Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:11

Ali Məhkəmə Oklahomanın bir hissəsini ‘hindu torpağı’ kimi tanıdı


Oklahomada yerli rahib dini ayin icra edərkən
Oklahomada yerli rahib dini ayin icra edərkən

ABŞ Ali Məhkəməsi Oklahoma ştatının böyük bir hissəsinin aborigen hindu qəbilələrin torpağı olmasını təsdiqləyən qərar qəbul edib.

Bu qərarın leyhinə Ali Məhkəmənin 9 hakimindən 5-i səs verib.

Bu ərazidə 2 milyona yaxın insan yaşayır. Məhkəmə hökmünə görə ştatın ikinci böyük şəhəri Tulsa da rezervasiya torpağına aid edilir.

Məhkəmənin hökmündən belə çıxır ki, etnik rezervasiyanın daxilində qəbilələrin öz məhkəmə sistemi olacaq.

ABŞ məhkəmələri bu ərazidə yerli adamlar tərəfindən törədilmiş cinayətlərə baxa bilməyəcəklər. Bundan başqa kiçik qanun pozuntuları üçün cəzaları da yerli məhkəmələr verəcək.

The Guardian yazır ki, daha ciddi cinayətlərlə bağlı işlərə əvvəllər olduğu kimi ABŞ-ın federal hakimləri baxacaqlar.

Lakin bundan sonra yerli məhkumlar federal məhkəmələrin hökmlərindən şikayət verə biləcəklər.

Yerli qəbilələrin nümayəndələri bildirirlər ki, ABŞ-ın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəklər.

Deb Haaland Amerikanın ilk iki aborigen amerikalı millət vəkilindən biridir
Deb Haaland Amerikanın ilk iki aborigen amerikalı millət vəkilindən biridir

Jimcy McGirt məntiqi

Ali Məhkəmənin bu qəribə qərarı Jimcy McGirt işi kimi tanınan prosesin hökmünə əsaslanır.

Hazırda onun 71 yaşı var. 1997-ci ildə onu dörd yaşlı qızı zorlamaqda ittiham etmişdilər.

Bu məsələ barəsində ABŞ Ali Məhkəməsinə 2019-cu ildə apellyasiya ilə müraciət edən McGirt diqqəti belə bir məqama çəkmişdi ki, hələ 19-cu əsrdə bir neçə yerli hindu qəbiləsi zorla öz yerlərindən çıxarılaraq indi Oklahoma ştatı kimi tanınan məkana köçürülüb.

Həmin vaxt ABŞ-ın federal hökuməti vəd etmişdi ki, indiki Oklahomanın şərq hissəsi hindulara rezervasiya kimi veriləcək və bu ərazi “tam suverenliyə” malik olacaq. Lakin hökumət bu vədinə əməl etməmişdi.

McGirt-in məntiqindən belə çıxırdı ki, o, cinayəti faktiki olaraq ABŞ ərazisində törətməyib.

ABŞ Ali Məhkəməsi son qərarında McGirt-in mülahizələrini qəbul edərək onun xeyrinə hökm çıxarıb.

Beləliklə, McGirt-ə qarşı ittihama xitam verilib. Lakin buna baxmayaraq McGirt təqsirsiziliyini isbata çalışmayıb və sadəcə olaraq bildirib ki, indi onun işinə federal məhkəmə baxa bilər.

Ekspertlər bildirirlər ki, bütün bunlar McGirt-in həbsxanadan azad olunması ilə nəticələnməyəcək.

Yeri gəlmişkən deyilməlidir ki, Ali Məhkəmənin baş katibi John Roberts özünün xüsusi rəyində bu hökmün ştatın məhkəmələrində qarışıqlıq salacağını qeyd edib.

Prezident Donald Trump Neil Gorsuch-u Ali Məhkəmə hakimliyinə nominasiya edərkən
Prezident Donald Trump Neil Gorsuch-u Ali Məhkəmə hakimliyinə nominasiya edərkən

“Göz yaşları yolunun” sonundakı vəd

Buna baxmayaraq hökm mətninin müəllifi, Ali Məhkəmənin hakimlərindən biri - Neil Gorsuch bildirib ki, Oklahoma prokurorları bu məsələyə baxa bilməzdilər. O yazdığı hökmdə hinduların zorla köçürülməsinə də işarə edir. O vaxt Amerika hindularının Oklahomaya köçürüldükləri yol “Göz yaşları yolu” kimi tanınırdı:

“Bu göz yaşları yolunun uzaq sonunda vəd vardı. Corciya və Alabama ştatındakı ata-baba yurdlarından zorla köçürülən Krik xalqına zəmanət verilmişdi ki, onlar yeni köçdükləri yerdə tam əmin-amanlığa qovuşaqlar...”

Hökmün əleyhinə olanlar bildirirdilər ki, qərar indiyədək çıxarılmış yüzlərlə hökmün üstündən xətt çəkə bilər.

Hakim Gorsuch bu etirazlara cavab olaraq bildirib ki, “hökm sabahı proqnoz edə bilməz, amma bugün qanunun tələbini yerinə yetirməlidir”.

Oklahoma ştatının üç prokurorunun verdiyi nikbin bəyanatda deyilir ki, bundan sonra “qəbilə, dövlət, yerli və federal hüquq-mühafizə sistemləri əlbir işləyəcək və ictimaiyyətin təhlükəsizliyini təmin edəcəklər”.

"Dünya dağılmayıb"

Krik qəbiləsinin nümayəndəsi Jonodev Chaudhuri də narahatlıqları rədd edib və bildirib ki, bu hökmlə “dünya dağılmayıb və söhbət bir ovuc cinayət törətmiş aborigen amerikalıldan gedir”.

O əlavə edib ki, hökm torpaq sahibliyini dəyişmir və qeyri-hindulara şamil edilməyəcək.

Bununla belə hindu tayfa nümayəndələrinin fikrincə, hökm hər halda Oklahomanın hindulara aid hissəsində səhiyyə, təhsil və infrastruktur kimi məsələlərdə bir sıra dəyişikliklər yaradacaq.

Bu hökmün ardınca Muskogi (Krik), Çeroki, Çikaso, Çokto və Seminol qəbilələri hər hansı mübahisəli hüquqi məsələləri federal hökumətlə birlikdə çözəcəklərini vəd edən bəyanat veriblər.

XS
SM
MD
LG