Birləşmiş Ştatlar AzadAvropa/AzadlıqRadiosunun müxbiri Aleh Hruzdziloviçin azadlığa buraxılmasını alqışlayıb. Belarus hakimiyyəti onun antihökumət etirazlarında iştirak etdiyini deyərək 18 aylıq həbs cəzası kəsmişdi. Əslində isə Hruzdziloviç nümayişləri akkreditəli jurnalist kimi işıqlandırmışdı.
Dövlət Departamentinin sözçüsü Ned Prays sentyabrın 25-də Hruzdziloviç və digər siyasi məhbusların buraxılmasını Belarus hakimiyyətinin “düzgün istiqamətdə addımı” adlandırıb, ancaq bunun davamının gəlməsini vacib saydığını deyib.
“Xeyli sayda siyasi məhbus...”
“Belarusda xeyli sayda siyasi məhbus həbsdədir. Bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz buraxılmasına çağırırıq”, – Prays bəyanatında vurğulayıb.
Hruzdziloviç həbsdən buraxılandan sonra həyat yoldaşı Mariana ilə birlikdə sentyabrın 21-də Litvaya gedib.
AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly) jurnalistin həbsini “qanunsuz” adlandırmışdı, azadlığa buraxılmasını alqışlayıb. Hruzdziloviç 1990-cı illərdən AzadlıqRadiosunun insan haqları üzrə müxbiri kimi çalışıb.
“Aleh yanlış olaraq həbsdə yatdığı müddəti bir daha ailəsi ilə keçirə bilməyəcək, onun yenidən həyat yoldaşına və digər sevdiklərinə qoşulmasından hədsiz sevincliyəm”, – Flay vurğulayıb.
Radionun daha iki əməkdaşı Belarusda həbsdədir
Flay AzadlıqRadiosunun həbsdə olan konsultantı və bloger İhar Losik və sərbəst müxbiri Andrey Kuzneçikin də “dərhal buraxılmasına” çağırıb.
Hruzdziloviç mayın əvvəlində məhkum edilib, ona 56 min rubl ($16,600) cərimə də kəsilib. Jurnalist 2020-ci il prezident seçkisinin nəticələrinə etiraz aksiyalarında iştirakda təqsirləndirilib. Həmin il avtoritar lider Alyaksandr Lukaşenkanın altıncı müddətə prezident elan olunmasına ölkə boyunca etirazlar amansızlıqla yatırdılıb.
Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını, səsverməni müxalifətin namizədi Svetlana Tixanovskayanın qazandığını bildirir.