Keçid linkləri

2024, 15 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:51

Azərbaycan və Türkiyə prezidentləri görüşüb


Azərbaycan prezidentinin Türkiyə səfəti martın 10-da başlayıb

Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı.

Habelə qeyd edildiyinə görə, Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bildirildiyinə görə, söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.

“Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu”, rəsmi agentliyin xəbərində bildirilir.

Vurğulandığına görə, bu dəhliz vasitəsilə Türkiyəyə və həmin ölkənin ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib.

“Həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.”agentliyin xəbərində qeyd edilib.

Əməkdaşlıq

Açıqlamaya görə, söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi də aparılıb.

Habelə, qeyd edildiyinə görə, hərbi, hərbi-texniki, hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

“Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Recep Tayyip Erdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi” - xəbərdə deyilir.

Sonda İlham Əliyev Recep Tayyip Erdoğanı Azərbaycana səfərə dəvət edib.

Azərbaycan prezidentinin Türkiyə səfəti martın 10-da başlayıb.

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də imzalanıb.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.

Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan və Türkiyə sanksiyalara qoşulmur.

Qarabağ münaqişəsi isə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG