ABŞ Ali Məhkəməsi prezident Donald Trump administrasiyasının Rusiya təhqiqatı ilə bağlı müraciətinə baxmağa razılıq verib.
Administrasiya Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair təhqiqatın böyük jürinin ifadələrinə aid hissəsinin demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatasına açıqlanmamasını istəyir.
Ali Məhkəmə iyulun 2-də administrasiyanın keçmiş xüsusi prokuror Robert Mueller-in hesabatına daxil materialların açıqlanmasına dair aşağı məhkəmə instansiyasının qərarından şikayətinə baxmağa razılıq verib.
Aşağı instansiya məhkəməsi sözü gedən materialların Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə açıqlanmasına dair qərar qəbul edib.
Seçkiyə qədər açıqlanmayacaq
Trump administrasiyasının bu hüquqi addımı o deməkdir ki, demokratların istədikləri materiallar noyabrın 3-dən, yəni 2020-ci il seçkisindən əvvəl açıqlanmayacaq.
Donald Trump bu seçkidə ikinci müddətə prezident seçilmək istəyir.
Nümayəndələr Palatasının komitəsi bildirirdi ki, Trump və onun kampaniyasının Rusiya ilə iddia olunan əlaqələri məsələsini ayrıca araşdırmaq niyyətindədir.
Federal apellyasiya məhkəməsinin ötən mart ayında açıqlanmış qərarında deyilirdi ki, materiallar millət vəkillərinə verilməlidir, çünki komitənin materiala olan ehtiyacı Ədliyyə Nazirliyinin ifadələri məxfi saxlamaq marağından üstün tutulmalıdır.
Qara rənglə örtülmüş hissələr
2019-cu ilin aprelində açıqlanmış Mueller hesabatında Trump-ın davranışına hüquqi qiymət verilməmişdi.
Hesabatda Trump-ın seçki kampaniyası ilə Rusiya arasında çoxsaylı təmasların detalları açıqlanmış, amma bildirilmişdi ki, tərəflər arasında “cinayətkar sövdələşmənin” olduğuna dair qərar vermək üçün kifayət qədər dəlil tapılmayıb.
Bununla belə, hesabatın böyük jürinin ifadələri də daxil xeyli hissələri qara rənglə örtülmüşdü.
Xüsusi prokuror Mueller-in dediyinə görə davam edən başqa təhqiqatlara və üçüncü tərəflərin məxfiliyinə ziyan vura biləcək hissələr də məxfi saxlanıb.