Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Ekspert: Əli Kərimlinin qısa həbsi hakimiyyətdaxili çəkişmədən xəbər verir


Xəyanətdə ittiham olunan əsgər anaları Prezident Administrasiyası önündə
Gözlə

No media source currently available

0:00 0:14:29 0:00

Xəyanətdə ittiham olunan əsgər anaları Prezident Administrasiyası önündə

Sadəcə “Şəhidlər Xiyabanı”nı ziyarət istəyi, yoxsa icazəsiz yürüş-mitinqə cəhd? Bu həftəsonu AXCP ətrafında baş verənlərə müxalifət bir ad qoydu, iqtidar başqa. Bəs əslində nə baş verir? Müxalifət liderlərindən birinin qısa müddətə olsa belə həbsi nəyin göstəricisidir və bu, indiki məqamda kimə nə qazandırdı?

Noyabrın 17-i saxlananların arasında olan, amma elə həmin gün sərbəst buraxılan Milli Şura sədri Cəmil Həsənliyə görə, polisin dinc şəkildə Şəhidlər Xiyabanını ziyarətə gedən siyasi fəallara qarşı kobud və qanunsuz davranışı, hakimiyyətin ağılsız hərəkətidir:

“Çünki hakimiyyətin ətrafında dairə kiçilir, daralır, ölkənin içərisində hakimiyyətə nifrət birmənalı formada pik həddə çatıb, beynəlxalq aləmdə də bunların ətrafında dairə daralır, Pilatus bank, Kamal Öksüzün həbsi, Norveç səfirliyinin bağlanması, Landramatın yeni epizodlarının açılması – bütün bunlarla bağlı məsələlər genişlənir. Britaniya Milli Cinayət Agentliyi də elan etdi ki, 140-a qədər iş araşdırılacaq, bunların içərisində Azərbaycan prezidentinin övladlarının da adları var, yəni bunu eşitmək son dərəcə həqarətli şeydir və dairə daraldıqca bunlar da ağıllarını itirirlər, əsəbləşirlər, əsəblərini cilovlaya bilmirlər və bütün bunlar belə ağılsız addımlara gətirib çıxarır”.

AC\mil Həsənli
AC\mil Həsənli

Cəmil Həsənli deyir ki, bu addım hakimiyyətin onsuz da kölgə altında olan beynəlxalq imicini bir qədər də zəiflətdi. Bu fikirlə siyasi şərhçi Azər Rəşidoğlu da razılaşır və deyir ki, əslində müxalifət liderinin bu şəkildə saxlanıb, 48 saat sonra sərbəst buraxılması onu göstərdi ki, onun saxlanması ilə bağlı hakimiyyət daxilində bir razılığa gəlinməyib:

“Bu onu göstərir ki, hakimiyyətdaxili münasibətlər daha da gərginləşib və açıq savaş halına çatıb. Qrupun biri digərinin beynəlxalq imicini korlamaq üçün belə amillərdən istifadə edir. Belə uydurma, xüsusən də beynəlxalq ictimai rəy tərəfindən qəbul edilə bilinməyəcək maddə ilə müxalifət liderlərindən birinin saxlanması əlbəttə ki, beynəlxal imicə zərbə idi. Saxlanılıbsa bunun ardı gəlməli idi, gəlmədisə hakimiyyətin qətiyyətli obrazı darmadağın olundu, digər tərəfdən beynəlxalq imic məsələsi xeyli laxladı. Güman edirəm ki, bununla iş bitmədi. Yaxın zamanlarda istər Əli Kərimli, istərsə də digər müxalifət liderləri barədə cinayət işi qaldırıla bilər”.

Müxəlifətin həmrəyliyi problemi

Bəs, AXCP-çilərin polislə üz-üzə gəlməsi, lider də başda olmaqla onlarla fəalin saxlanması müxalifətin özü ilə bağlı hansı həqiqətləri üzə çıxardı? Hakimiyyətin müxalifətlə bağlı bir narahatlığı varmı?

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, bir müxalifət liderinin 48 saat olsa belə həbsdə qalması həm də müxalifətlə bağlı mənzərəni bir daha ortaya qoydu:

“Belə bir mif də darmadağın olundu ki, hansısa müxalifət lideri həbs olunarsa, 100 minlərlə insan meydana çıxar və hakimiyyəti devirə bilər. Leyla Yunusun həbsində də belə oldu, Xədicə İsmayılın həbsində də belə oldu, indi Əli Kərimlinin də, sadəcə bir neçə 100 adamın çıxdığını gördük. İnsanlar bu monolit siyasətdən, hakimiyyətin apardığı bu mənasız, savadsız, qeyri-ardıcı siyasətdən beziblər, digər tərəfdən müxalifətin də heç bir ev tapşırığı yoxdur və bu kimi gözlənməz hallara hazırlıqlı deyil. Əslində bütün bunlar nəyin göstəricisidir - Azərbaycan siyasəti tam böhran içindədir. Nə hakimiyyət idarə edə bilir, nə müxalifət ona cavab verə bilir”.

Azər Rəşidoğluna görə, ölkədə yeni müxalifətin meydana çıxma şansı da çox azdır, çünki müxalif düşüncəli insanlar maliyyə resurslarından məhrum ediliblər. Bəs siyasi fəaliyyətin içində olmayan bir seçiciyə, vətəndaşa bu mənzərə kənardan necə görünür?

AzadlıqRadiosunun bu barədə suallarına Bakı sakinləri cavab veriblər:

Sizcə Azərbaycanda siyasi fəaliyyət üçün müxalif partiyalarına yaradılan şərait nə qədər əlverişlidir?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

İlqar Məmmədov: Müxalifətin tənqiqi hakimiyyətin ürəyindəndir

AXCP ilə bağlı baş verən sözü gedən olayı pisləyən, bunu onların azadlıq haqlarının kobud şəkildə pozulması kimi dəyərləndirən REAL partiyasının sədri İlqar Məmmədovsa ölkədə müxalifətin də böhran içində olması fikri ilə razılaşmır.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov deyir ki, siyasi partiyalar, məqamlar arasında fərq qoymadan səsləndirilən bu cür statik baxışlar nəticə etibarilə hakimiyyətin təbliğatına xidmət edir. Hakimiyyətsə konkret son AXCP olayına insan hüquq və azadlıqları, sərbəst toplaşma azadlığı kontekstində baxmağın əleyhinədir.

AZƏRTAC-a açıqlamasında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq icazəsiz aksiyanın qarşısını alıblar:

“Bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”.

Azərbaycan insan hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşma azadlığının olmamasına görə əksər beynəlxalq hesabatlarda da tənqid olunur. Məsələn, Freedom House-un “2018-ci ildə Dünyada Azadlıq” hesabatında Azərbaycan “azad olmayan” ölkələr kateqoriyasına salınıb.

Rəsmi Bakı isə bir qayda olaraq bu cür hesabatları qərəzli sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG