Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Türkiyə ilə Almaniya söz savaşına başlayıb


R.T.Erdoğan və A.Merkel
R.T.Erdoğan və A.Merkel

İyulun 20-də Türkiyə Almaniyaya bildirib ki, ikitərəfli əlaqələr «şantaj və hədələr» üzərində qurula bilməz. Daha öncə iki dövlət arasında qızışmaqda olan mübahisə gedişində Almaniyanın xarici işlər naziri Türkiyəyə sərmayə qoyuluşlarının məhdudlaşdırılmasına yönələn addımlar atılacağını bildirmişdi.

«Bizim münasibətlərimiz şantaj və hədələr üzərində qurula bilməz, yalnız beynəlxalq aləmdə qəbul olunmuş norma və prinsiplər üzərində qurula bilər», - Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı sözlərdir.

Nazirlik öz bəyanatında Almaniyanın xarici işlər naziri Sigmar Gabriel-i «birtərəfli və təhrif olunmuş yanaşmada» ittiham edib.

Eyni gündə, amma bir neçə saat öncə Gabriel demişdi ki, Almaniya Türkiyəyə investisiya qoyuluşları ilə bağlı dövlət təminatlarına yenidən baxacaq və alman şirkətlərini pullarını Türkiyəyə yatırmamağa çağıracaq.

MÜNASİBƏTLƏR ÖTƏN İLDƏN BƏRİ GƏRGİNLƏŞİB

Almaniya Xarici İşlər Nazirliyi indən belə Türkiyədə öz vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilməyəcəyi barədə də xəbərdarlıq edib. Nazirlik bunu Türkiyədə ötən ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdindən sonra başlanan və bugünədək davam edən həbslər dalğası ilə əlaqələndirib.

NATO müttəfiqi olan bu iki dövlət arasında münasibətlər bir ildən artıqdır ki, gərginləşməkdədir. Gərginliyin özəlliklə ötən yaydakı dövlət çevrilişi cəhdindən sonra artdığını demək olar. Çevrilişdən sonra başlanmış təzyiqlər gedişində 22 alman vətəndaşı saxlanıb. Onlardan doqquzu indi həbsdədir. Onların arasında insan hüquqları fəalı Peter Steudtner, habelə jurnalistlər Deniz YücelMeşale Tolu da var.

Türkiyə 15 iyul çevriliş cəhdindən 1 il sonra [Film]
Gözlə

No media source currently available

0:00 0:21:34 0:00

İyulun 19-də Türkiyə məhkəməsi Steudtner və «Amnesty International»ın Türkiyədəki direktoru və bir isveçli IT təlimçisi də daxil, digər fəalların həbsi barədə qərar çıxarıb. Bu addım Almaniya hökumətinin narahatlığına və qəzəbinə yol açıb.

Sözügedən fəalları iyulun 5-də Büyükadadakı bir oteldə keçirilən rəqəmsal təhlükəsizlik təlimi zamanı Türkiyənin polis qüvvələri saxlamışdı.

ALMANİYANIN CİDDİ QƏZƏBİNİN DAHA BİR SƏBƏBİ…

«Amnesty International»ın bildirdiyinə görə, Steudtner qeyri-zorakılıq mövzusunda təlim verirmiş. Hələlik, həbs edilən 6 fəalın hansı terror qrupuna yardımda suçlandırıldığı bilinmir.

Almaniyanın ciddi qəzəbinin bir səbəbi də odur ki, Steudtner-in əvvəllər Türkiyə ilə heç bir əlaqəsi olmasa da, o, terrorla əlaqədə olmaqda ittiham edilir. Rəsmi Berlin bu ittihamı qondarma sayır. Sigmar Gabriel deyir ki, bu iş «alman vətəndaşlarının indən belə artıq təsadüfi həbslərdən mühafizə olunmadığını» göstərir.

Sigmar Gabriel və Mevlüt Çavuşoğlu
Sigmar Gabriel və Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri isə bildirib ki, son aylar ərzində Türkiyə-Almaniya münasibətlərində ciddi «etimad böhranı» yaşanır. O bunu Almaniyanın «ikili standartlara» üstünlük verən yanaşması ilə izah edib.

XƏBƏRDARLIQ VAR, TƏFƏRRÜAT YOX

Türkiyənin dəstəklədiyi Şimali Kipr Türk Cümhuriyyətinə səfərdə olan xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyənin Almaniyaya qarşı cavab tədbirləri görə biləcəyini bildirsə də, atıla biləcək mümkün addımların təfərrüatına varmayıb.

Türkiyə hökuməti alman millət vəkillərinin «İslam Dövləti»nə qarşı hərbi kampaniya çərçivəsində Türkiyədə yerləşən iki hava bazasında xidmət edən alman hərbçilərini ziyarət etməsinə də imkan verməyib. Bu da iki ölkə arasında yaşanan gərginliyi daha da dərinləşdirib.

Almaniya dövlət qurumlarının Türkiyə siyasətçilərinin bu ölkədə hökumətə dəstək yürüşü keçirməsinə icazə verməməsi isə Türkiyə hökumətinin qəzəbli reaksiyasına səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG