Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

İlham Əliyev: ‘Sülh istəyirlərsə, torpaqlarımızdan çıxmalıdırlar’


“...Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”.

Avqustun 1-də müharibə əlillərinə, ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə ev, mənzil verilməsi mərasimindəki çıxışında prezident İlham Əliyev belə deyib.

AZƏRTAC-ın məlumatına görə, prezident ölkə iqtisadiyyatının inkişafda olduğunu vurğulayıb.

“Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilib. Gələn il sürətli inkişaf ili olacaq...”, deyən İlham Əliyev Dağlıq Qarabag münaqişəsinin tənzimlənməsindən, Ermənistandakı son siyasi proseslərdən də bəhs edib.

“Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır”, deyən prezident Ermənistanın ağır günlər yaşadığını iddia edib:

“Azərbaycan Ermənistandan sülh çağırışlarını eşidir”

“İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var – işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır”.

İlham Əliyev bu durumu Ermənistanın yeni hökumətinin yaxşı başa düşməli olduğunu qeyd edib:

“Hökumət əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur. Ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil”

İlham Əliyev Ermənistandan sülhə yönəlmiş çağırışların da edildiyini, Azərbaycanın bu çağırışları eşitdiyini ifadə edib:

“... Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər”.

İlham Əliyev Azərbaycanın öz siyasətindən əl çəkməyəcəyini vurğulayıb.

“Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik... Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub”, deyən İlham Əliyev aprel döyüşlərindən bəhs edib.

O, çıxışının sonunda vurğulayıb: “Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdırlar”

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana Dağlıq Qarabağla bağlı ərazi iddialarından sonra iki respublika arasında silahlı toqquşmalar olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ancaq atəşkəs sazişinə baxmayaraq cəbhədə tez-tez atəş səsləri eşidilir. 2016-ci ilin aprelində isə bir neçə gün cəbhədə iri döyüşlər bərpa edilib. Onda Azərbaycan ordusu Lələtəpə yüksəkliyini işğaldan azad etmişdi. Atəşkəsin pozulmasına görə, tərəflər bir-birini ittiham edir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bu ilin aprelində isə küçə etirazları nəticəsində Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian yenicə seçildiyi baş nazir postundan istefa verməli olub. Etirazların lideri Nikol Pashinian mayın 8-də baş nazir seçilib.

Nikol Pashinian baş nazir seçildikdən sonra Ermənistanın keçmiş dövlət başçılarından Robert Koçaryan həbs edilib.

Koçaryan “2008-ci il seçkisinin ardınca (Serzh Sarkisian prezident seçilmişdi) baş vermiş fəlakətli hadisələr zamanı Ermənistanın konstitusiya quruluşunu devirməkdə” ittiham olunur.

XS
SM
MD
LG