Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:35

'Qafqazda özünütənqid səviyyəsi çox aşağıdır' - Rusiyalı rejissor


Aleksandr Sokurov
Aleksandr Sokurov

Rejissor Aleksandr Sokurov Berlində «kino aləminə unikal töhfələrinə görə» Avropa Kino Akademiyasının mükafatına layiq görülüb. CurrentTime.TV Berlində onunla söhbət edib.

Rejissor özünün Kabardin-Balkardakı yaradıcılıq emalatxanasının işindən danışıb, hazırda Rusiyanın mədəniyyət dünyasında baş verən hadisələrə münasibətini açıqlayıb.

«Qafqazda artıq ağsaqqal mədəniyyəti yoxdur»

Sokurov bir neçə il Qafqazda, Berbekov adına Kabardin-Balkar Dövlət Universitetinin Kino və televiziya rejissorluğu kafedrasında çalışıb. 2017-ci ilin yayında tələbəsi Kantemir Balaqovun «Darısqallıq» filmi Kann kinofestivalının «Xüsusi baxış» proqramında FIPRESSI mükafatına layiq görülüb. Ancaq Sokurovun sözlərinə görə, bu gün Rusiyada çox az adam hazırkı Qafqazın nə demək olduğunu anlayır və regionun problemlərindən danışmağa cəsarət edir.

«Biz Rusiyada Qafqazın nə demək olduğunu bilmirik. Qafqazın qapalı, sirli, qeyri-səmimi, davranışınınsa səthi olması ilə bağlı bir çox təəssüratlar və fikirlər yanlışdır.

Qafqazda artıq ağsaqqal mədəniyyəti, valideynlərə itaət, nəsillər arasında infrastruktur münasibətləri və s. yoxdur. Sovet hökuməti vaxtı bunlar olsa da, müasir Rusiyada yoxdur.

Yeni dövrdə Qafqaz azadlıq əldə etsə də, ondan istədiyi kimi yararlanmaq imkanı yoxdur. Yararlananlar da bilirik necə yararlanır. Bu region Rusiyanın bir hissəsi deyil. Hələlik, orada əsl hərtərəfli milli inkişaf yoxdur.

Mən həmişə emalatxanamda tələbələrə deyirəm ki, gəlin, yalnız insani münasibətlər, həssaslıq haqqında film çəkək. ...Açılın. ...Qafqazda orada baş verənlər haqda kənardan gələn fikirlərə isterikcəsinə həssas yanaşırlar. Orada özünütənqid qabiliyyətinin səviyyəsi çox aşağıdır...

...Mən hər zaman öz tələbələrimə deyirəm: rus mədəniyyətinə, rus yazıçılarına, bəstəkarlarına baxın. Görün onlar rus xalqının bütün çatışmazlıqlarını necə açıb ortaya qoyublar, ona necə kənardan baxa biliblər. Baxın və öyrənin.

Mən bilirəm ki, Qafqazda çoxları Rusiya Federasiyası ilə vidalaşmağa hazırdır. Mən bunu bilirəm və gənclərə deyirəm: «Əgər ruslar və rus mədəniyyəti artıq sizə lazım deyilsə, heç olmasa, onun milli xarakterin vəziyyətinə sağlam və dərindən dalmaq qabiliyyətinə baxın»», - o deyir.

Tətiyə basmaq

«Mən tələbələrimə heç bəlkə Peterburqdakı tələbələrə göstərməyə cəsarət etmədiyim şeyləri göstərmişəm. Biz hər şeyi təhlil etmişik: insan bədəninin davranışını, emosiyaların vəziyyətini, utanc hissini... Bir sözlə, çox vacib olan şeyləri.

Biz onlarla orduya getmişik, səngərlərdə oturmuşuq, bütün silah növlərindən atəş açmışıq. Mən istəyirdim ki, onlar poladın soyuqluğunu, avtomatın, tapançanın çəkisini hiss etsinlər. Həm qızlar, həm də oğlanlar «Kalaşnikov»dan atəş açıblar, anlayıblar ki, tətiyə basmaq nə deməkdir.

Özünü hansısa mədəniyyətlə bağlamağa can atan insan bu incə psixoloji məsələləri nə qədər tez anlamağa başlasa, gələcəkdə onlardan daha incə və daha ehtiyatlı istifadə edəcək. ...Həm sözdə, həm də əməldə, ekranda göstərməklə, yaxud özü silahdan istifadə etməklə...

Silaha bu əxlaqi yanaşma, bu rakurs onların başında olacaq. Biz bunu onlarla müzakirə etmişik. Hisslərdən də danışmışıq. İnsanın ilk dəfə əlinə silah almasından, ilk atəşdən sonra özünü necə hiss etməsindən danışmışıq», – Sokurov deyir.

Rejissor hesab edir ki, hazırda Rusiyada baş verənlər müstəsna hal deyil:

«Təəssüf ki, bu, demokratiyanın bizim Rusiyada yaşamaqda olduğumuz mərhələsinə uyğundur. Bu, təkamülün bir nümunəsidir. Bütün bunları təkamül yolu ilə dəyişdirmək üçün nə etməliyik? Çünki dəyişikliklərdən sonra da eyni rus adamları qalacaq. Tutalım Navalnı, ya da bir başqası hakimiyyətə gəldi - siz kiminlə işləyəcəksiniz? Elə həmin adamlarla. Ömür boyu xristianlığı və kilsəni lənətləyən kommunistlər birdən-birə inanclı olublar. Bu nə deməkdir? Ona görə də, təəssüf ki, bu, təkamül prosesidir, vaxt keçməlidir. Bununla barışmaq adamı qorxudur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG