Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:24

'AlbalıKart' sahiblərinə güzəşt olacaqmı


Bank kartları
Bank kartları

«Əhaliyə evdən bayıra çıxmaq qadağan olunub, bunlar 5 manatdan ötrü səhər tezdən zəng eləyiblər. «AlbalıKart»a görə təxminən 80 manat kreditim var. Aylıq 5 və ya 6 manat ödəyirəm. Bu ayın ödənişini tələb eləyirlər ki, mütləq ödə...», – Bakı sakini, 65-yaşlı Həbibə Məmmədova gileylənir.

Deyir ki, eşitdiyinə görə, bir çox ölkələrdə banklar koronavirusla əlaqədar yaranmış vəziyyətə görə kredit ödəyən vətəndaşlara güzəşt edib, ödənişləri bir müddətlik təxirə salıb: «Bizdəkilər isə adamları başa düşmək istəmirlər. İş yerləri bağlanıb, maaşlar kəsilib, adamlar necə ödəsin?».

Bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdən Gürcüstan, Türkiyə bankları müştərilərinə kredit ödənişləriylə bağlı bir neçə aylıq güzəşt qərarı veriblər. Hətta «Paşabank»ın Gürcüstan bölməsi də koronavirusla əlaqədar yaranmış şəraiti nəzərə alıb, oradakı müştərilərinə ödəniş üçün üç ay vaxt verib. Bu güzəşt bütün növ kredit alan müştərilərə aiddir.

Fors-major hal

Azərbaycanda isə hələ ki, nə «Paşabank»dan, nə də digər banklardan belə bir təşəbbüs var. Bu istiqamətdə hansısa addımlar gözlənilirmi? Azərbaycan Banklar Assosiasiyasından AzadlıqRadiosunun bu barədə sualını cavablandıran olmadı. Banklardan da açıqlama almaq mümkün olmayıb.

Bir sıra qurumların, o cümlədən bankların müştərilərlə müqavilələrində fors-major hallarla bağlı ayrıca müddəa olur. Fors major – öncədən nəzərdə tutulmayan səbəblər üzündən öhdəliyi yerinə yetirməməyə görə məsuliyyətdən azad olmağa imkan verən şərtdir.

Vəkil Mehman Muradlı deyir ki, epidemiyanın yayılması da fors-major hal sayılır. Azərbaycan Konstitusiyasının 112-ci maddəsinə görə, ölkədə fövqəladə vəziyyətin tətbiqi üçün əsaslardan biri də epidemiyanın yayılmasıdır.

M.Muradlı
M.Muradlı

«İndiki vəziyyətdə bankların borcludan kreditin geri tələb etməsi, əks halda, faiz və cərimə hesablaması həm yerli, həm də beynəlxalq qanunvericiliyə ziddir. Faktiki fors-major vəziyyət yaranıb. Adamlar gözlənilmədən epidemiyanın yayılmasına görə iş yerlərini itiriblər. Bununla həm də onlar özlərindən asılı olmadan ödəmə qabiliyyətlərini itiriblər. Bankların özləri də fors-major hallara görə sığortalıdırlar. Azərbaycanda fəaliyyət göstərən banklar da böyük beynəlxalq sığorta şirkətləri tərəfindən sığortalanıblar. İndiki halda kreditlərin ödənilməməsi nəticəsində banklar ziyana düşsə belə, sığortaçı onların ziyanını ödəyəcək», – M.Muradlı belə deyir.

Vəkil yada salır ki, Mülki Məcəllənin 422.1-ci maddəsi də şəraitin gözlənilmədən, kəskin dəyişməsinə görə müqavilənin dəyişməsi, yaxud ləğvini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin bu maddənin şərhi barədə 7 sentyabr 2018-ci il tarixli qərarı var.

«Tərəflər onu qabaqcadan görə bilməzdilər»

«Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni, şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər», - Konstitusiya Məhkəməsinin qərarında yazılıb.

M.Muradlı vurğulayır ki, üç ay öncə kimsə bütün dünyada belə bir virusun yayılacağını, o cümlədən Azərbaycanda da iş yerlərinin bağlanmasına gətirib çıxaracağını proqnozlaşdıra bilməzdi. Ona görə də, indiki durum «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi» kimi qiymətləndirilməli, müqavilələrə dəyişiklik edilməlidir.

Q.İbrahimli
Q.İbrahimli

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli də bu fikirdədir ki, banklar bütün növ kreditlərin ödənişində müştərilərə güzəşt etməlidir. Amma iqtisadçı-ekspert hesab edir ki, bu məsələdə banklar dövlətin dəstəyi ilə hansısa addım ata bilər: «Bütün bankların imkanları eyni deyil. Bu baxımdan, indiki durumda məsuliyyət də hökumətin üzərinə düşür. Təbii ki, yaranmış böhrana görə problemli kreditlər də artacaq. Ziyanı da dövlət və banklar birgə qaydada həll etməlidir. Hələlik, banklar bu məsələdə susqundur, məncə hökumətin reaksiyasını gözləyirlər. Təəssüf ki, hökumətdən də hələ ki, mövqe yoxdur».

Dövlət dəstəyi planlaşdırılır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a dövlətin krediti olanlara dəstəyinin planlaşdırıldığını deyir. Onun sözlərinə görə, hazırda 15.5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6.1 milyard manatı isə özəl sektora verilib:


«Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə - ticarət və xidmət sektoruna 2.4 milyard manat, nəqliyyat və rabitə sektoruna 1.2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8.8 faiz və fiziki şəxslər üzrə 16.6 faiz təşkil edir. Eyni zamanda, yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək».

Ekspert Q.İbrahimli isə hesab edir ki, dövlət ziyana düşən kredit ödəyicilərinə dəstək verərkən təkcə sahibkarlıq subyektlərini, şirkətləri yox, sıravi vətəndaşları da mütləq nəzərə almalıdır.

Azərbaycanda fəaliyyət göstərən banklar kredit ödənişlərində güzəştlər tətbiq etməsələr də, Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük həcmdə vəsaitlər köçürüblər. Məsələn, Beynəlxalq Bank 2 milyon, «KapitalBank», «XalqBank» və «Paşabank»ın hər biri yarım milyon, «AccessBank» 250 min manat, «UniBank» 220 min, «Əmrahbank» və «Bank Respublika»nın hərəsi 200 min, «Bank BTB», «EkspressBank», «Bank of Baku», «RabitəBank» hər biri 150 min, «Azəriqazbank», «Azərtürkbank», «Turanbank» və «Günaybank» 100 min manat.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG