Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Evsiz alim: 'Sosial ev'lər bizim son şansımız idi...'-media icmalı


arxiv foto
arxiv foto

Bu günkü media icmalında sosial evlərdən, ərzaq bazarındakı keyfiyətsizlik və 13 il əvvəl fəaliyyətə başlayan neft kəməri layihəsindən söz açılır.

“Bizimyol.info” çoxunun ev sahibi olmaq üçün son şans kimi baxdığı güzəştli mənzillərin satışı zamanı üzə çıxan problemlərdən yazır.

“Sosial ev”lər bizim son şansımız idi, sistemin çökməsi ümidlərimizi qırdı” sərlövhəli yazıda güzəştli mənzil almaq istəyən adamların şikayətləri yer alıb. Yazıda qeyd olunur i, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində 253 mənzili onlayn satışa çıxarıb. Güzəştli mənzil almaq üçün sistemdə qeydiyyatdan keçmiş Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev “bizimyol.info”-ya bildirir ki, aztəminatlı ailələrin “sosial ev”lərdən mənzil almasına süni şəkildə problem yaradılır, bundan başqa qurumun qurduğu sistem çökür:

“Böyük maliyyə vəsaitinin xərcləndiyi MİDA-nın sistemi iki dəfə aparılan mənzillərin satış prosesində çöküb. Seçimlərdə iştirak etsək də, sistemdə problem yarandığı üçün ev seçə bilmədik”.

Ə.Vəliyev iddia edir ki, MİDA-nın sərəncamında olan mənzilləri alan şəxslərin əksəriyyəti aztəminatlı ailələr deyil:

“Mən bir neçə dəfə kirayə mənzil elanlarında “sosial ev”lərə rast gəlmişəm. Həqiqətən “sosial ev”lər mənzilə ehtiyacı olan şəxslərə satılıbsa, niyə bəs mənzilləri kirayəyə verirlər? Onu da vurğulayım ki, dünyada “sosial ev”lərin nəğd hesablaşma formasında satılması təcrübəsi yoxdur”.

Ayda 300-400 manat maaş alan elmi işçi sual edir:

“Mən bu pulla nə vaxta ev ala bilərəm? Nəzərə alsaq ki, alimlərə dövlət tərəfindən ev verilmir, bizim ümidimiz “sosial ev”lərə idi. İki övladımla mən uzun illərdir kirayədə yaşayıram. Ümidlənmişdim ki, kirayəyə verdiyim pulu “sosial ev”lərdən alacağım mənzilə ödəyəcəm. Bu bizim sonuncu ümidimiz idi, həmin ümidimiz də öldü”.

“Yağı yağdan” necə ayıraq?

Kərə yağı
Kərə yağı

“Oxu.az” saytı “təmiz kərə yağı” probleminə toxunur və yazır ki, “Azərbaycan bazarındakı bu yağların 90 faizi saxtadır - sonumuz ola bilər”

Sayt yazır ki, hazırda Azərbaycanda 30 növdən çox kərə yağı satılır, amma bunlardan hansının “əsl, təmiz kərə yağı” olmasını müəyyən etmək problem kimi qalır. Qeyd olunur ki, yağ əhalinin ən çox istehlak etdiyi 10 qida məhsulundan biridir, minimum istehlak səbətinə il ərzində adambaşına yeddi kiloqram kərə yağı daxildir.

Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Qida mühəndisliyi və ekspertiza kafedrasının baş müəllimi Müşfiq Xəlilov tərkibində qatqı olan və kərə yağı adı altında satılan belə yağları təhlükəli sayır:

“Yağların əksəriyyəti süni şəkildə hazırlanır və bazarda satılan belə kərə yağlarının çoxunun qiyməti ucuz olur. Bu da insan orqanizminə ziyandır”.

İqtisadçı-ekspert Elşad Məmmədov bazardakı kərə yağlarının qiymətinin süni şəkildə şişirdildiyini iddia edir və bunu inhisarçılıqla əlaqələndirir.

“Bunun üçün bazarlarda atiinhisar siyasəti olmalıdır. Bu, sosial və iqtisadi cəhətdən strateji bir məsələdir.Yaxın müddət ərzində bu istiqamətlərdə kəskin şəkildə addımlar atılmalı və qərar verilməlidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçı üçün məlumat standartı olmadığından hər kəs istədiyi kimi qarışıq yağları kərə yağı adı ilə markalayır.

“Malın üzərinə inək şəkli vurulur və “təbii təmiz yağ” yazılır”.

E.Hüseynov iddia edir ki, camış yağı adı altında satılan yağların 90 faizi saxtadır, ona “heyvanın iç yağı qarışdırılır” və bu da sağlamlıq üçün təhlükəlidir.

Böyük layihələrə yol olan çığır -BTC

Arxiv foto
Arxiv foto

“Azərbaycan” qəzeti “BTC-dən başlanan yol geniş dəhlizlərə qovuşur” yazısında Bakı -Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin fəaliyyətə başlmasından ötən 13 illlik dövrü dəyərləndirir.

Məqalədə deyilir ki, 2006-cı il iyulun 13-də BTC əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsii “bu nəhəng layihənin qələbəsi” demək idi.

Daha sonra qeyd olunur ki, hər zaman BTC-nin gerçəkləşməsinə mane olmaq istəyən qüvvələr ortaya çıxıb və layihə Heydər Əliyevin “dərin zəkası, gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində ərsəyə gətirilib”.

Məqalədə bildirilir ki, BTC-nin özündən sonra neçə-neçə meqalayihəyə yol açmasını prezident İlham Əliyev də çıxışlarında vurğulayıb:

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axını təmin edir. Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik?...Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu olmasaydı, "Şahdəniz-2” də olmazdı. "Cənub qaz dəhlizi” - dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı...Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı”.

Qəzet sonda yazır:

“BTC-dən başlanan yol bu gün geniş dəhlizlərə qovuşur. Bu polad kəmər Azərbaycanı dünya ilə getdikcə daha sıx birləşdirir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG