Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:20

Rusiya Azərbaycana fiziki mənada gəlir


Əliyev və Putin
Əliyev və Putin

►Qərblə hədə tonunda danışan Azərbaycan hakimiyyəti Rusiya ilə nəinki sərt danışmır, əksinə, son dövrlər iki ölkənin yaxınlaşmasının əlamətləri Bakıda artıq fiziki olaraq görünür.

Məsələn, bu ilki bilik günündə 100 azərbaycanlı tələbə Rusiyanın İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakıda açılmış filialında dövlət sifarişi əsasında təhsil almağa başladı.

Bir neçə il əvvəl isə Bakıda Moskva Dövlət Universitetinin filialı açılmışdı.

Hazırda Bakıda hansısa Qərb ölkəsi universitetinin filialı yoxdur.

Bakıda çalışan, adının çəkilməsini istəməyən diplomatlar iddia edirlər ki, Azərbaycan hökuməti ABŞ–ın layihəsi olan hazırkı GİPA- Gürcüstan İctimai Əlaqələr İnstitutunun Bakıda fəaliyyətinə icazə verməyib və universitet indi Tbilisidə fəaliyyət göstərir.

Buna da bax: Azərbaycan ATƏT PA-nın sessiyasına qatılmadı

Rus təhsili milli kimliyə təhlükədir?

Müxalif ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli hesab edir ki, Rusiyadan asılılığı azaltmaq, milli kimliyi gücləndirmək, çağdaşlaşmaq, demokratikləşmək üçün nəinki Azərbaycanda Rusiya universitetləri açılmalıdır, əksinə, ölkədə rus məktəbləri də bağlanmalıdır:

“Rusiyanın bəzi universitetləri bizimkilərin çoxundan üstün olsa da, dünyada reytinq cədvəllərində çox aşağı yerlər tutur (Dünyanın 10 yaxşı universitetindən 6-ı ABŞ və Böyük Britaniya Universitetləridir).

Məqsəd ölkəmizə üstün təhsil təcrübələrini gətirməkdirsə, niyə Rusiya universitetlərini gətirirlər? Neftin çox bahalı vaxtlarında, aramsız 10 il ərzində ABŞ-ın, ya da Avropa ölkələrinin yüksək səviyyəli universitetlərini buraya gətirmək olardı. Rusiya universitetləri hətta təhsildə korrupsiyanı aradan qaldırmaq məqsədi üçün yaramır, çünki özləri korrupsiyanın içində batır”, deyə Erkin Qədirli öz Facebook səhifəsində yazır.

Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, 2014 –cü ildə Rusiya korrupsiyanı qavrama indeksinə görə, Azərbaycandan da aşağı yerdə qərarlaşıb. Azərbaycan 174 ölkə arasında 126-cı, Rusiya 136-cı yerdədir.

Buna da bax: Martirosyan: «Şuşada referendum olsa...»

Rusiya radiosuna olar, Qərb radiosuna olmaz

İyulun 3-də baş ofisi Moskvada yerləşən "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin layihəsi olan Sputniknews Azərbaycan Araz radiostansiyası dalğasında (103.3 FM) həftədə 5 dəfə Azərbaycan dilində xəbər yayımına başlaması barədə məlumat yaydı.

Hökumət 2009-cu ildən Azərbaycanda xarici media qurumlarının, AzadlıqRadiosu, “Amerikanın səsi” və BBC Azərbaycancanın radio yayımını dayandırıb, milli tezliklərdə yalnız yerli radioların fəaliyyət göstərə biləcəyini deyib.

Sputnik Azərbaycan-ın nümayəndəsi Əziz Əliyev iyulun 7-də BBC Azəri-yə bildirib ki, bu qurum yerli hüquqi qeydiyyatı olan Novosti Azərbaycan MMC-yə aiddir. Hərçənd müstəqil və qərbyönümlü tənqidçilər radionun fəaliyyətinə icazəni Rusiyaya qarşı əlahiddə jest kimi qiymətləndirirlər.

Orden və Oyunlar

Martda isə Rusiya prezidenti Vladimr Putin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu və Milli Məclisin spikeri Oqtay Əsədovu "Dostluq" ordeni ilə təltif etmişdi və bu da yaxınlaşmanın göstəricisi kimi yozulmuşdu.

Qərb mediası və qurumları Avropa Oyunları vaxtı Əliyevləri tənqid etdikləri və tədbirin Əliyevlər üçün önəmli olan açılış mərasiminə qatılmasalar da, Rusiya prezidenti həmin gün İlham Əliyevin yanında idi.

“Yaxınlaşma suverenlik hesabına baş verməməlidir"

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Azərbaycanın Rusiya ilə yaxınlaşması əksinə yaxşıdır, çünki Azərbaycan çətinliyə düşəndə ilk yardıma gələn Rusiya olur:

“Çətin iqtisadi durumlarda azərbaycanlılar işləməyə Rusiyaya üz tutdular. Rusiya təhsili Azərbaycan təhsilindən irəlidir və universitetlərin burda açılması yaxşı haldır. Mən Rusiyanın Azərbaycanla yaxınlaşmasının tərəfdarıyam. Bakı ilə Moskva qonşu olmalıdır. Amma əlbəttə ki, bu, Azərbaycanın suverenliyi hesabına baş verməməlidir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG