Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 19:55

Müsavatçının həbs müddəti 6 ay azaldılıb


Əlikram Xurşudov
Əlikram Xurşudov

Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun həbs cəzası azaldılıb. Bunu vəkil Osman Kazımov bildirib.

Onun sözlərinə görə, Əlikram Xurşudovun şikayətinə bu gün, avqustun 30-da Şirvan Apelyasiya Məhkəməsində baxılıb:

“Əlikram Xurşudovun cəza müddəti 5 ildən 4 il 6 aya endirildi. Hesab edirəm ki, bu addım həbsin siyasi motivli olmasını arxa plana keçirmək cəhdidir”.

Əlikram Xurşudov 2017-ci il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də isə məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.

221.2.2 maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə, digər şəxsə müqavimət göstərməklə törədildikdə tətbiq edilir.

221.2.3 maddədə isə söhbət silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdən gedir.

Yekunda ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.

Vəkilləri 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması hesab edirdilər.

Nəhayət, 2018-ci il mayın 4-də Şirvan Şəhər Məhkəməsində Müsavat Partiyası yerli təşkilatının sədri Əlikrtam Xurşudovun məhkəməsi olub və ona 5 il həbs cəzası verilib.

Müsavat Partiyası bəyanat verərək həbsin siyasi motivli olduğunu bildirib.

Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmirlər.

Müsavat Partiyası bundan əvvəl də bildirmişdi ki, Əlikram Xurşudov saxlanmazdan əvvəl özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Onlar həbsi Əlikram Xurşudovun tənqidi statusları ilə izah ediblər.

Hakim YAP haqqında bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir.

XS
SM
MD
LG