Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:20

Gəncə hadisələrinin iki qlobal səbəbi


N.Cəfərli
N.Cəfərli

«Gəncə hadisələrinin baş verməsinin iki qlobal səbəbi var». Bunu Gəncə hadisələri haqda danışan REAL Partiyasının icra katibi Natiq Cəfərli deyir. Onun sözlərinə görə, bu səbəblərdən biri «cəmiyyətdə mövcud olan ədalətsizlikdir», yəni vətəndaş hər addımbaşı ədalətsizliklə üz-üzə qalır və haqqını əldə edə bilmir.

İkinci səbəbsə, təhsilin səviyyəsinin aşağı düşməsidir: «Təhsilsizlik olan yerdə, təhsil səviyyəsi aşağı olan məkanda ortaya qaragüruh çıxır və neçə ildir ki, bu barədə ölkə müxalifəti xəbərdarlıq edir. Amma bu xəbərdarlıqları dinləyən olmadı».

N.Cəfərli hesab edir ki, belə qaragüruh qüvvələrin ortaya çıxdığı vaxt sekulyar və sivil toplumun əhatə dairəsi məhdudlaşır və «elə bu səbəblər də Gəncə hadisələrini törədib».

Lokal səbəblərə gəlincə, N.Cəfərli bu barədə informasiya qıtlığı olduğundan fikir söyləyə bilmir. Amma əlavə edir ki, iki zabitin qətlə yetirilməsi olduqca pis hadisədir.

Z.Əlizadə
Z.Əlizadə

Politoloq: «Özünü damdan, körpüdən atanlar artıq başqalarına zərər vururlar»

«Bu, pis idarəçiliyin nəticə və göstəricisidir. Belə vəziyyəti sovet rejiminin son vaxtlarında görmüşdük». Politoloq Zərdüşt Əlizadə iyulun 3-də və 10-da Gəncədə baş verən hadisələrin səbəblərini belə izah edir.

O deyir ki, hakimiyyət artıq xalqla danışmağı bacarmır, əks əlaqə yoxdur, güc strukturları isə əks əlaqə mənbəyi ola bilməz.

«Vətəndaş, xalq nə etsin, ədalətsizliklə üzləşir, işsizliklə üzləşir. Odur ki, problem həllini tapa bilməyəndə artıb ciddi narazılığa dönür. Məhkəmələrə gedir problemini həll edə bilmir», - politoloq hadisələrin mənbələri barədə belə deyir.

Z.Əlizadəyə görə, bu hadisələrin ölkədə gəlirlərin ədalətsiz bölünməsiylə də əlaqəsi var: «Müəllim, həkim 18-20 saat işləyir 250-300 manat maaş alır, bir məmur isə 6 ay və ya bir ildən sonra milyonluq villa tikir, 100 min manatlıq maaş alır. Həm də məlum deyil ki, hansı xidmətinə görə?..».

Politoloqun qənaətincə, Azərbaycanda problemlərinin həll olunmaması üzündən insanlar diqqət cəlb edə bilmək üçün bir müddət özlərini körpüdən, damdan atmaq, özünü yandırmaq kimi nümayişkaranə hallara əl atdılar: «Amma artıq başqalarına zərər vururlar».

Politoloq hesab edir ki, çıxış yolu hakimiyyətin xalqa, vətəndaşa münasibətdə mövcud siyasəti dəyişməsindən keçir, əks əlaqə yaranmalıdır, problemlər həll edilməlidir.

Ə.Kərimli
Ə.Kərimli

Əli Kərimli Gəncə olayları barədə: «Müəmmalar həddən artıq çoxdur»

«Nəinki müxalifət, heç Gəncədə etiraza gələn sadə insanlar da istəməzdi ki, polis polkovnikləri öldürülsün. Bu, Azərbaycan cəmiyyətinin istədiyi yol deyil. Bu, təxribatdır. Mən təxribatları pisləyirəm» - AXCP sədri Əli Kərimli iyulun 10-da Gəncədə baş verənlər haqda AzadlıqRadiosuna danışarkən belə söyləyir.

Amma müxalifət lideri məlumat qıtlığı ucbatından və müstəqil media orda olmadığından hadisələri şərh etməkdə çətinlik çəkdiyini bildirir: «Hansısa təxribatlar baş verir, açığı. Məlumat azdır. Bilmirəm bu təxribatı törədən kimlərdir. Amma müəmmalar həddən artıq çoxdur. Açıq-aşkar Gəncədə təxribat baş verir. Ölkədəki siyasi mübarizəni dinc müstəvidən çıxarmağa cəhdlər var».

Müəmma nədədir? AXCP sədri deyir: «Əvvəldən bilinirdi ki, bu günə orda mitinq təyin olunub. Baxmayaraq ki, müxalifət iştirak etməyəcəyini bildirmişdi. Amma xeyli sosial şəbəkə fəalı bu mitinqə dəstək verəcəyini ifadə etmişdi. Polis də hazırlığını görmüşdü. Ona görə çox müəmmalıdır ki, cəmi 100-200 nəfərin qatıldığı etiraz aksiyasında iki polis polkovniki kəsici-deşici alətlə necə öldürülüb?».

Ə.Kərimli baş verənlərə görə təəssüfləndiyini bildirir və ölən hər iki polisi «çirkli oyunların qurbanı» sayır.

Xatırlatma

DİN iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrupun Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərdiyini, bu zaman iki polis polkovnikinin öldürüldüyü haqda məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovdur.

Məlumatda 40 nəfərin saxlandığı, asayişin tam bərpa edildiyi bildirilir.

Baş Prokurorluqda cinayət işi başlanılıb.

İyulun 3-də Gəncənin icra başçısı və bir polis serjantına sui-qəsd olub. Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o, terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Y.Səfərov yerli telekanallara sui-qəsdi törətdiyini etiraf etsə də, digər iddialar haqda heç nə deməyib.

Sui-qəsd cəhdindən bir qədər sonra iyulun 10-da Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə çağırışlar yayılıb. Amma mitinqin nə səbəbdən, hansı qüvvə tərəfindən keçirildiyi bəlli deyildi.

XS
SM
MD
LG