►Hüquqşünas banklardan palataya şikayət etdi
“Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) bankların yol verdiyi qanun pozuntuları barədə məktub göndərmişəm”.
Bunu AzadlıqRadiosuna açıqlamasında hüquqşünas, bank məsələləri eksperti Əkrəm Həsənov deyib.
“Kapital tələbinin pozulması bankın ləğvindən ötrü əsasdır”
Ekspert əlavə edib ki, palataya illik hesabatını dərc etməyən 8, rüblük hesabatını açıqlamayan 25 bankın siyahısını təqdim edib:
“Hesabatlarını dərc edən bankların belə heç biri bu sənədləri saytlarında yerləşdirmə tarixini göstərməyib. Bütün bunlar qanun pozuntusudur”.
Buna da bax: Bloomberg: “Azərbaycan valyuta böhranı məngənəsində”
O, həmçinin bildirib ki, hesabatını açıqlamış 2 bank məcmu kapital tələbini (50 milyon manat) pozur:
“Bank VTB-də (Azərbaycan) – 19,315 milyon manat və NBC Bank-da 36,425 milyon manatdır. 6 bankın hesabatında məcmu kapitalın miqdarı, ümumiyyətlə, göstərilməyib: XalqBank, Rabitəbank, Pakistan Milli Bankının Bakı filialı, Bank Melli İran Bakı filialı, Günay Bank və Bank Silk Way. Kapital tələbinin pozulması bankın ləğvindən ötrü əsasdır”.
“İctimaiyyətdə yanlış təsəvvür yaradırlar”
Ə.Həsənov qeyd edib ki, hesabatlarını açıqlamış 8 bankın xalis aktivlərinin dəyəri (cəmi kapitalı) nizamnamə kapitalından azdır:
“Bu problem Bank VTB (Azərbaycan), AzərTürkBank Bank BTB, XalqBank, NBC Bank, Rabitəbank, Turanbank, Günay Bankda var. Mülki Məcəllənin 103.5-ci maddəsinə əsasən, həmin banklar nizamnamə kapitalını xalis aktivlərinin dəyərinədək azaltmalıdır. Lakin indiyədək bunu etməyiblər və həqiqi vəziyyətləri haqda ictimaiyyətdə yanlış təsəvvür yaradırlar. Guya kapitalları yüksəkdir”.
Buna da bax: Neft Fondu niyə yaradıldı, nəyə istifadə olundu
Ekspert bildirir ki, “Rabitəbank”ın illik hesabatı ilə saytındakı rüblük hesabatı arasında uyğunsuzluq var:
“Məsələn, illik hesabatda cəmi kapital 41,358 milyon manat, rüblük hesabatda isə 58,479 milyon manat göstərilib. Bu bank ictimaiyyətdə və müştəriləri arasında özü haqda yanlış təsəvvür yaratmaq istəyib”.
Palata tapşırıq verib
Adıçəkilən banklardan birinin adının açıqlanmasını istəməyən əməkdaşı AzadlıqRadiosuna bildirib ki, palata da artıq bu istiqamətdə hərəkətə keçib. Ötən həftə bank rəhbərləri ilə görüşən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı onlara tapşırıb ki, maliyyə hesabatlarını qanuna uyğun açıqlasınlar, əks halda cəzalandırılacaqlar.
Palatadan AzadlıqRadiosuna bildirilib ki, bankın fəaliyyətini və maliyyə durumunu əks etdirən maliyyə hesabatları və digər məlumatların açıqlanması tələblərinə əməl olunması ilə bağlı banklara tapşırıqlar verilib.