Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Prezident Əliyev: ‘Ermənistanda yeni simalar öz məsuliyyətini dərk etmir’


“Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb”

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri sentyabrın 18-də prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

İlham Əliyev vurğulayıb ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və gərginliyə rəvac verən addımlar atırlar.

“Azərbaycan Ordusu onlara layiqli cavabını verir və verəcək”, deyə o qeyd edib.

Dövlət başçısı daha sonra da əlavə edib:

“Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin, yaxın günlərdə özlərinə gəlsinlər”

Ermənistanın baş naziri Serj Sarkisyan bu ilin aprelində kütləvi etirazlardan sonra istefa verib. Onu müxalifətin lideri Nikol Pashinian əvəz edib.

Ermənistanın yeni baş naziri Nikol Pashinian son vaxtlar Dağlıq Qarabağla bağlı bir sıra açıqlamalar verib. O, həm Dağlıq Qarabağı Ermənistanın bir hissəsi hesab etməsi ilə bağlı açıqlama səsləndirib, həm də danışıqların formatını tənqid edib.

“Bəlkə danışıqlar prosesimiz ona görə yerində sayır ki, elə danışıqların formatı düzgün deyil?” – deyən Pashinian hazırda Dağlıq Qarabağ təmsilçilərinin danışıqlara qatılmamasına eyham vurub.

Azərbaycan isə bunun əleyihinədir.

Xatırlatma

Sentyabrın 18-də prezident İlham Əliyev Masallı və Biləsuvar rayonlarına səfər edib. O həmin rayonlarda bir sıra obyektlərin açılışında iştirak edib.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG