“Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar”.
AZƏRTAC-ın xəbərinə görə, bunu fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra prezident İlham Əliyev deyib.
Daha sonra O, rayonda görülən işlərdən bəhs edib: “Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir...”
Xatırlatma
Fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonuna səfər edib.
Prezident İlham Əliyev əvvəlcə Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.
O daha sonra Beyləqan Olimpiya İdman Kompleksinin açılışına qatılıb və bu rayonda yeni inşa edilən hərbi hissədə olub.