Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

Alimlər sosial medianı niyə tərk edirlər


Təhqiqatçı
Təhqiqatçı

Britaniyanın "New Statesman" jurnalı son zamanlar get-gedə daha çox alimin sosial medianı tərk etməsi haqda yazır. Hər dəfə də ssenari eyni olur: onlar Twitter-də hər hansı bir müşahidələrini paylaşırlar, yaxud bir müsahibələrində öz sahələrinə aid hər hansı bir dəlili şərh edirlər. Kimsə etiraz edir, qəzəb yayılır. Alimlərin hesabı qəzəb burulğanına çevrilir. Onlar da təhqirdən yan keçmək üçün hesablarını bağlayırlar.

Elm sahəsində bu hallara tez-tez rast gəlinir. Ancaq ictimaiyyətlə danışmaq tədqiqatçıların işinin bir hissəsidir. Onların işini maliyyələşdirən qurumlar onlardan bunu gözləyir. Üstəlik, içində olduğumuz ictimai səhiyyə böhranı da bunu tələb edir. Ancaq bu söhbət heç də həmişə hamar keçmir. Hətta COVID tədqiqatçılarını istefa verməyə çağıranlar da olur. Bir mütəxəssisin sosial mediada özü haqda verdiyi məlumat sadəcə bu sözlərdən ibarətdir: "Mən bloklayıram". Bəs görəsən, işlər bu yerə qədər necə gəlib çıxıb?

İntiharlarla bağlı araşdırmanın yaratdığı reaksiya

Məqalənin müəllifi Luis Aplbi Mançester Universitetinin psixiatriya professorudur. Onun tədqiqat qrupu Britaniyanı əhatələyən intihar araşdırmaları üzrə ixtisaslaşıb. Ötən ilin noyabrında onlar İngiltərə üçün pandemiya zamanı intiharlarla bağlı ilk hesabatlarını dərc ediblər. Bütün gözləntilərə baxmayaraq, onlar intihar rəqəmlərində artım qeydə almayıblar. Aplbi bu nəticələri Twitter-də də paylaşıb.

"Növbəti həftə ərzində mən yüzlərlə qəzəbli tvit aldım: təhqir və bir neçə …hədə. Həmkarlarım çox təəccübləndilər: nə qədər olmasa, bizim nəticələrimiz yaxşı xəbər idi axı. Ancaq bəziləri üçün belə deyilmiş. Pandemiya dövründə intiharlar siyasi məsələyə çevrilib. Hər yeri qapanmanı suçlayan "intihar epidemiyası" iddiaları bürümüşdü. Bir tvit "200% artım" olduğunu yazmış və bir gündə 31 min dəfə paylaşılmışdı. Bizim nəticələrimiz isə onları narahat edirdi. Hücumlar COVID-i inkar edənlər, libertarianlar və vaksin əleyhdarlarından gəlirdi. Onlar deyirdilər ki, biz yanılırıq və, üstəlik, yanıldığımızı da bilirik. Bizim hansısa hiyləmiz var. Bir neçəsi bizim araşdırmada kobud səhvlərin olmasında israrlı idi", – müəllif yazır.

Savadsızlıq, yoxsa...

"Adam, sadəcə, çiynini çəkib yola davam etmək istəyir. Ancaq bu təhqiri yüngül qəbul etmək onu normallaşdırmaq deməkdir. Böhran zamanı müstəqilliyinə güvəndiyimiz alimlərin təhqir olunması isə heç vaxt normal sayılmamalıdır. Bəziləri bundan bezib gedir. Ancaq alimlər ictimai dialoqdan əllərini üzəndə meydan şarlatanlara qalır və itirən hamımız oluruq.

Buna "savadsızlıq" demək işi həddindən artıq sadələşdirməkdir. Alimlərə yönəlmiş ictimai qəzəb pandemiyanın gedişatını formalaşdırmağa qadir ictimai fenomendir və onu [araşdırıb] anlamağa ehtiyac var.

"Elita"ya nifrət yeni deyil. O, əsrlərlə populist liderlər üçün alət olub. Nisbətən yeni olan mütəxəssislərin sinikcəsinə alçaldılmasıdır. Bəziləri üçün mütəxəssis olmaq məsələdən xəbəri olmamaq, daha betəri güclülərdən pul aldığı üçün həqiqəti gizlətməkdir.

…Sosial mediadan qidalanan şübhə günümüzün ən üzdə olan siyasi qüvvələrindən birinə çevrilib".

İctimaiyyət anlamalıdır ki...

Müəllif daha sonra yazır ki, "klaviatura döyüşçüləri" əmindirlər ki, onların da öz fikirlərini bildirmək haqqı var. Mütəxəssis fikrinin 30 illik araşdırma və əməyə əsaslandığını deyir. Ancaq şübhənin dominant olduğu yerdə bu heç nəyi dəyişmir.

Üstəlik, Twitter-in verdiyi anonimlik imkanı aqressiya səviyyəsinin bütün sosial norma sərhədlərini aşmasına imkan verir. Halbuki heç bir fikir ayrılığı təhqir və ittihamlarla bitməli deyil.

Müəllifin fikrincə, ictimaiyyəti başa salmaq lazımdır ki, alimlər hökumətin təzyiqi, yaxud şirkətlərin maliyyəsindən asılı olmaya da bilər. İnsanlara izah edilməlidir ki, mütəxəssislər bir araşdırma sahəsində ixtisaslaşdıqları üçün o barədə danışa bilirlər və onların elmi dərəcələri, sadəcə, şəxsi fikir bildirmək üçün aksessuar deyil. "Pandemiya göstərdi ki, bu hamımızı kiçildir", – müəllif yazır.

"Ən əsası isə, ictimaiyyət anlamalıdır ki, alimlər hər kəsin inandığı şeyləri sorğulamalıdır. Bilik məhz bu yolla inkişaf edib insanlara fayda verir. Bunu dayandırmaq yox, təşviq etmək lazımdır", – məqalədə deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG