Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

'Akkord'dan maaş tələb edənlər işsiz qaldı


"Akkord"un Maşınqayırma Zavodunda gərginlik - fəhlələr maaş tələb edir
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

«Çağırdılar, elə bildik bayrama görə maaşlarımızı verməyə çağırırlar. Getdik, hərəmizə bir bildiriş verdilər, dedilər, şirkət daha sizinlə işləmək istəmir».

Bunu AzadlıqRadiosuna «Akkord» Sənaye-Tikinti İnvestisiya Korporasiyasının Mingəçevir Maşınqayırma Zavodunun qaynaqçısı Səxavət Nəsibov deyir.

«MƏHZ MƏSƏLƏNİ İCTİMAİLƏŞDİRDİYİNİZƏ GÖRƏ...»

Ötən həftə onlarla fəhlə maaş tələbi ilə zavodun ofisinin qarşısına toplaşıb. Əslində aylardır ki, pulsuz işləyən fəhlələr tez-tez maaş tələbiylə buraya yığışır. Ancaq bu dəfə bir qədər fərqli olub. Fəhlələr narazılıqlarını videoçəkiliş vasitəsilə bildiriblər və çəkilişi AzadlıqRadiosuna göndərərək yayımlanmasını xahiş ediblər. Onların deməsinə görə, şirkət rəhbərliyində qıcıq yaradan da bu olub. Şirkət rəhbərliyi təşkilatçı hesab etdiyi, həmçinin radionun saytında müsahibəsi dərc olunan S.Nəsibovu və başqa bir fəhləni işdən çıxarıb.

***Buna da bax-'Akkord'un zavodunda gərginlik - fəhlələr maaş tələb edir [Video]

Səxavət Nəsibov:

«Məni və iş yoldaşım Rasim Cabbarovu konkret işdən uzaqlaşdırdılar. Biz maaş gözləyirdik, çünki sizin sayta da şirkətdən demişdilər ki, Qurban bayramınadək fəhlələrin maaşları ödəniləcək. Düzü, zəng vurub dəvət edəndə sevindik, ancaq zavoda çatanda məlum oldu ki. bizimlə müqaviləni pozmağa çağırıblar. Halbuki, müqavilənin vaxtı sentyabrın 6-da bitir. Bizə xəbərdarlıq bildirişi verdilər və həmin andan zavoda girişimizi qadağan etdilər. Açıq şəkildə dedilər ki, məhz etirazımızı bildirdiyimizə və ictimailəşdirdiyimizə görə şirkət bizimlə işləmək istəmir. Bayrama görə maaş vədlərini də yerinə yetirmədilər. Maaşlarımızı ödəmədilər».

Zavodun S.Nəsibova bir, başqa fəhlələrə isə bir aydan 7 ayadək maaş borcu yığılıb. Fəhlələr dəfələrlə maaş tələbi ilə toplaşsalar da, zavod rəhbərliyi hər dəfə «bu gün»-«sabah» deməklə fəhlələri aylardır ki, süründürür.

FƏHLƏLƏR YENƏ ƏLİBOŞ QAYIDIBLAR

Avqustun 28-də fəhlələr növbəti dəfə toplaşıblar və baş verənləri çəkib radioya göndəriblər.

***Buna da bax-'Akkord'dan tələb

«Burdakı fəhlələrin hərəsinin evində həll etməli olduğu xirtdəyəcən problemi var. Əlili, xəstəsi, qocası, uşağı olan var. Aylardır ki, işıqpulu, supulu, qazpulu yığılıb, ödəyə bilmirəm. Hər gün zavoddan çıxıb evə gedəndə ailəmin üzünə baxa bilmirəm. Bu şirkətin yalnız baş ofisində çalışanlar vaxtında maaşlarını alırlar. Hər bir şirkət fəhlənin, sürücünün çiyinləri üzərində dayanır. Fəhlə olmasa, o ofisdə oturan köynəyi ütülü oğlanlara da ehtiyac olmaz». Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə fəhlələr demişdi.

«Akkord» Sənaye-Tikinti İnvestisiya Korporasiyasının baş ofisindən «Qaynar xətt»ə bildirilmişdi ki, Qurban bayramınadək – sentyabrın 1-dək fəhlələrin maaşları ödəniləcək. Lakin fəhlələrin deməsinə görə, şirkət yenə yalan danışıb və maaş üçün zavodun qarşısına toplaşan fəhlələri ailələrinin yanına növbəti dəfə əliboş göndərib.

Bu dəfə «Akkord»un baş ofisindən məsələyə münasibət bildirilmədi.

XATIRLATMA

«Akkord»un Mingəçevir Maşınqayırma Zavodu metal konstruksiya və bütün növ metal məhsulların istehsalı və satışı ilə məşğuldur.

Son aylar «Akkord»un, demək olar ki, bütün müəssisələrində və baş ofisində maaşların aylarla gecikməsi ilə bağlı narazılıqlar var. Bununla bağlı AzadlıqRadiosunun «Qaynar xətt»inə tez-tez şikayətlər daxil olur.

2000-ci illərin əvvəlində yaradılan «Akkord» şirkəti son üç-dörd ilədək ölkənin ən iri və genişmiqyaslı tikinti layihələrini həyata keçirən şirkətlərdən olub. Lakin hələ maliyyə böhranı yaşanmadığı vaxtlarda da bu şirkətin tikinti və istehsal müəssisələrində maaşlarla bağlı fəhlə narazılıqları olub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG