Britaniya xarici kəşfiyyatının rəhbəri Kremlə xəbərdarlıq edərək onu pensiyada olan keçmiş ikili agentə kimyəvi maddə ilə hücumun ardınca Qərbin qüvvəsini “qədərincə qiymətləndirməməkdən” çəkinməyə çağırıb.
MI6 kimi tanınan Məxfi Kəşfiyyat Xidmətinin (SIS) başçısı Alex Younger bu bəyanatı dekabrın 3-də çox nadir çıxışlarından biri zamanı verib. O bildirib ki, Rusiya Britaniya və Qərblə “daimi qarşıdurma” vəziyyətindədir.
Britaniya Rusiyanı keçmiş ikili agent Sergei Skripal və onun qızı Yulia-nın Noviçok adlı hərbi təyinatlı kimyəvi maddə ilə zəhərləməkdə ittiham edir.
Rusiya bu hücumun arxasında onun casuslarının dayandığını dəfələrlə inkar edib və Britaniya kəşfiyyat orqanlarını “anti-Rusiya qaraqışqırığında” günahlandırıb.
Ötən iyun ayında daha iki Britaniya vətəndaşı Noviçok maddəsi ilə təmasda olmuş və onlardan biri, Dawn Sturgess vəfat etmişdi.
Şotlandiyadakı St. Andrews Universitetində tələbələr qarşısında çıxış edən Younger deyib ki, Rusiya Britaniya torpağında “hərbi təyinatlı kimyəvi silahdan” istifadə edib:
"Bizim niyyətimiz budur ki, Rusiya dövləti belə fəaliyyətin onun fikrincə gətirdiyi bütün mənfəətlərə baxmayaraq gedilən riskə dəymədiyini dərk etsin”.
Younger Rusiyaya və “bizim həyat tərzimizi dəyişmək niyyətində” olan başqa ölkələrə “bizim və müttəfiqlərimizin qətiyyət və qabiliyyətini lazımınca qiymətləndirməməkdən” çəkinməyə çağırıb.
Younger bunu da qeyd edib ki, Solsberi şəhərində Noviçokdan istifadənin ardınca Britaniya və onun müttəfiqlərinin Rusiya diplomatlarını qovması Rusiya kəşfiyyatının imkanlarını azaldıb:
“Rusiya dövləti ölkəmizi stabilsizləşdirmək istəsə də, biz Rusiyanın sabitliyini pozmaq istəmirik. Biz eskalasiya axtarmırıq”.
Rusiyanın Londondakı səfirliyi Younger-in “əsassız iddialarını” rədd edib və bildirib ki, məqsəd Brityaniya cəmiyyətində “saxta qorxu və inamsızlıq ab-havasının” yaradılmasıdır:
"Əslində Rusiya ilə daimi qarşıdurmada olan və bu təşəbbüsdə bulunan rəsmi London-un özüdür”.
MI6 başçısı habelə Britaniya kəşfiyyatının özünü İslam Dövləti adlandıran təşkilatın çoxsaylı qəsdlərinin qarşısını aldığını deyib. O bildirib ki, London, ölkənin Avropa İttifaqını tərk etmək qərarına baxmayaraq terror təhlükəsinin qarşısını almaqda bundan sonra da avropalı həmkarları ilə iş birliyində olacaq.
Bu arada, ötən həftə Britaniyanın müdafiə naziri Gavin Williamson ictimaiyyəti şübhəli hesab etdikləri adamlar barədə məlumat verməyə çağırmışdı. Bundan əvvəl Rusiya dövlət telekanalının çəkliliş qrupu son dərəcə məxfi hərbi obyektin yaxınlığında saxlanmışdı.
Williamson oktyabr ayında Rusiyanı “xatakar dövlət” adlandırmış və demişdi ki, Moskvanın “məsuliyyətsiz və düşüncəsiz” hücumları onun beynəlxalq icmada təcrid olunmasına gətirib çıxarıb.
Bundan bir ay əvvəl mətbuata müsahibələrindən birində Britaniya ordusunun baş komandanı general Mark Carleton-Smith Rusiyanın Britaniya üçün İslam Dövləti kimi islamçı terror təşkilatlarından daha böyük təhlükə təşkil etdiyini demişdi.