞ-da Donald Trump hakimiyyətə gələndən Berlinlə Vaşinqtonun münasibətlərinin pisləşdiyini göstərir. Hələ seçki kampaniyası dövründə Trump deyirdi ki, Merkel «ağılsız» miqrasiya siyasətiylə Almaniyanı «dağıdır».

35 FAİZ

O, Berlinin Birləşmiş Ştatlarla müsbət ticarət balansını dəfələrlə pisləyib, Berlini və digər Avropa tərəfdaşlarını NATO-ya nəhəng pul borcuna görə ittiham edib. Üstəlik, Trump ötən ay Paris iqlim sazişindən çıxmaqla Qərb tərəfdarlarını lap dilxor edib.

«Pew» tədqiqat mərkəzinin ötən həftə açıqladığı rəy sorğusu üzə çıxarıb ki, almanların yalnız 35 faizi Birləşmiş Ştatlara xoş yanaşır. Prezident Barack Obama-nın vəzifə dönəminin sonuna yaxın bu göstərici 57 faiz idi.

Bu həftənin sonuna Merkel Hamburq şəhərində Böyük 20-liyin sammitinə ev sahibliyi edəcək, Trump da sammitə qatılacaq.

AVROPANIN MÜHƏRRİKİ

2013-cü ildə seçki proqramında iqtisadi əlaqələrin möhkəmləndirilməsindən danışılırdı. Builki proqramda isə ABŞ-ın İkinci Dünya müharibəsindən sonra və Almaniyanın birləşdirilməsindən öncə bu ölkəyə göstərdiyi dəstəkdən söz açılır.

Proqramda Almaniyanın NATO hərbi alyansına sadiqliyi vurğulanır. Eyni zamanda qeyd olunur ki, Avropa Birliyi uzunmüddətli perspektivdə mövcudiyyətini saxlamaq istəyirsə, özünü müstəqil şəkildə müdafiə edə bilməlidir.

Seçki proqramında «Almaniya və Fransa Avropanın mühərriki kimi» adlı xüsusi bölmə də var. Bu hissədə iki ölkənin dostluğunu canlandırmaqdan söz açılır.

«Biz yeni Fransa hökuməti ilə birlikdə avrozonanı addım-addım, məsələn, özünün monetar fondunu yaratmaqla inkişaf etdirməyə hazırıq», – proqramda deyilir.

XS
SM
MD
LG