Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Çovdarovun zərərçəkmişi ona ömürlük həbs verilməsini tələb edir


Akif Çovdarov
Akif Çovdarov

MTN işi üzrə zərərçəkmişlər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin rəhbəri olmuş general Akif Çovdarova 12 il həbs cəzası verilməsindən narazı qalıblar. Onlar Çovdarovun ömürlük azadlıqdan məhrum edilməsini istəyirlər.

Zərərçəkmişlərdən Salman Səfərov deyir ki, hökmdən verdikləri apellyasiya şikayətində də bu tələbi yazıblar.

S.Səfərov «8-ci kilometr bazarı» kimi tanınan ticarət mərkəzinin sahibi olub. Cinayət işinin materiallarına görə, Səfərov qardaşlarını MTN-ə gətirib, orada təzyiqlə bazarı əllərindən alıblar. Son nəticədə bazarın səhmlərinin 50 faizi A.Çovdarovun qızı Aidə Qasımovanın, qalan yarısı da o vaxt milli təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

***Buna da bax-MTN işi: '8-ci km bazarı' qardaşlardan necə alınıb

33 MİLYON NECƏ QAZANILIB

Çovdarov və MTN-də onun tabeliyində işləmiş üç nəfər (polkovnik Səlim Məmmədov, Akif Əliyev Orxan Osmanov) haqqında məhkəmənin yekununda həmin bazarın dövlətin balansına keçməsinə qərar verildi. Bu da zərərçəkmiş Səfərov qardaşlarını narazı salıb. Onlar bazarın özlərinə qaytarılmasını tələb edirlər.

S.Səfərov Çovdarova quldurluq ittihamı üzrə bəraət verilməsinə də etiraz edir. Deyir ki, bir tərəfdən Çovdarovun quldurluq yolu ilə 33 milyon manat əldə etdiyi göstərilir, o biri tərəfdən quldurluq ittihamına xitam verilir:

«Biz ona quldurluq maddəsi ilə də cəza verilməsini istəyirik».

MTN generalının cəzasının ağırlaşdırılmasını istəyən zərərçəkmişlərin tələbi təkcə Çovdarovun ömürlük həbsi deyil. Səfərov qardaşları H.Əsədovun da cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.

«Bazar bizim əlimizdən Eldar Mahmudovun göstərişi ilə alınıb. Bu məsələdə Hilal Əsədovun da birbaşa əli var. O, illərlə bazarın 50 faizinə sahib olub, amma indi məsuliyyətdən kənarda qalıb. Biz onun da məsuliyyətə cəlb olunmasını istəyirik. Apellyasiya şikayətimizdə bunu da yazmışıq. Fakt budur ki, Akif Çovdarovla Hilal Əsədov bazarı öz aralarında bölüblər», – S.Səfərov bildirib.

***Buna da bax-'8-ci kilometr bazarı' Çovdarovun qızına necə verilib

Zərərçəkmişin sözlərinə görə, prokurorluq onlara dəymiş maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat hesablayıb. Amma məhkəmə onların nə mülki iddiasını təmin edib, nə də bazarın qaytarılmasına qərar verib.

XATIRLATMA

A.Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə A.Çovdarova 12 il, S.Məmmədova 11 il, A.Əliyevə 5 il, O.Osmanova isə 4 il həbs cəzası verilib. Həmçinin, onların hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar çıxarılıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG