Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Erdoğan və Əliyev böyük layihələrdən danışıblar


Erdoğan və Əliyev aprelin 25-də Ankarada görüşüblər
Erdoğan və Əliyev aprelin 25-də Ankarada görüşüblər

Aprelin 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycanla Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Prezidentin mətbuat xidməti xəbər verir ki, Recep Tayyip Erdoğan İlham Əliyevə növbəti dəfə ölkə başçısı seçilməsindən sonra ilk səfərini məhz Türkiyəyə etməsinə görə xüsusi minnətdarlığını bildirib:

“İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə “can Azərbaycan” inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək”.

Əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşdüklərini bildirən Türkiyə prezidenti müzakirələrin faydalı olduğunu ifadə edib.

Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını etdiklərini xatırladan Erdoğan daha sonra bildirib:

“Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik… Yaxın vaxtlarda Trans-Anadolu qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq”.

Türkiyə lideri deyib ki, bu planlardan biri də iqtisadi əməkaşlıq sahəsində milli valyutalardan istifadəyə keçilməsidir.

TANAP Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təbrik edən Erdoğan iki ölkə arasındakı əlaqələrin bundan sonra da “bir millət, iki dövlət” anlayışı ilə davam edəcəyini vurğulayıb. O, deyib ki, Azərbaycan başda “FETÖ” (Türkiyə rəsmiləri hazırda ABŞ-da yaşayan ilhiyyatçı Fetullah Guleni dövlət çevrilişinə cəhddə, terrorçuları himayə etməkdə günahlandırır. Gulen ittihamlarla razılaşmır). olmaqla, terror təşkilatları ilə mübarizədə onlara ən çox dəstək verən ölkədir.

“Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli ən böyük arzumuzdur.”

İlham Əliyev: Türkiyə ilə güzəştli ticarət anlaşmasına daha da yaxınlaşdıq

Prezidenti İlham Əliyev öz bəyanatında Türkiyə və Azərbaycanın ən yaxın müttəfiqlər olduğunu vurğulayıb. O, Erdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişaf sahəsində irəlilədiyini, onun dünya çapında bir güc olduğunu deyib:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir”.

İlham Əliyev deyib ki, iki ölkə birlikdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir:

“Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Yalnız qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. ”.

İlham Əliyev müzakirələr zamanı Türkiyə ilə güzəştli ticarət anlaşmasının imzalanmasına daha da yaxınlaşdıqlarını qeyd edib. Müdafiə sahəsində birgə hərbi təlimlərin həyata keçirilməsindən bəhs edən Əliyev vurğulayıb ki, Azərbaycan mədəniyyət, təhsil, incəsənət və humanitar sahələrdə də daim Türkiyə ilə birlikdədilər.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Türkiyəyə səfər edib.

Bu gün, aprelin 25-də İlham Əliyevlə Recep Tayyip Erdoğanın ayrıca, təkbətək görüşü də olub.

Sonra geniş tərkibli görüşdə iki ölkə arasında əməkdaşlığa dair bir neçə sənəd imzlanıb.

Bu sənədlər elektron imza, ticarət, mədəniyyət və başqa sahələri əhatə edib.

XS
SM
MD
LG