Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Ali Məhkəmə Nardaran hadisələrinə görə 154 illik cəzanı təsdiqlədi


Nardaran məhbusları
Nardaran məhbusları

Nardaran hadisələrinə görə həbs olunub ümumilikdə 154 il 6 aylıq cəzaya məhkum edilmiş daha 12 nəfərin işindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq. Bu barədə AzadlıqRadiosuna Nardaran məhbuslarının yaxınları bildirib.

Bu iş üzrə ölkədaxili hüquqi müdafiə vasitələri tükəndi. Yanvarın 8-də Ali Məhkəmə «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov da daxil, 12 nəfərin kassasiya şikayətinə baxıb və aşağı instansiya məhkəmələrinin çıxardığı hökm-qərarlar qüvvədə saxlanıb.

Məhkəmədə təqsirləndirilən 12 nəfərdən yalnız İsa İbrahimov iştirak edib. Dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama və başqa maddələrlə onlara verilmiş ittihamların hamısının yalan, əsassız olduğunu deyən ilahiyyatçı bildirib ki, Nardaran hadisələri baş verəndə o, heç Azərbaycanda olmayıb. Onu ziyarətdən qayıdarkən sərhəddə saxlayıb birbaşa polis idarəsinə aparıblar: «Bu ittihamların mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur».

İ.İbrahimov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Ardınca vəkillər çıxış edərək cinayət işinin materiallarındakı ziddiyyətlərdən, təqsirləndirilən şəxslərə verilən işgəncələrdən danışıblar. Bildiriblər ki, Nardaran məhbuslarına fiziki və mənəvi işgəncələr altında dindirmə protokollarına imza atdırılıb. Ona görə də, həmin ifadələr mötəbər sübut sayıla bilməz.

Müdafiəçilərin sözlərinə görə, ilahiyyatçı E.Qasımov 2015-ci il noyabrın 5-də axşam saatlarında evinə qayıdarkən onu gözləyən iki polis saxlayaraq şöbəyə gətirib. Ona polisə müqavimət suçlamasıyla 30 sutka inzibati həbs cəzası verilib. Yəni, noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin ölümünə səbəb olmuş əməliyyat zamanı E.Qasımov həbsdə idi. Lakin həmin olaylardan sonra E.Qasımovun haqqında cinayət işi başlanıb, ona qarşı 10-dan artıq ağır cinayət maddələri ilə ittiham irəli sürülüb.

Vəkillər E.Qasımov da daxil, təqsirləndirilən şəxslərin hamısının günahsız olduğunu bildirib və bəraətverici əsaslarla onların haqqındakı cinayət işinə xitam verilməsini xahiş edib.

Hakimlər qısa müşavirədən sonra kassasiya şikayətlərinin təmin olunmadığını, Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan edib. Apellyasiya Məhkəməsi də öz növbəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı. Həmin hökmə əsasən, Elçin QasımovAğaəli Yəhyayevin hər birinə 15 il, Nahid Qəhrəmanova 13 il, İsa İbrahimov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seyfəddin Şirvanovun hər birinə 12 il 6 ay, Əli Şahbazov, Seymur Aslanov, Ramil ƏliyevƏmirəli Əliyevə isə 12 il 3 ay həbs cəzası kəsilib.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı E.Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG