Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 17:39

Azərbaycan və Ermənistan rəhbərliyi Qarabağdan danışıblar


Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Pashinian sentyabrın 28-də söhbət ediblər
Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Pashinian sentyabrın 28-də söhbət ediblər

Azərbaycan prezidentinin mətbuat xidməti sentyabrın 28-də dövlət başçısı İlham Əliyevin Ermənistan baş naziri Nikol Pashinian-la görüşü barədə məlumat yayıb.

“Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian arasında söhbət olub.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar”, deyə məlumatda vurğulanır.

Bu barədə bir qədər əvvəl Ermənistan baş naziri də öz Facebook səhifəsində məlumat yaymışdı.

“Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbət etdim. Detallar barədə Yerevana qayıdanda danışacağam”, – Pashinian qeyd etmişdi.

Sentyabrın 28-də Tacikistan paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının toplantısı keçirilib. İclasda əsasən MDB daxilində əməkdaşlıq məsələləri müzakirə edilib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG