Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Keçmiş prezidentin ‘intihar məktubu’ oxunub


Perunun keçmiş prezidenti Alan Garcia
Perunun keçmiş prezidenti Alan Garcia

Perunun keçmiş prezidenti Alan Garcia-nın intihardan əvvəl məktub yazdığı xəbər verilib.

Reuters agentliyi bildirir ki, ailəsinin iddiasına görə Garcia bu məktubda özünü siyasi düşmənlərinin qarşısında alçalmamaqdan ötrü öıdürdüyünü yazıb.

Garcia aprelin 17-də polis onu həbs etmək üçün evinə gələndə güllə ilə vurub.

O Braziliyanın Odebrecht tikinti şirkətindən rüşvət almaqda ittiham edilirdi və polis onu bu ittihamla bağlı həbs etməliydi.

Odebrecht şirkəti bütün Cənubi Amerika boyunca böyük korrupsiya qalmaqalına səbəb olub. Garcia-dan başqa bu şirkətdən rüşvət almaqda daha üç keçmiş Peru prezidenti ittiham olunur.

Garcia intihardan əvvəl ona qarşı ittihamların siyasi qisas olduğunu bəyan etmişdi.

Reuters bildirir ki, intihar məktubunun Garcia tərəfindən yazılması müstəqil mənbə tərəfindən hələlik təsdiq edilməsə də, Garcia-nın qızı Luciana Garcia bu məktubu atasının APRA partiyasının keçirdiyi xatirə mərasimində oxuyub.

“Mən alçaldılmağıma yol verməyəcəyəm. Mən başqalarının qandallı şəkildə ortalıqda gəzdirilməsinin, miskin bir həyata düçar edildiyinin şahidi olmuşam. Lakin Alan Garcia-nın bu ədalətsizliklərin iztirabını çəkməsinə ehtiyac yoxdur”.

İddia edilən məktubda daha sonra deyilir:

“Bu səbəbdən də övladlarıma qərarlarımın ləyaqətliyini qoyub gedirəm. Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”.

Reuters yazır ki, bu məktub Odebrecht təhqiqatının Perunun və bütün Latın Amerikasının siyasi həyatında necə dərin bir parçalanma yarandığını nümayiş etdirir.

Odebrecht işini aparan Peru prokurorları bildiriblər ki, onlar Garcia-nın həbsi üçün əsas verən kifayət qədər dəlil toplaya biliblər. Lakin Garcia sağlığında ona qarşı ittihamların heç birini qəbul etməyib və istintaqın siyasi motivli olduğunu söyləyib.

Garcia-nın məktubunda daha sonra deyilir:

“Əksəriyyətin inandığı bu şayiələr və niftrət zəmanəsində…mən bu istintaqlardan həqiqətin üzə çıxarılması üçün yox, adamların alçaldılması üçün istifadə edildiyini çox görmüşəm”.

Bu təhqiqatın aparılmasına sərəncam vermiş Peru prezidenti Martin Vizcarra mərhumun ailəsinə onun üçün keçmiş prezident kimi dövlət dəfninin keçirilməsini təklif edib.

Lakin Garcia ailəsi Vizcarra-nın təklifini rədd edib və bildirib ki, keçmiş prezidentin dəfn mərasimində yalnız onun ailə üzvləri və ən yaxın dostları iştirak edəcəklər.

Siyasi şərhçilər bildirirlər ki, Garcia-nın intiharı Vizcarra hökuməti ilə əksəriyyətini sağ təmayüllü siyasilər təşkil edən parlament arasında qarşıdurmanı daha da gücləndirəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG