İyunun 24-də Bakının Maştağa qəsbəsindəki Mədəniyyət evində keçirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayında Əli Kərimli yenidən partiyanın sədri seçilib.
250 nəfər nümayəndənin iştirak etdiyi qurultayda partiya sədri gizli səsvermə yolu ilə seçilib.
Partiyadan verilən məlumata görə, qurultay həmçinin 7 nəfər Nəzarət-Təftiş Komissiyasının üzvünü seçib və yerli təşkilatların irəli sürdüyü 63 nəfəri Ali Məclis üzvü kimi təsdiq edib.
“Qurultayın sənədləri “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək”, AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Təzəxan Mirələmili Azadlıq Radiosuna deyib.
Əli Kərimli 2001-ci ildən AXCP-nin sədridir. Partiyanın bundan öncəki qurultayı 2015-ci ildə keçirilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Xalq Cəbhəsinin bazasında 1995-ci ildə qurulub və elə həmin il sentyabrın 1-də rəsmi qeydiyyata alınıb.
Bu partiyanın lideri Əbülfəz Elçibəy 1992-1993-cü illərdə ölkə Prezidenti olub.
Əli Kərimli 1965-ci ildə Saatlı rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. AXC hakimiyyəti dövründə Azərbaycan Respublikasının Dövlət katibi (01.05.1993–7.07.1993), Milli Məclisinin I, II və III çağırış deputatı olub.