Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:58

İlham Əliyev: “Rusiya bizim üçün mühüm və dəyərli tərəfdaş, dost və qonşudur”


Vladimir Putin (solda) və İlham Əliyev
Vladimir Putin (solda) və İlham Əliyev

“Bizim həmişə danışmağa sözümüz var”.

Sentyabrın 27-də Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Rusiya prezidenti Vladimir Putin belə deyib.

AZƏRTAC-ın məlumatına görə, Rusiya prezidenti Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun işgüzar səfərinin əhəmiyyətli tərkib hissəsi olduğunu vurğulayıb.

“Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir”, Rusiya prezidenti bildirib.

Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində Vladimir Putinin səfərinin xüsusi xarakter daşıdığını ifadə edib:

“Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin parlaq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük”.

Prezident vurğulayıb ki, Rusiya Azərbaycandan ötrü münasibətləri ən yüksək səviyyədə olan çox mühüm, dəyərli tərəfdaş, dost və qonşudur:

“Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”.

Putin rus dilinə hörmətə dəyər verir

“Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır”.

AZƏRTAC-ın xəbərinə görə, sentyabrın 27-də IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimindəki çıxışında prezident İlham Əliyev belə deyib.

Prezident qeyd edib ki, iki ölkə arasında qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir.

“Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur. Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində “Rosneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda “LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur”.

Nəqliyyat sahəsində Rusiya ilə çox fəal əməkdaşlıq əlaəqələrinin olduğunu deyən İlham Əliyev “Şimal-Cənub” layihəsinin artıq öz nəticələrini verdiyini qeyd edib.

“Ötən illə müqayisədə biz bu il həmin dəhlizlə yükdaşımaların nəqlinin 100 dəfədən çox artdığını görürük. Həm də bu, yalnız başlanğıcdır. Hesab edirik ki, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da ölkələrimizin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialımızı artıracaq”, deyən İlham Əliyev turizm sahəsindəki göstəricilərdən bəhs edib, bu ilin 9 ayında 700 minədək rusiyalının Azərbaycanı ziyarət etdiyini bildirib.

Bank, maşınqayırma, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq əlaqələrinə də toxunan İlham Əliyev Rusiyanın regionları ilə çox sıx münasibətlərin olduğunu vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin də forumun əhəmiyyətindən bəhs edib.

“Doqquzuncu regionlararası forum əslində onu göstərir ki, biz bütün bu illər ərzində nəinki hədər vaxt itirməmişik, biz fəal işləmişik, həm də bütün istiqamətlərdə. Bu da öz nəticələrini verir”, deyən Vladimir Putin regionlararası əlaqələrin Rusiyanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsi olduğunu ifadə edib.

“...Dövlətlərimiz arasında münasibətlər, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq”, deyən V.Putin vurğulayıb ki, hazırda Azərbaycan bazarında Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir”.

Müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin durumundan danışan Putin 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının 12 faiz artdığını qeyd edib.

Putin vurğulayıb ki, Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

“Bakıda bizim iki iri ali məktəbin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Elmi və tələbə mübadilələri genişlənir... Biz sözsüz ki, ölkələrimizin təhsil, mədəniyyət və elm sahələrində əlaqələrini gələcəkdə də hər cür stimullaşdırmaq niyyətindəyik. Xüsusilə qeyd edirəm, biz prezidentlə Soçidə də bu haqda danışmışıq. Biz bunu görürük və biz bunu -Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk. Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir”, Putin vurğulayıb.

Xatırlatma

Bu gün, sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.

Azərbaycan və Rusiya dövlət başçıları da mərasimdə iştirak ediblər.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana gəlib. O, günün birinci hissəsi Bakıda keçirilən cüdo üzrə Dünya çempionatına da tamaşa etmişdi.

Günün ikinci yarsında onun Azərbaycana səfəri başa çatıb.

XS
SM
MD
LG