Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

İD liderinin dənizdə ‘dəfn’ edildiyi xəbər verilir


İraqlı gənclər son xəbərlərə baxırlar
İraqlı gənclər son xəbərlərə baxırlar

İslam Dövləti ekstremist təşkilatının oktyabrın 26-da Suriyada öldürülmüş lideri Abu Bakr al-Baghdadi-nin cəsədinin dənizdə “dəfn” olunduğu xəbər verilir.

Bu barədə məlumatı Pentaqonun iki nümayəndəsinə istinadən CNN kanalı yayıb.

Al-Baghdadi ötən şənbə günü Suriya-Türkiyə sərhədinin yaxınlığında keçirilən xüsusi əməliyyatın gedişində öldürülüb.

Oktyabrın 27-də ABŞ milli təhlükəsizlik müşaviri Robert O’Brian NBC telekanalına demişdi ki, al-Baghdadi də 2011-ci ildə öldürülmüş Osama bin Laden kimi dənizdə dəfn olunacaq.

Bundan məqsəd terrorçu liderlərin məzarlarının sonradan ziyarətgaha çevrilməsinin qarşısını almaqdır.

Oktyabrın 28-də prezident Donald Trump xüsusi əməliyyatdan çəkilmiş videonun məxfiliyinin qaldırılacağını və onun ictimaiyyətə göstəriləcəyini vəd etmişdi.

Trump özünün Twitter hesabında əməliyyatda iştirak etmiş itin fotosunu paylaşıb:

ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark A. Milley brifinqdə deyib ki, əməliyyatın foto və videoları hazırda məxfisizləşdirmə prosesindən keçir və bu prosedur bir neçə günə başa çatacaq.

Oktyabrın 28-də al-Baghdadi-nin öldürülməsi əməliyyatının yeni detalları məlum olub.

Xəbər verilir ki, kürdlərin Suriya Demokratik Qüvvələrinin informatoru xüsusi əməliyyatdan əvvəl İD liderinin paltarının bir parçasını və qan nümunəsini əldə edə bilmişdi.

CNN xəbər verir ki, al-Baghdadi-nin şəxsiyyəti bununla müəyyənləşdirilib.

Milley-nin sözlərinə görə Amerika xüsusi təyinatlıları bu əməliyyat zamanı iki nəfəri diri tuta biliblər. Onların kimliyi hələlik açıqlanmır.

Qısa məlumat

Abu Bakr al-Baghdadi 1971-ci ildə İraqın Samarra şəhərində doğulub. İlahiyyat təhsili alıb.

O 2004-cü ildə ABŞ-a qarşı qəsd hazırlamaqda şübhəli kimi amerikalılar tərəfindən həbs edilmişdi.

Baghdadi azad edildikdən sonra məxfi fəaliyyət göstərən cihadçılara qoşulmuş və onlara başçılıq etmişdi.

O 2014-cü ildə özünü bütün müsəlmanların lideri və ya xəlifə elan etmişdi.

Onun başçılığı altında İslam Dövləti ekstremist təşkilatı İraq və Suriyada böyük ərazilər zəbt etmiş, bu ərazilərdə çox sayda qəddar cinayət və terror aktları törətmişdi.

Baghdadi-ni kim ələ verib?

İD liderinin indiyədək necə ələ keçməməyi bacardığına dair informasiyanı İraq kəşfiyyat orqanlarına Baghdadi-nin əsas köməkçilərindən birinin açdığı deyilir.

Söhbət Türkiyə hakimiyyət orqanları tərəfindən həbs edilmiş və İraq tərəfinə təslim edilmiş Ismail Alwaan al-Ithawi-dən gedir.

Reuters-in məlumatına görə Ismail Alwaan al-Ithawi bildirmişdi ki, Baghdadi bəzən özünün ən mühüm danışıqlarını hərəkət edən mikroavtobuslarda keçirir. Şübhə yaratmamaq üçün mikroavtobusa tərəvəz yüklənirdi.

Bu arada Baghdadi-nin öldürüldüyü yeri göstərən video açıqlanıb:

The New York Times yazır ki, al-Baghdadi-nin izinə düşülməsinə onun hansısa qasidinin və İD liderinin arvadlarından birinin verdiyi ifadələr imkan yaradıb.

Qəzet ABŞ administrasiyasındakı iki mənbəyə istinadən bildirib ki, bu adamlar ötən yayda dindirilib.

Nəticədə al-Baghdadi-nin şimal-qərbi Suriyanın mərkəzi hissəsində gizləndiyi məlum olub.

Bunun ardınca ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, habelə İraq və Suriyadakı kürd kəşfiyyatı İD liderinin daha dəqiq məkanını müəyyənləşdirə bilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG