Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:39

İlham Əliyev: ‘Artım var, ancaq rəqəmlər çox aşağıdır’


Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Serbiya prezidenti Aleksandar Vucic
Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Serbiya prezidenti Aleksandar Vucic

“Tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır”.

AZƏRTAC-ın xəbərinə görə, bugün, mayın 21-də Serbiya prezidenti Aleksandr Vuçiç-lə sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan prezidenti İlham Əliyev belə deyib.

Prezident müzakirə olunan və olunacaq məsələlərin gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracağına əmin olduğunu ifadə edib.

Energetika sahəsində əməkdaşlıqdan ötrü perspektivləri ümidverici hesab edən Əliyev Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin perspektivləri haqda danışıb:

“Biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək”.

Aleksandr Vuçiç: “İki ölkə arasında heç bir mübahisəli məsələ yoxdur”

“Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana gəlmişəm. Çünki biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik”.

Bu sözləri isə Serbiya prezidenti Aleksandr Vuçiç öz bəyanatında ifadə edib.

Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiklərini vurğulayan Serbiya prezidenti iki ölkə arasındakı münasibətlərdə iqtisadi maraqların təmin edildiyini bildirib:

“Biz müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var”.

O, həmçinin İlham Əliyevi Serbiyaya rəsmi səfərə dəvət edib.

Xatırlatma

Serbiya prezidenti Aleksandr Vuçiç bugün, mayın 21-də Azərbaycana gəlib. O prezident İlham Əliyevlə təkbətək, daha sonra geniş tərkibdə görüşüb.

İki ölkə arasında bir neçə sənəd də imzalanıb.

Prezidentlər əvvəlcə Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planını imzalayıblar.

Sonra iki ölkə arasında səhiyyə, ədliyyə, bitki karantini, beynəlxalq avtomobil daşımaları və hava əlaqələri haqqında sazişlər bağlanıb.

XS
SM
MD
LG